Mənbə: google

2020 Azərbaycanın mədəniyyət və incəsənət sahəsində hansı iz buraxdı?

Vəzifə, həyat itkisi, qalmaqallar...

2020-ci il yekunlaşır. Pandemiya ilə iz buraxan bu il mədəniyyət və incəsənət sahəsinə də təsirsiz ötüşmədi. Azərbaycanda isə bu sahədə yaradıcılıqdan çox həbslər, vəzifə itkisi ilə yadda qaldı.

Kinoteatr, teatr və muzeylərin fəaliyyəti dayandırıldı

İlin üçüncü ayında – martda elan olunan karantin rejimi ilə əlaqədar Azərbaycanda kinotear, teatr və muzeylərin fəaliyyəti tamamilə dayandırıldı. Bir müddət sonra yalnız muzeylərin fəaliyyətinə icazə verildi. Hazırda ölkədəki teatrlar virtual formatda işləyir. Elə teatrlar var ki, fəaliyyətini ümumiyyətlə dayandırıb. Teatrlardan yeganə ADO fəaliyyətini qısa müddət də olsa, bərpa etmişdi. Lakin hazırda ölkədə yenidən sərt karantin rejimi tətbiq edildiyi üçün tamaşaların nümayişi dayandırılıb. Ümumiyyətlə, bir il ərzində Azərbaycanda keçirilən bütün mədəni tədbirlər virtual formatda olub.

Pandemiya dövründə gizli toy

Bu il mədəniyyət adamların adı qalmaqallarda da hallandı. Belə ki, pandemiya dövründə yoluxmanın qarşısını almaq məqsədilə ölkədə kütləvi tədbirlər, o cümlədən toy və yas mərasimləri qadağan edilsə də, buna əməl etməyən yüksək rütbəli məmurlar oldu. AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev və onun qudası Rövşən Rzayev övladlarına gizli toy etdikləri üçün Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutkalıq həbs cəzasına məhkum edildi. Bəlli oldu ki, toyun video-görüntüləri Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin həyat yoldaşı Aysel Adıgözəlzadə (Teymurzadə) tərəfindən çəkilib. Kadrlar əvvəlcə sosial şəbəkələrdə, daha sonra isə mətbuatda yayıldı. Toyda iştirak edən Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, onun həyat yoldaşı “Eurovision-2008” mahnı müsabiqəsinin üçüncü yer mükafatçısı Aysel Adıgözəlzadə (Teymurzadə), millət vəkili Siyavuş Novruzov, həyat yoldaşı, ombudsman Səbinə Əliyeva İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğində cərimələndi.

İlin səs-küylü həbsi

Bu il Azərbaycanda həm də bir çox yüksək vəzifəlinin həbs edilməsi kimi xatırlanacaq. Dövlət Təhlükəsizliyi Xidməti mayın 8-də Mədəniyyət Nazirliyində nazirin sabiq müavini Rafiq Bayramov və nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun həbsi ilə nəticələnən əməliyyat keçirdi. Səbəb Rafiq Bayramovun mədəniyyət müəssisələrinin tikintisi, təmiri işlərinə görə ayrılan dövlət vəsaitinin bir hissəsinin müntəzəm olaraq nağdlaşdırılıb mənsəməsi, Zakir Sultanovun isə tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini özünə götürməsi idi. Hadisədən bir neçə gün sonra, mayın 21-də Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edildi. İyulun 20-də isə bu vəzifəni müvəqqəti icra etmək səlahiyyəti Prezident İlham Əliyevin sərəncamı ilə Anar Kərimova tapşırıldı.

Polad Bülbüloğlunun Qarabağ açıqlaması

Bəstəkar və müğənni, uzun illər Azərbaycanın Mədəniyyət naziri (1988-2006) olmuş, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun “Russia Today” xəbər agentliyində keçirdiyi mətbuat konfransında “Qarabağdakı ermənilərə mədəni muxtariyyət verilə bilər”,- açıqlaması fərqli reaksiyalara səbəb oldu. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Rusiyadakı səfirinin Qarabağın statusu ilə bağlı söylədiklərinin qəbuledilməz olduğunu bildirdi.

