”2016-cı il ”İslahatlar ili” adlandırılsaydı, daha məqsədəuyğun olardı”

İctimaiyyət bu ilin “Multikulturalizm ili” elan olunmasına birmənalı yanaşmır

Source:


İctimaiyyət bu ilin “Multikulturalizm ili” elan olunmasına birmənalı yanaşmır

Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin ötən gün Nazirlər Kabineti ilə birgə keçirdiyi müşavirədə bu fikri səsləndirməsi sosial şəbəkələrdə və mediada geniş müzakirə olunur.

Politoloq Ərəstun Oruclu deyir ki, prezidentin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi onun təəccübünə səbəb olub. Çünki politoloq hesab edir ki,  tolerantliq, multikulturalizm Azərbaycan xalqının çoxəsrlik ənənələrindən gələn mədəniyyətinin, düşüncə tərzinin tərkib hissəsidir. Ərəstun Oruclunun sözlərinə görə, bunu Azərbaycanın 100-200 illik tarixinə baxanda görmək olar. Politoloq deyir ki, 2016-cı il “İslahatlar ili” adlandırılsaydı, daha məqsədəuyğun olardı:

“Azərbaycanda bu dəyərlər- tolerantlıq, digər mədəniyyətlərə dözümlülük, onlara inteqrasiya meylləri ictimai şüurun tərkib hissəsi olub. Azərbaycanın hər ili, tarixi elə multikulturalizmdir. Ona görə bunun istismarını mən normal hesab etmirəm. Digər tərəfdən, bu gün Azərbaycanda elə bir vəziyyət yaranıb ki, bu ili “İqtisadi islahatlar ili” və ya elə “İslahatlar ili” adlandırmaq  daha optimal olardı. Çünki Azərbaycanın bu gün buna ehtiyacı vardı. Dövlətin, cəmiyyətin, insanların, elə hakimiyyətin özünün də. Amma görünür hakimiyyət bu problemləri görməməyə üstünlük verir. Və yaxud da cəmiyyətə belə bir mesaj verir ki, belə bir problem yoxdur, biz hər şeyi həll edəcəyik, biz hər şeyi bilirik. Bu, sözün düzü bir qədər anlaşılmazdır. Çünki bu problemlərin oluğunu Azərbaycanda artıq hər kəs bilir”.

D18 Hərəkatının sədri Ruslan İzzətli bildirir ki, Azərbaycanın cəmiyyət və xalq olaraq

multikulturalizm problemi yoxdur.  Ruslan İzzətli də o fikirdədir ki, hakimiyyət ciddi islahatlara başlamalıdır:

“Hakimiyyət 2016-cı ili “Multikulturalizm ili” elan etməkdənsə, böhrandan çıxış yolun düşünüb, ciddi islahat başlasın. Bu gün 2.5 milyon vətəndaşımız bank soyğunculuğuna məruz qalır, yüz minlərlə pensiyaçımız yaşam mübarizəsi aparır. Bunları düşünüb, ciddi addımlar atsınlar”.

Jurnalist Rövşən Hacıbəyli isə illərə ad qoymağı  ən uğursuz addımlardan biri hesab edir. Jurnalistin sözlərinə görə, ad qoyulan illərdə prioritet elan edilən sahələr həmişə iflasa uğrayıb:

“Son 5 ilə baxaq: 2010-cu il  “Ekologiya ili” idi. Bəlkə də o ildəki qədər ölkədə ağac kəsilmədi. Həm də bu il neft pullarının fontan vurduğu, tikintinin geniş miqyas aldığı illərdən idi. Təkcə paytaxtda həmin ildə minlərlə ağac qanunsuz tikilən obyektlərin güdazına getdi. 2011-ci il “Turizm ili”, 2012-ci il  “İdman ili”, 2013-cü il  “Informasiya-kommunikasiya ili”, 2014-cü il “Sənaye ili”, 2015-ci il isə  “Kənd təsərrüfatı ili” elan edilmişdi. Hamısında eyni nəticə. “Sənaye ili” olan 2014-ci ildə paytaxtda tək-tük qalan sənaye müəssisələri də darmadağın edildi. Ötən “Kənd təsərrüfatı ili” – 2015-ci il isə kəndli-fermerlərin var-yoxdan çıxmasıyla yadda qaldı.

Rövşən Hacıbəyli deyir ki, əksəriyyət multikulturalizm sözünün belə anlamını doğru-düzgün bilmir. Bu səbəbədən jurnalist bu ilin uğurlu nəticə verəcəyinə pessimist yanaşır.

“Multikulturalizm son çağlar bizim leksikonumuza gəlib və sizi inandırıram ki, hətta o sahədə çalışanların çoxu belə nəinki onun nə olduğunu anlayır, bu sözü tələffüz etməkdə belə çətinlik çəkir. Adicə insan hüquqlarının ayaqlar altında olduğu ölkədə – burda hansı xalqın nümayəndəsi olmağın fərqi yoxdur, hüququ tapdanmaqda hamı bərabərdir – mədəni hüquqların qorunmasından danışmaq absurddur. Deməli, öyündükləri multikulturalizm də bu il belə getdi…”

Gənclərin Atlantik Müqaviləsi Assosiasiyasının rəhbəri Zaur Əkbər isə hesab edir ki, multikulturalizm – fərqli mədəniyyətlərin və dəyərlərin çulğullaşmasını özündə əks etdirdiyindən bu prosesin birbaşa iştirakçısı insan amilidir. Zaur Əkbər deyir ki,  bu il əsasında milli barışıq üçün addım atılsaydı, daha məqsədəuyğun olardı:

“Azərbaycanda bu ilin “Multikulturalizm ili” elan olunması yaxşı olardı ki, ilk növbədə, cəmiyyətdə bir milli barışın əsasının qoyulması ilə başlanardı. Ölkədəki mövcud ictimai-siyasi və iqtisadi vəziyyət Azərbaycanın multikulturalizm istiqamətində ciddi addımlar atacağını şübhə altına alır. Yox, əgər, bu multikulturalizm kimlərinsə özünü dünyaya, xüsusən də Avropaya alternativ göstərməsi kimi olacaqsa, indidən bu layihənin nəyə xidmət edəcəyini söyləmək çox asan olar. Multikulturalizmə sadiqlik həm də öz vətəndaşının fikirlərinə, dinə və həyata baxışlarına hörmətə əsaslanır”.

Hüquqşünas Erkin Qədirli 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsinə özünün Facebook səhifəsində münasibət bildirib. Erkin Qədirli deyir ki, multikulturalizmin inanclı və davamlı tənqidiçisi olduğuna, eləcə də ona ideoloji baxımdan qarşı çıxdığına görə, bu il bu mövzuda xeyli yazmalı olacaq.

“Öncə də dəfələrlə yazdığım kimi, bu ideya ölkəmizin tarixinə və durumuna uyğun deyil, strateji maraqlarımıza mane olur, ideoloji olaraq içiboş, siyasi baxımdan faydasızdır (bölgəmizdəki prosesləri nəzərə alsaq, təhlükəli də ola bilər)”.

İqtisadçı Nazim Məmmədov isə bildirib ki, illərə ad qoyulması ənənəsi prezidentə aid olduğundan  bunu

geniş şərh etmək istəmir.

“Cənab prezident daha məlumatlı adamdır və hansı ili necə adlandırmaq onun qərarıdır, bizə düşən bu qərara hörmətlə yanaşmamızdır”.

Ana səhifəXəbərlər”2016-cı il ”İslahatlar ili” adlandırılsaydı, daha məqsədəuyğun olardı”