20 Yanvar əlili küçələrdə yaşayır

”Qorxuram bir gün gecəykən ev çökəcək, qalacağıq altında”

Source:


”Qorxuram bir gün gecəykən ev çökəcək, qalacağıq altında”

…Onların ünvanı yoxdur. Evləri Hacıqabuldur. Bu gün İcra Hakimiyyətinin önü, sabah rayon parkı, o biri gün məktəbin həyəti, başqa bir gün isə doğma kəndləri…


“Həyat yoldaşım və 3 azyaşlı övladımla qalmışıq küçələrdə”

Hacıqabulun Qızılburun kəndinin sakini Yalçın Dəmirov bir ildən çoxdur ki, ailəsi və 3 övladı ilə çadırda yaşayır. 25 ildir ev növbəsində olsa da, adı evə ehtiyacı olanların siyahısına düşməyib. Deyir, müraciəti yerli icra hakimiyyətinin binasından kənara çıxmayıb.

II qrup 20 Yanvar əlili Yalçın Dəmirov 1995-ci ildən ev növbəsindədir. İl olub 2016, hələ də ona növbə çatmayıb.

“1995-ci ildə babam məni icra hakimiyyətinə apararaq ev növbəsinə yazdırdı. O gündən gözləyirəm. Əvvəl çox da vecimə almırdım. Deyirdim, nə vaxt olsa verərlər. İndi ailəm var, 3 övladım var. Yaşamaq çətinləşib. Evsiz alınmır. Həyat yoldaşım və 3 azyaşlı övladımla qalmışıq küçələrdə. Üstəlik, II qrup əliləm. 20 Yanvar əlili. 88-90-cı illərdə Bakıda fizika-riyaziyyat internatına daxil olmuşdum. Elə həmin vaxtlar Azadlıq hərəkatına qoşuldum. 20 yanvar gecəsi mitinq zamanı güllə yaraları aldım. Yaram müəyyən vaxtdan sonra sağaldı. Bundan sonra isə yuxusuzluq problemim yarandı. O qədər əsəbi olmuşdum ki, dərmanlarla, siqaretlə sakitləşirdim. Nəticədə, qaraciyərim də sıradan çıxdı. Məndə kəskin bronxit xəstəliyi yarandı, ayaqlarım tutuldu və mən 2-ci qrup əlil oldum. Azadlıq uğrunda mübarizə aparana bu dövlətin verdiyi dəyər göz önündədir”.


“Aidiyyatı qurumlar durumumuzdan xəbərdardır, ancaq veclərinə deyil”

Yalçın Dəmirov
Yalçın Dəmirov

Yalçın Dəmirov bir müddət babasından qalan köhnə evdə yaşayıb. Bu gün həmin ev də əlindən çıxıb: “Köhnə, gildən tikilmiş ev idi. Torpağın üstündə. Bu yaxınlarda icra hakimiyətindən gəlib dedilər ki, yaşamağa yararsızdır. İçəridə qaldığınız hər gün təhlükəlidir. Çıxdıq. O gündən çadırda yaşayırıq. Gah həyətdə, gah da şəhərin müxtəlif yerlərində qururuq çadırımızı. Bütün aidiyyatı qurumların da xəbəri var. Ancaq vecinə alan yoxdur”.


“Qorxuram bir gün gecəykən ev çökəcək, qalacağıq altında”

Yalçın Dəmirovun həyat yoldaşı 25 yaşlı Nuriyə Dəmirova da vəziyyətlərinin ağır olduğunu deyir. Yaşanılası mümkün olmayan şəraitdə olduqlarını söyləyir: “Həyatıma, yaşamağıma nifrət edirəm. 3 uşaqla qalmışıq küçələrdə. İmkan yox, ev qəzalı vəziyyətdə, səsimizi eşidən yox. Böyük övladımız birinci sinfə gedir. Arada dərs hazırlamaq üçün sinif yoldaşlarının evinə gedir. Qayıdanda deyir “ana, bizim niyə onlardakı kimi evimiz, otağımız yoxdur?” Bu sualı eşitmək ana-ata üçün bilirsiniz necə ağırdır? İmkansızlıq, şəraitsizlikdən bezara gəlmişəm. Arada az qalıram özümü öldürəm. Onda da uşaqlarım durur gözümün qabağında. Deyirəm, onsuz da bir gün görməyiblər, mən olmasam vəziyyətləri daha da pis olar”.

