26 dəfə Həcc

Şeyxin qudasına 26 sual…

Source:

Hadi Rəcəbli, Fəzail Ağamalıdan sonra parlamentdən bu dəfə Şeyxin qudası Qalib Salahzadə danışıb və 26 dəfə Həcc ziyarətində olmasını millətin gözünün içinə kül kimi üfürüb. “Çox danışan çox bilməz, çox gəzən çox bilər” məsələni nəzərdə tutsaq, o zaman gərək Qalib Salahzadə 26 dəfə etdiyi ziyarətdən daha çox şey biləydi.

Amma sözlərindən belə çıxır ki, deputatın bu səfərlərdə gördüyü şey ancaq Məkkədə abadlıq işlərinin aparılması, qiymətlərin o qədər də baha olmaması olub. Əslinə baxanda bu da az deyil, deputat 26 səfərindən danışmaq üçün söz tapmadan da qayıda bilərdi. “Buna da şükür” deyib, keçək.

Amma məni maraqlandıran məsələnin başqa tərəfidir. Görəsən, Qalib Salahzadə deputat kimi, turist kimi, iş adamı kimi getdiyi başqa ölkələrdə də danışılacaq nəsə görübmü? Məsələn;

1.    Hansi ölkədə əhali prezidentin adını bilmir;

2.    Hansı ölkədə qadınların başını kəsməyi “namus cinayəti” kimi hallandırırlar;

3.    Hansi ölkədə müəllimlər deputatlardan çox maaş alır;

4.    Hansı ölkədə vətəni və elə Qalib Salahzadənin özünü də qoruyan şəxs intihara məcbur edilir;

5.    Hansı ölkədə bizdəki kimi “cici xanımların” bahalı itləri gəzdirməsi üçün ayrıca maşınları var;

6.    Hansı ölkədə bu “cici xanımların” iti olmayan başqa itləri yandırırlar;

7.   Hansı ölkədə səfaləti gizlətmək üçün aeroport yoluna divar çəkirlər;

8.    Hansı ölkədə icra başçısı “Bəs bu divardan bizim rayonda niyə yoxdur?” deyib təcili iclas çağırır və bir tərəfdə o gözəlim vilallar, bir tərəfdə də palçıqlı yollar divarın dalından boylana-boylana qalır?

9.   Hansı ölkədə vicdanlı insanları məhz vicdansız olmadıqlarına görə həbsə atırlar;

10.  Hansı ölkədə universitetlər bilik yox, ancaq diplom verir;

10.   Hansı ölkədə xəstə olmayan insanı “xərçəngə” yoluxdurub “açıb-bağlayırlar”;

11. Hansı ölkədə deputat əhalini “vor zakonlara” hörmət etməyə çağırır?

12. Hansı ölkədə başqa bir deputat qızlara inək sağmağı məsləhət görür;

13.  Hansı ölkədə ailələr ancaq qohumlar, dost-tanış üçün qurulur;

14.  Hansı ölkədə jurnalist haqqı olan informasiyanı almaq üçün telefon-telefon gəzməlidir;

15.  Hansı ölkədə dövlət “uşaqlar mənim mülkiyyətimdir” deyən valideynlərə dəstək verir;

16.  Hansı ölkədə qadın hüquqları ancaq deputatların dilində yaxşı səslənir;

17.  Hansı ölkədə dövlət qurumlarının rəhbərləri bir-birləri ilə olan rəqabətin acığını vətandaşdan çıxır;

18.  Hansı ölkədə musiqinin notunu belə bilməyənlər xalq artisti olur;

19.  Hansı ölkədə bölgələr nazirlər arasında paylanır və başqasının o zonaya girməsi yasaqlanır;

20.  Hansı ölkədə insanlar kredit borclarına görə intihar edir;

21.  Hansı ölkədə uşaqlara ad günlərində kitab yox, borcla telefon alınır;

22.  Hansı ölkədə bulvardakı gəncləri polis bölmə ilə hədələyir;

23.  Hansı ölkədə nazirlər ata-analarının mərmər başdaşıları ilə yarışırlar;

24.  Hansı ölkədə müharibə veteranına 45 manat təqaüd verilir;

25.  Hansı ölkədə insanlar icazəli mitinqə belə çıxmaqdan qorxurlar;

26.  Və nəhayət, hansı ölkədə insanlar insan kimi yaşayır.

Deputatın görməli olduğu çox şey var, mən ancaq 26-nı saydım. Deputatın sevimli rəqəmi qədər…

Qalib Salahzadə, 26 ziyarətə çox da arxayın olmayın. Bəlkə bu dünyada danışa bilmədiklərinə, danışmaq istəmədiklərinə görə o dünyada adamı zorla danışdırarlar? Heç 26 dəfə ziyarət də köməyə çatmaz.

Ana səhifəMənim Fikrimcə26 dəfə Həcc