İşğaldan azad olunan abidələr bərpa ediləcək

Bu il sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar başladı. Noyabrın 9-dək sürən 44 günlük əməliyyat nəticəsində, Azərbaycan təxminən 280 kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdi. Bundan sonra Mədəniyyət naziri vəzifəsini icra edən Anar Kərimov Şuşada bərpa olunacaq mədəniyyət obyektlərinin sayını açıqladı. 210 tarix-mədəniyyət abidəsinin, 20 mədəniyyət evinin, 19 kitabxananın, 8 musiqi məktəbinin, 7 muzeyin, 1 qalereyanın, 1 teatrın bərpa olunacağını qeyd etdi. Həmçinin dahi bəstəkar Üzeyir Hacıbəylinin şəxsi əşyaları Şuşadakı ev-muzeyinə qaytarılacaq. Ümumiyyətlə, işğaldan azad olunan ərazilərdəki bütün tarixi-mədəni abidələrin bərpası nəzərdə tutulub.

“Hədiyyəni hədiyyə etməzlər”

Ölkə gündəmində müzakirə olunan hadisələrdən biri də Prezident İlham Əliyevin xalq şairi Ramiz Rövşənə doğum günü ərəfəsində ev verməsi oldu. Sosial şəbəkələrdə bununla bağlı xeyli sayda paylaşım edildi. Şairin evi şəhid ailəsinə hədiyyə verdiyi bildirilirdi. Ramiz Rövşən isə açıqlamasında “Şəhid və qazi ailələrinin qeydinə qalmaq həm dövlətin, həm də hər birimizin borcudur. Amma hədiyyəni hədiyyə etməzlər”, - deyə açıqlama verdi.

Beynəlxalq müsabiqələr və Şuşada oxuyan müğənnilər

Türk Dünyasının Mahnı Müsabiqəsi “Türkvizyon”un gələn il Şuşada keçirilməsi planlaşdırılır. Yeri gəlmişkən, bugünlərdə AzTV- nin təşkilatçılığı ilə müğənnilərin Şuşada konsert proqramı keçirilib. Bu hadisə ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bununla bağlı paylaşım edənlər konsert proqramının təşkilini döyüşlərdə həlak olanlara qarşı sayğısızlıq kimi dəyərləndiriblər. Bu il ölkədə həm də bir sıra kinofestivallar keçirilib. Bunların arasında Dördüncü “DokuBaku” Beynəlxalq Festivalı, həmçinin Bakı Beynəlxalq Qısa Filmlər Festivalının adlarını çəkmək olar. Ümumiyyətlə, bu il ölkədə keçirilən əksər beynəlxalq tədbirlər, onlayn formatda təşkil olunub.

İlin itkiləri

Bu il Azərbaycan mədəniyyətində və incəsənətində itkilərlə də yadda qalıb. Vəfat edən bəzi sənət adamları yeni növ koronavirusun qurbanı olub. Əməkdar incəsənət xadimi Etibar Babayev, Xalq artisti Sabir Əliyev, Xalq artisti Teymur Mustafayev virus səbəbindən vəfat ediblər. Bu il Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlı, Əməkdar artist, Lənkəran Dram Teatrının rejissoru Adil Zeynalov, rəssam Gülarə Məcidova, aktrisa, “O olmasın, bu olsun” musiqili komediyasında Gülnaz rolunu ifa edən Tamara Gözəlova, Xalq artisti, aktyor, teatr rejissoru Rafiq Əliyev, Xalq artisti, teatr və kino aktyoru Rafael Dadaşov, Əməkdar artist, kino və teatr aktyoru Tofiq Hüseynov, Əməkdar rəssam Rafael Abbasov, meyxanaçı-şair Vüqar Biləcəri (Paşayev), “Şeron” qrupunun prodüseri Tərlan Ələkbərov, klarnet ifaçısı Fikrət Əşrəfoğlu, Xalq artisti, teatr və kino aktrisası Səfurə İbrahimova, xalq artisti, teatr və kino aktyoru Əjdər Həmidov, Xalq artisti, diktor Sabir Ələsgərov, Əməkdar mədəniyyət işçisi, yüzlərlə bədii, sənədli, cizgi filmlərinin musiqi tərtibatçısı, “Bəxt üzüyü“, “Ağ atlı oğlan”, “Yuxu” və bir sıra bədii filmlərin musiqi redaktoru, şair, bəstəkar İsmayıl Dadaşov, əməkdar artist Atabala Səfərov vəfat edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/i8i4h6

Ən çox baxılan