Yadigar Sadıqlı

Mənbə: Meydan TV

Başlıq: Yadigar Sadıqlı

2020-ci il ABŞ seçkiləri: yeni faktlar

Yaranmış vəziyyət Amerikanın seçki ənənəsi üçün yetərincə nadir haldır

Amerika Birləşmiş Ştatlarında 59-cu prezident seçkiləri arxada qaldı. Bununla əlaqədar bəzi faktları bölüşmək istəyirəm.

2009-2017-ci illərdə vitse-prezident vəzifəsini tutan Cozef Robinett Bayden Birləşmiş Ştatların 46-cı prezidenti seçildi. Doğrudur, mən bu sətirləri yazarkən Corciya ştatında səslər sayılıb qurtarmayıb. Amma 49 ştat və Kolumbiya dairəsindəki nəticələrə görə, Co Bayden 290 seçimçi qazanıb, bu da qələbə üçün lazım olan minimumdan (270) çoxdur.

O, bu posta seçilən ən yaşlı adamdır. 2001-ci il yanvarın 20-də səlahiyyətlərin icrasına başlayanda doğumundan 78 il 2 ay keçəcək. Bu vaxta qədər rekord onun rəqibi Donald Trampa məxsus idi – 70 il 7 ay.

Seçkilər tarixində ən çox səs toplayan Barak Obama idi. O, 2008-ci il seçkilərində 69,5 milyon səs toplamışdı. Bu dəfə hər iki namizəd daha çox səs topladı. Tramp hələ ki, 72,65 milyon, Bayden isə 77,97 milyon səs topladı.

İlkin məlumatlara görə, iştirak faizi son 120 il ərzində ən yüksək həddə olub – 66,9%. Yalnız 1900-cü ildə keçirilən seçkilərdə seçicilərin 73,2%- iştirak edib. Müqayisə üçün göstərim ki, XXI əsrdə ən böyük iştirak faizi 2008-ci ildə olmuşdu – 58,2%.

Kamala Harris ABŞ-nın 49-cu vitse prezidenti seçildi. O, bu vəzifəni tutacaq ilk qadın və ağdərili olmayan ilk şəxsdir. Co Bayden isə əvvəllər vitse-prezident olduqdan sonra prezident vəzifəsini tutacaq 15-ci şəxs olacaq. Onlardan 13-ü vitse-prezidentlikdən dərhal sonra prezident vəzifəsini tutublar. Bayden isə bu iki ali vəzifələri tutması arasında fasilə olan ikinci şəxsdir (digəri Nikson).

33-cü dəfə idi ki, fəaliyyətdə olan prezident seçkilərdə yenidən öz namizədliyini irəli sürürdü. Donaldı Tramp analoji cəhdi uğursuz olan 11-ci şəxs oldu. Sonuncu dəfə belə bir hal 28 il öncə olmuşdu: ata Buş Bil Klintona məğlub oldu.

Co Bayden Demokratlar Partiyasından prezident seçilən 17-ci şəxs oldu. Böyük əminlik payı ilə söyləmək olar ki, İkinci dünya müharibəsi illərində və və ya daha əvvəl anadan olan son prezidentdir.

ABŞ seçkilərinin daha bir maraqlı cəhəti ştatlar üzrə səsvermələrin nəticələridir. Bu sahədə hansı gözlənilən və gözlənilməyən nəticələr əldə olundu? Öncədən deyim ki, xüsusi sürprizlər olmadı.

2016-cı il seçkilərində Donald Trampın qələbə çalmasında Miçiqan, Pensilvaniya və Viskonsin ştatlarında seçkini udması mühüm rol oynadı. Halbuki Viskonsin daha əvvəlki dalbadal 7, Miçiqan və Penslvaniya isə dalbadal 6 seçkidə demokratlara səs vermişdi. Bu ştatlarda seçilən 46 seçimçini Hillari Klinton qazansaydı, ABŞ prezidenti o olacaqdı. Bu dəfə Bayden onların hər üçünü geri qaytardı

Budan əlavə, Arizona ştatını qazandı. Halbuki bu ştat 1952-2016-cı illərdə keçirilən 17 seçkidə cəmi bir dəfə (1996) demokratlara, qalan hallarda respublikaçılara səs verib. Üstəlik, hesablamanın bitmədiyi Corciyada da Bayden üstündür. Hərçənd, bundan əvvəlki dalbadal 6 seçkidə demokratlar Corciyada uduzublar.

