16 iyulda Azərbaycan Xalq Cəbhəsinin 25 illik yubileyi keçirilib. Suraxanı rayonu Əmircan qəsəbəsində təşkil olunan tədbirdə AXC-nin ilk sədri mərhum Əbülfəz Elçibəyin ruhu bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib. Tədbirdə AXC hakimiyyəti dövründə rus qoşunlarının Azərbaycandan çıxarılması, ilk demokratik prezident seçkisinin keçirildiyi qeyd olunub. AXCP sədri Əli Kərimli partiyanın 1 illik hakimiyyəti dövründə islahatlara getdiyini bildirib.
“Milli Şura” nın sədri Cəmil Həsənli bildirib ki, AXCP Azərbaycan Xalq Cəbhəsinin varisidir.O, müxtəlif dövrlərdə partiyada vəzifə tutması ilə fəxr etdiyini deyib.
Milli Şuranın üzvü Vidadi Mirkamal AXC-də təmsil olunan gəncləri Bakı Dövlət Universitetində çalışdığı dövrdə qoruduğunu bildirir.
Tədbirdə kinorejissor Rüstəm İbrahimbəyovun,vicdan məhbusları Qurban Məmmədov, Tofiq Yaqublu, Anar Məmmədli, Mövsüm Səmədovun təbrik məktubları oxunub.
Leyla Yunus Xalq Cəbhəsi təsis ediləndən sonra sürgün olunacaqlarını gözlədiyini deyir. Onun sözlərinə görə, Sovetlər dağılandan sonra 23 il yenidən zindanda yaşayacağını düşünmürdü.
Leyla Yunus deyib ki, ölkə başçısı İlham Əliyevin hakimiyyəti ilə sonuna qədər savaşacaq və bu hakimiyyətin süqutunu görəcək.