Binanı Tağı İbrahimovun kürəkəninə məxsus ”GLOBAL-SF” MMC şirkəti tikir
“Prezident Administrasiyasına yürüş eləmək istədik, şirkətin işçiləri az qala qarşımızda diz çökdülər ki, azca da səbr edin, tikinti davam edəcək, tezliklə mənzillərinizə köçəcəksiz. O gündən 5 il keçir”.
Bunu Meydan TV-yə Yasamal rayonu ərazisində tikintisi müşkülə düşən Yeni Yasamal Ə.Əhmədov (Talıblı) küçəsindəki 25 mərtəbəli binadan mənzil almış Hüseyn Qurbanov deyir. Hüseyn Qurbanov da daxil olmaqla azı 200 nəfər “GLOBAL-SF” MMC-nin inşasını yarımçıq saxladığı binadan mənzil alıb və hələ də evinə köçə bilmir.
Səbəb tikintinin başa çatdırılmamasıdır. Hüseyn Qurbanov deyir, ötən 5 ildə sakinlərə müxtəlif səbəblər deyilib:
“Gah deyir, icra hakimiyyəti imkan vermir, gah deyir, Fövqəladə Hallar Nazirliyi elə məbləğdə rüşvət istəyir ki, sahibkar məcbur qalıb işi dayandırıb. Ancaq bütün hallarda sahibkar heç olmasa pullarımızı qaytarmalıdır ki, biz də başımızın çarəsinə baxaq. 5 ildir üç azyaşlı uşaqla kirayələrdə qalıram. Əlimdə əvvəlki işim də yoxdur. Kirayəpulunu ordan-burdan borca girib ödəyirəm. İkiotaqlı mənzil almaq fikrinə düşdük, tamamilə müflis olduq, dilənçiyə döndük. Qaytarsın pulumuzu, başımızın çarəsini edək”.
Binanı faktiki Tağı İbrahimova, sənəd üzərində isə kürəkəninə məxsus olan “GLOBAL-SF” MMC şirkəti tikirmiş. 5 ildir ki, Fövqəladə Hallar Nazirliyi tikintini davam etdirməyə imkan vermir. Sakinlərsə tezliklə pulları qaytarılmasa, etiraz aksiyalarına başlayacaqlarını deyirlər. Sakin Mənzər İbrahimovanın sözlərinə görə, 2012-ci ildə oğlunun adına şirkətlə üçotaqlı mənzilin müqaviləsi bağlanıb. Hələ də kirayədə qalır:
“Şirkət nümayəndələri söz verdi ki, bina sürətlə tikilir və tezliklə təhvil veriləcək. Həmin vaxt həqiqətən də iş gedirdi. Az sonra iş dayandı. Mən oğlumu evləndirib kirayə göndərməli oldum. İki övladı doğulub, pullarımız şirkətdə, devalvasiyalardan sonra qəpik-quruşa dönüb. Onu da şirkətdən geri ala bilmirik”.
Bəs azı 200 ailənin evsiz-eşiksiz qalmasına səbəb nədir?
“Qlobal-SF” MMC iş adamı, “İBRA Holdinq”in prezidenti Tağı İbrahimovun kürəkəninə məxsusdur. Hələ bir müddət əvvəl Tağı İbrahimovla ortağı, “Fəqan-1” MMC-nin təsisçisi Rauf Hüseynov Həsən Əliyev küçəsi 33-də 16 mərtəbəli, ikibloklu bina tikib. Ancaq şəriklər arasındakı fikir ayrılığı nəticəsində Tağı İbrahimov şərikini bu işdən kənarlaşdırıb. Bildirilir ki, Hüseynovun həmin tikintiyə xərclədiyi 4 milyon manat civarında pulu da ona qaytarmayıb. Hər iki tərəf binadakı mənzilləri satışa çıxarıb və eyni mənzillər həm Tağı İbrahimov, həm də Rauf Hüseynov tərəfindən ayrı-ayrı vətəndaşlara satılıb. Nəticədə 43 ailə zərər çəkib və həmin vətəndaşların şikayətlərindən sonra onlardan 29-na Tağı İbrahimovun kürəkəninə məxsus “Qlobal-SF” MMC-nin məhz bu binasından mənzil veriləcəyi barədə sənədlər paylanıb.
Lakin hazırda həmin vətəndaşlar da mənzillərinə qovuşa bilmirlər.
“Qlobal-SF” MMC-nin Tağı İbrahimova məxsus olmasını vaxtilə şəriki olmuş Rauf Hüseynova verilən sənədlər də təsdiqləyir. Həmin sənədlər tikilən binadakı mənzillərin Tağı Əhmədov tərəfindən ona verilməsi ilə bağlıdır. Binanın inşasının yarımçıq qalmasına gəlincə, sakinlərin iddiasına görə, Fövqəladə Hallar Nazirliyi iş adamından külli məbləğdə rüşvət istəyir.
Şirkətdənsə Meydan TV-yə bildirilib ki, vaxtilə bina inşa olunarkən bəzi texniki normativlərə əməl olunmayıb. Bu səbəbdən də tikinti dayandırılıb:
“Rüşvətlə bağlı deyilənlər cəfəngiyyatdır. Yaxın vaxtlarda tikinti davam etdiriləcək və bu ilin sonunadək başa çatdırılacaq. Vətəndaşlar mənzillərində təmir işlərinə başlaya biləcək”.
Elə sakinlər də eyni sözü deyirlər. Fuad Mustafayev deyir, vaxtilə layihə düzgün tərtib edilməyib, özülə vurulan betonun markası aşağı olub, tikintiyə nəzarət zəif olub, hətta tikinti ərazisində yanğın da baş verib. Bununla yanaşı, qaraj katlavanda tikilməli olsa da, yuxarı mərtəbələrə qaldırılıb:
“O binanı söküb yenidən tikməlidilər. Sahibkar binanı tikmək üçün xeyli şirkətə müraciət edib, heç kəs yaxın durmayıb. Problemli binanın məsuliyyətini heç kəs üzərinə götürmək istəmir”.
25 mərtəbəli binanın inşasına 2006-cı ildən başlanıb. 2008-ci ildən binadakı mənzillər satışa çıxarılıb. Bir qisim vətəndaş nağd, bir qisim vətəndaşsa kredit yolu ilə mənzillər alıb.