Yuliya Maruşevskaya: Biz iki cəbhədə müharibə aparırıq, birincisi, ölkənin içində korrupsiya ilə, ikincisi ölkənin şərqində Rusiya ilə
Ukraynanın Odessa şəhərində toplaşmış müxtəlif ölkələrdən olan jurnalistlərlə qrup işi zamanı Odessanın Gömrük rəisi, 26 yaşlı xanım Yuliya Maruşevskaya ilə söhbət imkanımız oldu. Odessa portu, gənc gömrük rəisinin fəaliyyəti barədə özündən, portda çalışan işçilərdən və müxtəlif mənbələrdən məlumatlar topladıq.
Maydanda ulduzlaşan gənc ukraynalı
Kiyev əsilli
Yuliya Maruşevskaya
Ukraynada baş tutan Avromaydan hərəkatında “Mən Ukraynalıyam”
videosu
ilə məşhurlaşıb. Həmin videoda Yuliya dünyaya səslənərək deyir: “Biz burada avtoritar rejimlərlə, korrupsiya ilə mübarizə aparırıq, xahiş edirik bizə kömək edin”. Video dünyada məşhurlaşdıqdan sonra Rusiyanın təbliğini aparan media və televiziyalarda Yuliyanın Amerika agenti olduğu təbliğatı başlayır. Amerikanın nüfuzlu Stanford Universitetində magistr təhsili aldıqdan sonra Kiyevdə doktoranturaya başlayan gənc aktivist, Maydan hərəkatı zamanı universitetdə dərs də deyirmiş. O, mitinqlərə tələbələri və ailəsi ilə qatıldığını söyləyir.
Panamada yolları kəsişən iki liderin yolu Maydanda ayrılır
Bir neçə ay bundan əvvəl dünya gündəmini alt-üst edən, yüzlərlə yüksək vəzifəlinin adı hallanan jurnalist araşdırmaları üzə çıxdı. Həmin sənədlərdə Ukrayna prezidenti
Petro Poroşenko
və Azərbaycan prezidenti
İlham Əliyevin
də adları hallanırdı. Bəs bu iki prezident
Maydan hadisələri
barədə nə düşünür? Onlardan biri Avropadan uzanan əli çıxış yolu kimi, digəri isə çirkli əl kimi görür.
Ukraynada hər il Avromaydan hərəkatı yad edilir, həmin gün Ukraynada “Ləyaqət və Azadlıq Günü” kimi qeyd edilir və təşkil olunan mitinqlərə prezident Petro Poroşenko da qatılır. Prezident Avromaydan mitinqlərinin birində çıxışı zamanı “Biz texniki şərtləri yerinə yetirdik və vizasız rejimlə bağlı Avropa Birliyinin qərarını gözləyirik” kimi ifadə də
işlətmişdi.
İlham Əliyevin fikirləri isə həmkarının fikirləri ilə ziddiyyət təşkil edir. O, Maydan hadisələri haqqında sərt
danışmışdı:
“Azərbaycanda “Maydan hərəkatı” yaratmaq istəyənlər gəncləri bu işə sövq etsələr də, onların çirkin əməlləri ifşa olunub. Azərbaycanda sabitlik, inkişaf, normal həyat davam edir. Biz ölkəmizi bu bəlalardan qorumuşuq, bizə qarşı uzanan o çirkli əlləri kəsmişik və bundan sonra da ölkəmizi qoruyacağıq, xalqımızın inamlı inkişafını təmin edəcəyik”.
Maydan aktivistliyindən hökumət nümayəndəliyinə gedən yol
Mixail Saakaşvili Odessa qubernatoru təyin olunduqdan sonra şəhər idarəçiliyinə gənc və istedadlı gəncləri toplamağa başlayır. Təbii ki, Maydanda ulduzu parıldayan gənc Yuliyanı görməzlikdən gəlmir. Gənc aktivist Maydan hərəkatından sonra dünyanın nüfuzlu universitetlərində həm də treninqlər keçirdi. Və beləliklə, gənc aktivisti Odessanın idarəçilik sistemində vəzifəyə təyin edir. Bir neçə ayda xeyli iş görməyi bacaran Maruşevskaya mərkəzi hökumətin diqqətini cəlb edir və onu Ukraynanın ən böyük dəniz limanı olan şəhərin, Odessanın gömrük rəisi təyin edirlər. Təqdimetmə mərasimində prezident Poroşenko da iştirak edir.
Həm Saakaşvili, həm də Maruşevskaya Ukrayna mərkəzi hökuməti tərəfindən elə də sevilmir. Çünki Saakaşvili yüksək vəzifəli məmurlarla korrupsiyaya qarşı müharibəyə girib. Yulianın isə vəzifəyə gəldikdən sonrakı devizi
“Növbəti nəsil”
şüarı olub. Buna görə də gənc məmuru, Kiyevdə oturan qoca məmurların sevməsi gözlənilən deyildi.