Baydenin bu iki ştatda (Corciyada böyük ehtimalla) qələbəsini daha gözlənilməz edən başqa bir cəhət isə odur ki, 2016-cı ildə Tramp burada çox rahat qələbə qazanmışdı. O, öz rəqibindən Arizonada 3,5%, Corciyada isə 5,1% üstün olmuşdu. Buna görə də keçən seçkilərdə çöx kiçik üstünlüklə qalib gəldiyi Miçiqan, Pensilvaniya və Viskonsin ştatlarından fərqli olaraq Arizona və Corciyada uduzmasını sürpriz hesab etmək olar.

C.Bayden və D.Tramp

C.Bayden və D.Tramp

Mənbə: google.az

Haqlarında bəhs etdiyim 5 ştatı çıxsaq, qalan 45 ştat və Kolumbiya dairəsindəki səsvermələrin nəticələri 2016-cı ildə olduğu kimi qalır. Respublikaçılara səs verən ştatlar yenə respublikaçı namizədə, demokratlara səs verənlər isə yenə demokrat namizədə səs verdilər.

Burada Ohayo ştatının diqqət çəkdiyini deyə bilərik. 1960-cı il seçkisindən sonra ilk dəfədir ki, Ohayo “səhv” etdi və prezidenti düz müəyyənləşdirmədi. Dalbadal 14 seçki idi ki, Ohayoda qalib gələn ümumi seçkilərin də qalibi olurdu. Amma bu dəfə ohayolular Trampa səs verdilər.

***

Bununla belə, cari seçkilər ciddi bir özəllliyi ilə fərqlənir: məğlub olan namizəd öz məğlubiyyətini heç cür etiraf etmək istəmir. Həmin namizədin hazırkı prezident olması isə vəziyyəti lap mürəkkəbləşdirir.

Trampın seçki qərargahı və Respublikaçılar partiyasının nümayəndələri Corciya, Miçiqan, Nevada və Pensilvaniyadakı səsvermənin nəticələrinə yenidən baxılması üçün məhkəmələrə müraciət ediblər. Amerika mətbuatının yazdığına görə, müraciətlərdə Trampın saxtakarlıq və fırıldaqçılıqla bağlı hay-küylü bəyanatlarını sübut edəcək ciddi faktlar yoxdur.

Yaranmış vəziyyət Amerikanın seçki ənənəsi üçün yetərincə nadir haldır. 1896-cı il seçkilərində məğlub olan Uilyam Brayan qalib gələn Uilyam Makkinliyə teleqram göndərib təbrik edəndən sonra seçkilərdə uduzanın udanı publik olaraq təbrik etməsi ənənə şəklini alıb. 1980-ci ildə fəaliyyətdə olan prezident Cimmi Karter seçkilərdə məğlub olduğunu etiraf edib Ronald Reyqanı təbrik edəndə Qərb ştatlarında saat 18:50 idi və hətta seçki məntəqələri hələ bağlanmamışdı.

Burada yalnız 2000-ci il seçkiləri istisna təşkil edir. Həmin seçkilərdə Albert Qor öz rəqibi oğul Buşu qələbə münasibətilə əvvəlcə təbrik etsə də, Florida ştatında nəticələri şübhə altına aldığına görə geri çəkdi və buradakı səslərin yenidən sayılmasını istədi. Yalnız bir aydan sonra səslərin hesablanması dayandırıldıqda Qor yenidən Buşu təbrik etdi. Amma bu halda Floridada qaliblə məğlub arasındakı fərqin 0,01% olmasını nəzərə almaq lazımdır.

Müşahidəçilərin fikrincə, Trampın nəticələri məhkəmədə mübahisələndirmək cəhdlərinin heç bir perspektivi yoxdur. Dekabrın 8-nə qədər bütün çəkişmələr bitməlidir, 14-də isə seçimçilər toplaşaraq təmsil etdikləri ştatın seçiminə uyğun səs verəcəklər. Amma hətta bu halda belə Trampın nəticələri qəbul etməyib Ağ evdən çıxmayacağı variantı müzakirə edilir. Yaxın vaxtlara qədər belə bir ssenari kimsənin ağlına gəlməzdi, amma Trampdan hər şey gözlənilir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/7plh1u

Ən çox baxılan