Geridə qoyduğumuz 2013-cü ildə əsasən sosial şəbəkələrdə trend olan və ümumən cəmiyyətdə müzakirə olunan mövzuları seçdim və sizinlə paylaşmaq qərarına gəldim:
Yanvar ayı “ETİRAZLAR” ayı oldu
12 yanvar – “Əsgər Ölümünə SON” aksiyası keçirildi
15 yanvar – Sosial şəbəkələrdə “5qəpik” aksiyasına start verildi
19 yanvar – Binədə sahibkarlar qiymət artımına etiraz olaraq aksiya etdi
24 yanvar – İsmayıllı hadisələri başladı (etiraz aksiyaları, həbslər)
31 yanvar – Əkrəm Əylislinin “Daş Yuxular” əsəri cəmiyyətdə böyük rezonans doğurdu
Fevral ayı “VƏTƏNŞÜVƏNLƏR”in ayı seçildi
6 fevral 2013 – Xocalı soyqırımı ilə bağlı Ağ Evin rəsmi saytına petisiya yerləşdirildi
8 fevral 2013 – Azərbaycanın ilk telekommunikasiya peyki orbitə buraxıldı və “Zato bizim peykimiz var” sözü gözümüzə soxuldu
12 fevral 2013 – İlham Əliyev nazir-məmur balalarına sərt xəbərdarlıq etdi
13 fevral 2013 – Gülər Əhmədova həbs olundu
Mart ayı “HƏBSLƏR” ayı kimi yadda qaldı
10 mart – Növbəti dəfə “Əsgər Ölümünə SON” aksiyası keçirildi
15 mart – NİDA-çılarla bərabər 10-a yaxın gənc həbs olundu. Daha sonra İsmayıllı məhbusları sayılan İlqar Məmmədov və Tofiq Yaqublu da həbs olundu.
Aprel ayı – Adını “MİSİR” qoydum
19 aprel – Misir Mərdanov vəzifəsindən kənarlaşdırıldı və yerinə Mikayıl Cabbarov təyin olundu
May ayının sinonimi isə “XUDAT” oldu
9 may – Xudat hadisələri baş verdi, (etiraz aksiyaları, həbslər)
31 may – İstanbuldakı Gezi hadisələri başladı və Azərbaycanda geniş müzakirə olundu
İyun “PARAD”oks olaraq yadda qaldı
26 İyun – Silahlı Qüvvələrin yaranmasının 95-ci ildönümü münasibətilə üçüncü böyük hərbi parad keçirildi
İyul “QAYĞIKEŞ İLHAM” ayı olaraq 2013-ə yazıldı
21 iyul – Nabrandakı istirahət mərkəzində İmran Cəfərov xəsarət aldı və bu mövzu ətrafında baş verən hadisələr
22 iyul – Mətbuat günündə İlham Əliyev jurnalistlərə ev verdi
Avqust başını “BULLA”ya bulaya getdi
6 avqust – Çörəyə ehtiyacı olan yaşlı qadının şəklini oğru kimi çəkib divara yapışdıran market baykot olundu
18 avqust – Azərbaycanın “Bulla-dəniz” yatağında 66 gün davam edən yanğın baş verir və bu 300 milyondan çox vəsaitin yanması deməkdir.
Sentyabrın “10%”-ə görə analoqu olmadı
1 sentyabr – İlham Əliyev məvacibləri 10% artırdı.
17 sentyabr – Prezident seçkilərində İTV-də namizədlərin çıxışlarına start verildi
Oktyabr “SEÇKİ”li ay olaraq seçildi
1 oktyabr – Elşad Abdullayev “Gülərqeyt”lə əlaqədar İlham Əliyevin adı hallanan daha bir video yaydı
8 oktyabr – Meydan TV seçkidən 1 gün öncə AppGate adlanan mobil seçki saxtakarlığını aşkarladı
9 oktyabr- Azərbaycanda seçkilər keçirildi və İlham Əliyev 3-cü dəfə prezident seçildi
15 oktyabr – Moskvada Yeqor Şerbakovu öldürən Orxan Zeynalov hadisəsi geniş rezonans doğurdu
19 oktyabr – İlham Əliyevin tələsik andiçmə mərasimi keçirildi
21 oktyabr – Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri ali məktəbin həyətində etiraz aksiyası keçirdi
22 oktyabr – Artur Rasizadə 17 il, ard-arda 5-ci dəfə baş nazir təyin edildi. 3 nazir isə yeni qurulan nazirlər kabinetində yer almdı: Səfər Əbiyev, İsmət Abbasov və Fizuli Ələkbərov.
28 oktyabr – Milli Klavyatura (PÜŞUD) istehsal olundu
Noyabr ayı özünü “LEGİTİM” kimi sırımağa çalışdı
4 noyabr – Səfər Əbiyevin oğlu Roman Əbiyevin toy korteji iddia olunan video görüntülər yayıldı
7 noyabr – Barak Obama İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik etdi
23 noyabr – İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı
24 noyabr – İlham Əliyev “Jurnalistlərin dostu” seçildi
25 noyabr – Dindar Asim Məmmədovun müəmmalı şəkildə meyiti tapıldı
Dekabr “YANĞIN” ayı ilə tanındı
2 dekabr – İlk olaraq benzinin qiyməti bahalaşdı və qiymətlər od tutub yandı.
17 dekabr – Türkiyədə tarixi anti korrupsiya və rüşvət skandalı oldu və həbslər, istefalar yaşandı.
20 dekabr – “Şahdəniz tərəfdaşlığı” Xəzər dənizində «Şahdəniz» qaz yatağının Mərhələ 2 çərçivəsində işlənməsinin tikinti işləri üçün iki böyük müqavilə bağlandı
25 dekabr – Hәmkarlar İttifaqı tәrәfindәn mülkiyyәt hüququ pozulan II qrup Qarabağ əlili Zaur Həsənov özünü yandırdı
Üzümüzə gələn yeni ildə kədərimiz 10% qalxan maaş qədər az, sevincimiz benzinin qiyməti qədər çox, ömrümüz 52 metrlik tort boyda uzun, ölkəmiz AzTV-nin göstərdiyi Azərbaycan kimi olsun!