Dəyişikliyin mümkün olduğu Ukrayna gömrüyü və dəyişikliyə yer olmayan Azərbaycan gömrüyü
20 ildən artıq müddətdir Azərbaycanın gömrük orqanlarında çalışan Aksiz Gömrük İdarəsinin rəisi general-mayor Ehtiram Xəlilovun adı dəfələrlə mətbuatda və jurnalist araşdırmalarında
qaçaqmalçılıq,
büdcəni külli miqdarda talama, ölkəyə aksizsiz malları qanunsuz soxmaqla dövlət büdcəsinə getməli olan pulun
qarşısını alma
, ölkə ərazisində ictimaiyyətə məxsus hektarlarla meşə sahəsi və gölü zəbt etməklə “Çərəkə Turizm Mərkəzi” adlı obyekt
inşa etməkdə
hallanıb. Onun kimi məmurların fonunda Azərbaycan gömrük orqanları korrupsiya çirkabında batır. Süründürməçilik Azərbaycan gömrüyünün ən başlıca xüsusiyyəti halına gəlib. Gürcüstan gömrüyünü 5 dəqiqəyə keçdiyiniz halda, Azərbaycan gömrüyündə saatlarla ləngiyə bilirsiniz. Gömrük-keçid məntəqələrindən tonlarla narkotik keçir, Gürcüstan polisi saxlayır, bu, Azərbaycan gömrükçülərinin gözündən “yayınır”, amma müstəqil jurnalist fəaliyyətlərinə görə jurnalistlər gömrük keçid məntəqələrində saxlanılır, çıxışına qadağa olduğu bildirilir, polis bölmələrinə təhvil verilir.
Adıçəkilən generalla bağlı Aksiz Gömrük İdarəsi ilə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz baş tutmadı. Gömrük Komitəsinin mətbuat xidməti isə sualımızı cavabsız qoyub, dəstəyi asdı.
Maruşevskaya: Maydan hadisələri vaxtı düşünürdük ki, xəyalımızdakı dəyişikliyi etsək, hər şey düzələcək
Bir ilə yaxın müddətdir Ukraynanın ən böyük gömrük idarəsinin rəisi təyin olunan 26 yaşlı Yuliya Maruşevskaya bildirir ki, Odessa gömrüyü ölkənin ən çox korrupsiya olan gömrüyü olub, burada hər şeyə görə pul istəyirdilər:
“Əgər sizin güclü iradəniz varsa, korrupsiya ilə mübarizə apara bilərsiniz. Biz Maydan hadisələri vaxtı düşünürdük ki, xəyalımızdakı dəyişikliyi etsək, hər şey düzələcək. Amma indi başa düşürəm ki, biz çox çalışmalıyıq və korrupsiya ilə müharibəyə girmək böyük işdir”.
Odessa dəniz limanı Ukraynanın ən böyük limanıdır və orda hər ay 40 milyon dollardan artıq pul yerli mafia, idarəçilər və siyasətçilər tərəfindən oğurlanır. Maruşevskaya deyir:
“Mən vəzifəyə gələndən sonra gömrük üçün daha şəffaf, şüşələrlə çevrili olan yeni binanın tikintisinə başladıq. Gömrük sistemini elektron sistemə keçirdik, artıq onminlərlə tonluq mallarla gələn tankerlər belə bir neçə saata sənədləşmə işlərini şəffaf şəkildə apara bilirlər. Bu, bizim üçün çətin oldu, çünki mərkəzi hökumət keçmişdə qalıb, biz isə gələcəyə getmək istəyirik. Bu, bir növ keçmişdəkilərlə gələcəkdəkilərin müharibəsidir”.
Yerli media orqanları və hökumətdəki yenilikçi qüvvələr Odessa gömrüyündə baş verən dəyişiklikləri heyrətlə izləyirlər. Dünyanın müxtəlif böyük media orqanları 26 yaşlı gömrük rəisinin necə işlədiyini çəkmək üçün Odessa portuna gəlirlər.
Odessa portunda gəzdiyimiz zaman işçilərlə söhbətləşmə imkanı yarandı. Portda bələdçilik edən şəxs portda baş verən dəyişikliklərdən bəhs etdi. Portun ərazisində hərbi strateji məntəqələr də olduğu üçün bəzi yerlərdə çəkilişə icazə verilmədiyindən həmin məqamları yazıya köçürdük. İşçilər deyir ki, Yuliya gələndən sonra bütün rəhbərlik dəyişdi. O, cavanlardan ibarət idarə heyəti qurdu. İşçilərlə dost kimi davranan Yuliya daima portun ərazisində və gömrük idarəsində işə özü nəzarət edir.
Maruşevskayanın timsalında ukraynalıların Rusiya ilə müharibəsi
Maydan hərəkatında baş tutan qərbyönümlü dəyişiklikdən sonra Rusiya meyilli qüvvələr narahat olmağa başladılar. Və bu narahatçılıq Ukraynanın şərqinə Rusiyadan seperatçı yaraqlıların girməsi ilə nəticələndi. 2014-cü ilin aprelindən Ukraynanın şərqinə soxulan rusiyameyilli seperatçılarla Ukrayna qoşunu arasında Donbass müharibəsi baş tutur. Putin nə qədər də Rusiyanın Ukraynanın şərqində gedən böhranda tərəf olmadığını bildirsə də, Rusiyanın seperatçılara açıq dəstəkləri mediada həmişə yazılır. Hətta çıxışlarının birində prezident Poroşenko “Rusiyanın təcavüzü nəticəsində 2 min hərbçimiz şəhid olub” cümləsini də işlətmişdi. Ukraynalılar seperatçılarla hələ də müharibə aparır. Ara-ara dayanan atışmalar, hərdən kəskin xarakter almağa başlayır. Yuliya deyir ki, biz iki cəbhədə müharibə aparırıq, birincisi, ölkənin içində korrupsiya ilə, ikincisi ölkənin şərqində Rusiya ilə. Yuliya həmçinin bölgədəki Putin propaqandası barədə nüfuzlu universitetlərdə mühazirələr də deyir.