İclasda “İpoteka haqqında” qanuna dəyişiklik layihəsi də müzakirə edilib
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə 2019-cu ilin dövlət büdcəsinin hökumətə təqdim olunduğunu açıqlayıb.
Komitə iclasında bu barədə məluma verən Z.Səmədzadənin sözlərinə görə, Nazirlər Kabineti büdcəyə baxaraq, müzakirələr aparacaq.
Vergi Məcəlləsinə dəyişikliklər bəzən onlar peşəkar səviyyədə olmur
İclasda deputat Əli Məsimli vergi dəyişiklikləri ilə bağlı mütəxəssislərdən, ziyalılardan və Vergilər Nazirliyinin əməkdaşlarından ibarət bir komissiya yaradılmasını əklif edib. O bildirib ki, Vergi Məcəlləsinə mütəmadi dəyişikliklər edilsə də, bəzən onlar peşəkar səviyyədə olmur, xeyli qarşıqlıqlar üzə çıxır:
“Odur ki, bir komissiya yaradılsın və parlamentə müzakirələr təqdim edilməzdən əvvəl bütün dəyişikliklər, əlavələr orda müzakirə edilib, qruplaşdırılıb, Milli Məclisə göndərilsin. Bu zaman həmin dəyişikliklərin səmərəsi və effektivliyi də yüksək olar”.
Komitə sədri Ziyad Səmədzadə də təklifi dəstəkləyib və buna ehtiyac olduğunu bildirib.
İpoteka kağızları elektronlaşdırılır
İclasda “İpoteka haqqında” qanuna dəyişiklik layihəsi də müzakirə edilib. Layihə ipoteka kağızlarının elektronlaşdırılmasını nəzərdə tutur.
Dəyişikliklər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəaların hüquqi əsasının formalaşdırılmasını, həmçinin ipoteka kağızının tərtib olunmasını, ipoteka qoyan tərəfindən imzalanmasını, onun notarial qaydada təsdiqlənməsini və digər prosedurların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur.