2026-2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsinin sabit qalacağı bildirilir

Foto: TaniaKitura/shutterstock

2025-ci ilin sonuna Azərbaycanın dövlət borcunun ümumi məbləğinin 29 milyard manata çatacağı gözlənilir

İqtisadiyyat Nazirliyinin təqdim etdiyi makroiqtisadi proqnozlarda 2026-2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, bu ilin səviyyəsində götürülüb.

Bu barədə Maliyyə Nazirliyinin açıqlamasında qeyd edilir.

2017-ci ilin martından Azərbaycanda manatın məzənnəsi sabit saxlanır. O vaxtdan 1 ABŞ dolları 1 manat 70 qəpiyə bərabər sayılır.

2015-ci ildə Azərbaycanda iki dəfə devalvasiya baş verib, nəticədə manat iki dəfə dəyər itirib. Sonrakı 1 il 3 aylıq dönəmdə isə manatın məzənnəsində müəyyən düşüş və artım yaşanıb.

Həmin devalvasiyalar öncəsi dünyada neftin qiymətində kəskin ucuzlaşma baş vermişdi.

Son bir ayda da dünyada neftin qiymətində müəyyən azalma baş verir. Hazırda bir barel neftin qiyməti təqribən 65 dollardır. Azərbaycanın 2025-cü il dövlət büdcəsində neftin bir bareli 70 dollar götürülüb.

2025-ci ilin sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 29 milyard manat səviyyəsinə çatacağı gözlənilir.

Maliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, ortamüddətli (2026-2029-cu illər) dövrün sonuna Azərbaycan dövlət borcunun ümumi məbləğinin 32.7 milyard manat səviyyəsinə çatacağı proqnozlaşdırılır.

2024-cü ilin sonunda Azərbaycanın dövlət borcu 27 milyard 380 milyon manat açıqlanıb.

Bir neçə il öncə rəsmilər çıxışlarında vurğulayırdılar ki, hökumətin qarşısına qoyduğu əsas məqsədlərdən biri dövlət borcunu azaltmaqdır.

Ana səhifəİqtisadiyyat2026-2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsinin sabit qalacağı bildirilir