Nuriyə Dəmirova bildirir ki, aidiyyatı orqanlar vəziyyətlərindən xəbərdardır. Evlərinin qəzalı, yaşanmağa yararlı olmamasını da məhz icra hakimiyyəti nümayəndələri söyləyib: “Əlimizdə imzalı sənəd də var. Özləri gəlib baxıb, rəy verdilər ki, qəzalıdır, təhlükəlidir, çıxın. Biz də uzun müddət çadırda qaldıq. Gördük ki, kimsənin vecinə deyil, soyuqda, yağışda dözməyib qəzalı evə yığışdıq. Əməlli-başlı təhlükə altındayıq. Qorxuram bir gün gecəykən çökəcək, qalacağıq altında”.


1995-ci ildən ev növbəsində olsa da, evə ehtiyacı olanlar siyasında adı yoxdur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında evə ehtiyacı olanlar, evlə təmin olunanlarla bağlı bölmə var. Burada ev növbəsində olan vətəndaşların adları yazılıb. Bu siyahıların heç birində Yalçın Dəmirovun adı yoxdur.

Daha ətraflı məlumat ala bilmək üçün nazirliyinin mətbuat xidmətinə müraciət etdik. Mətbuat xidmətindən 142 çağrı mərkəzinə müraciət etməyimiz məsləhət görüldü. Çağrı mərkəzindən isə bildirildi ki, əgər vətəndaşın adı siyahılarda yoxdursa, nazirlik onu özbaşına siyahıya daxil edə bilməz. Gərək müvafiq icra hakimiyyətindən göstəriş verilə:

“Rayonlarda, o cümlədən Bakı şəhərində ev növbəsində olan Qarabağ əlilləri, gözdən əlillər və s. siyahısını bizə yerli icra hakimiyyəti orqanları göndərir. Həmin şəxs icra hakimiyyətinə müraciət edib adını ev növbəsinə yazdırmalı, icra hakimiyyəti o siyahını bizə göndərməlidir. Nazirlik bundan sonra həmin vətəndaşı ev növbəsinə yazır”.


“Vətəndaşın evi İcra Hakimiyyəti tərəfindən təmir edilib”

Hacıqabul rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Mehparə Cəfərova dedi ki, nə mənzil fondunda boş ev, nə də icra hakimiyyətinin vətəndaşa ev tikəcək vəsaiti var: “Vətəndaş niyə çöldə yaşayır? Onun evi İcra Hakimiyyəti tərəfindən təmir edilib. Hətta ona maddi yardım da göstərilib. Vətəndaş yalan danışır. Çöldə qalmır. Onun hər yerə yazmaqda məqsədi odur ki, İcra Hakimiyyəti tərəfindən ona fərdi yaşayış evi alınsın və yaxud da torpağında ona yeni ev tikilsin. Rayonda evlər tikilmir, boş mənzil yoxdur. Heç İcra Hakimiyyətinin ona xüsusi ev tikməyə imkanı da yoxdur. İmkanlı adamlar belə özlərinə illərlə çalışıb-vuruşub güclə ev tikirlər, icra hakimiyyəti ona necə ev tiksin? Onun atasının həyətində evi var, həmin ev də bizim göstərişimizlə təmir edilib. Vətəndaşa müəyyən qədər şərait yaradıblar. Daha nə istəyir anlamıram”.


“Yaşayırıq, buna yaşamaq demək olarsa…”

İcra hakimiyyəti deyir, vətəndaşa şərait yaradılıb, vətəndaş isə quruca torpağın üstündə qaldığını söyləyir: “Gəlin gəldiyim gündən bu evdəyəm, şəraitsizlikdəyəm. Allahın bir gününü görmədim. Cəmi 25 yaşım var. Çiynimizdə 3 övladımızın yükü olmasa və bilsək ki, bizdən sonra şəraitləri yaxşı olacaq intihar edib, canımızı qurtarardıq. Ancaq bilirəm ki, azadlıq uğurunda mübarizə aparanın dəyəri budursa, mənim arxada buraxacağım yetimlərimin üzünə baxan olmayacaq. Ona görə yaşayırıq, buna yaşamaq demək olarsa…”, – deyir Nuriyə Dəmirova.

Ana səhifəXəbərlər20 Yanvar əlili küçələrdə yaşayır