Hakimiyyətin “islahatlar ili”
Azərbaycan hakimiyyəti 2019-cu ili “islahatlar ili” adlandırır. Buna səbəb kimi illərlə vəzifədə olan şəxslərin işdən çıxarılması və yeni adamların vəzifəyə gətirilməsi göstərilir.
Meydan TV ötən il baş verən kadr dəyişikliklərinə yenidən nəzər saldı.
İlin ilk “itki”si
Arxada qalan ilin ilk ayında işini itirən AzTV-nin sədri Arif Alışanov oldu. Yanvarın 15-də Prezident İlham Əliyev Arif Alışanovu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad etdi.
Vəzifə ayı
Fevral ayı isə daha çox vəzifəyə gələnlərlə yadda qaldı.
Belə ki, fevralın 1-də Baş nazirin müavini Əli Həsənovun oğlu Daxili İşlər Nazirliyində (DİN) şöbə rəisi təyin olundu.
Ayın 5-də dövlət başçısı İlham Əliyev Elşən Rövşən oğlu Salahovu Xəzər Rayonu İcra Hakimiyyətinə yeni başçı təyin edilməsi ilə bağlı sərəncam imzaladı.
Fevralın 11-də deputat Zahid Oruc yeni yaradılan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin olundu.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) yaydığı məlumata görə, yeni baş məşqçi Nikola Yurçeviçin təyinatı qurumun fevralın 11-də keçirilən toplantısında verilib.
Mart o qədər “məhsuldar” olmadı
ABŞ Azərbaycandakı yeni səfiri Li Litzenberger martın 7-də Bakıya gəldi.
Martın 11-də Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edildi.
Yerdəyişmə ayı
Aprelin 3-də keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin olundu.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 5-də imzaladığı sərəncamlarla bir neçə rayonda icra hakimiyyəti başçısının yerini dəyişdi.
Prezidentin rəsmi saytında yerləşdirilən məlumata görə, Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Siyəzən rayonunda eyni vəzifəyə təyin edildi.
Siyəzən Rayon İcra Hakimiyyəti başçısı olan Asif Həbib oğlu Hüseynov isə vəzifəsindən çıxarılaraq, Novruz Məmmədovun yerinə Şabran Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə göndərildi.
Analoji yerdəyişmə Ağstafa və Goranboy rayonlarında da baş verdi. Belə ki, Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Goranboy Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olundu. Goranboy Rayon İcra Hakimiyyəti başçısı Nizaməddin Məhəmməd oğlu Quliyev isə vəzifəsindən azad edilərək Ağstafa Rayon İcra Hakimiyyətinə başçı göndərildi.
“İslahat” nazirə çatdı
Yerdəyişmə prosesi mayda da davam etdirildi. Mayın 17-də Sabirabad və Saatlı rayonunlarının icra hakimiyyətləri başçılarının yeri dəyişdirildi. Belə ki, bugünədək Saatlı Rayon İcra Hakimiyyətinin başçısı olan Siraqəddin Nəcəf oğlu Cabbarov bundan sonra Sabirabad rayonuna rəhbərlik edəcək. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim Mehdi oğlu İsmayılov isə Saatlı rayonunun icra başçısı olacaq.
Prezidentin növbəti sərəncamı ilə Daxili işlər naziri Ramil Usubov tutduğu vəzifəsindən azad edildi. O, Təhlükəsizlik Şurasına gətirildi. Digər sərəncamla Vilayət Eyvazov daxili işlər naziri təyin olundu.
AzTV-yə yeni sədr, mandatdan imtina…
Yay ayları sakit keçsə də, sentyabrdan kadr dəyişiklikləri davam etdi.
Belə ki, İlham Əliyevin sentyabrın 4-də imzaladığı sərəncamla Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edildi.
Prezident sentyabrın 30-da imzaladığı sərəncamlarla Ağsu rayonunun icra başçısı Ənvər Seyidəliyevi vəzifəsindən azad etdi. Onun yerinə Vahid Heydər oğlu Tağıyev təyin olundu.
Sentyabrın 30-da 300 min dollar borc qarşılığında III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyan Rafael Cəbrayılov mandatdan imtina etdi.
Ən məhsuldar ay
Oktyabrın 8-də Əli Əsədov Baş nazir təyin olundu
Prezidentin oktyabrın 21-də imzaladığı sərəncamlarla Baş nazirin müavinləri Hacıbala Abutalıbov və Əli Həsənov tutduqları vəzifələri itirdilər.
Oktyabrın 22-də Prezident İlham Əliyev İqtisadiyyat naziri Şahin Mustafayevin vəzifəsindən azad edilməsi barədə sərəncam imzaladı.
Oktyabrın 23-də Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tutduğu vəzifədən azad edildi.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə də oktyabrın 23-də istefa verdi. Onun yerinə Ramiz Mehdiyev seçildi.
Oktyabrın 23-də İlham Əliyev Fərman verərək, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İqtisadiyyat Nazirliyinin strukturuna daxil etdi. Daha sonra Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin olundu.
Oktyabrın 31-də Yevlax və Xaçmaz rayonlarının icra başçıları Qoca Səmədov və Şəmsəddin Xanbabayevi tutduqları vəzifələrdən azad edildi. Yevlax rayonuna Anar Aqil oğlu Tağıyev, Xaçmaz rayonuna Elnur Şahbaz oğlu Rzayev təyin olundu.
Payızın “yarpaq tökümü”
Noyabrın 1-də İlham Əliyevin sərəncamı ilə Samir Nuriyev Prezident Administrasiyasına rəhbər təyin edildi.
Prezidentin noyabrın 12-də verdiyi sərəncamları ilə Suraxanı, Yasamal, Zərdab, Şirvanın icra başçıları vəzifələrindən azad edildilər. Yerlərinə yeniləri təyinat aldı.
Noyabrın 20-də prezident Ağcabədi və Masallının icra başçılarının yerini dəyişdi. Şahin Məmmədov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin olundu. Rafil Hüseynov isə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılaraq Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı oldu.
Noyabrın 29-da Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının yeni İnsan Hüquqları üzrə Müvəkkili deputat Siyavuş Novruzovun xanımı Səbinə Əliyeva oldu.
Noyabrın 29-da dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edən Əli Həsənov vəzifəsindən azad edildi.
İlin son islahatlari
Dekabr ayı parlamentin buraxılmsı ilə yadda qaldı. Hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası (YAP) parlamentin buraxılması xahişi ilə prezidentə müraciət etdi. Milli Məclis də dekabrın 2-də bu müraciəti dəstəklədi. Prezident müraciəti qəbul etdi və parlament dekabrın 4-də buraxıldı, yeni növbədənkənar seçkilərin vaxtın 9 fevral 2020-ci ilə təyin olundu.
İlham Əliyev həmçinin dekabrın 4-də Əhməd Muxtarovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad etdi. Onun yerinə, bu vəzifəyə deputat Rüstəm Xəlilov təyin edildi.
Dekabrın 19-da Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov saxlanıldılar. Rəsmi məlumatlara görə, icra başçısı və müavininin saxlanılmasına səbəb rüşvət alma və qanunsuzluqlardır.