“20 manatlıq müavinət artımı heç bir dərdə dərman deyil”

Foto: Meydan TV

Cəlilabad sakini: “Mağazanın qarşısından keçə bilmirəm, çünki aldığım ərzaqlara görə borcum yığılıb”

“Kommunal borclar üst-üstə yığılır, mağazalara borclar üst-üstə yığılır, artıq mağazalardan gedib nisyə ərzaq istəməyə də utanıram. İstəsəm belə, vermirlər, deyirlər, əvvəlki borclarını bağla… Uşaq xəstə, özüm xəstə… Hansını deyim, hansını danışım, bilmirəm”.

Bunu Meydan TV-yə Cəlilabadın Günəşli kənd sakini Şükufə Məmmədova deyir.

Kommunal borc ödəyə bilmir, dərman ala bilmir

50 yaşlı Şükufə Məmmədova onkoloji xəstədir, 15 yaşlı oğlusa epilepsiyadan əziyyət çəkir. Xəstəliyi üzündən əmək fəaliyyətiylə məşğul ola bilmir. Bir neçə il əvvəl ailə başçısını itirib. Elə yeganə maddi gəliri də buna görə dövlətin verdiyi 100 manatdır. Ötən ayadək bu məbləğ 80 manat olub. Ancaq 20 manatlıq artım necə deyərlər, ailənin heç bir dərdinə dərman olmayıb:

Şükufə Məmmədova. Foto: Meydan TV

“Kommunal xərcləri ödəyə bilmirəm, nə özümün, nə uşağın dərmanlarını ala bilmirəm. Mağazanın qarşısından keçə bilmirəm, çünki aldığım ərzaqlara görə borcum yığılıb. Almayanda da olmur, özüm də, uşağım da qida qəbul etməliyik ki, ayaqda qala bilək. Evim soyuqdur, şəraitsizdir, bu, bizim səhhətimizi daha da ağırlaşdırır. Sabah mən başımı yerə qoysam, bu uşağın axırı necə olacaq, bilmirəm. Dövlətdən heç bir dəstək yoxdur. Kənddə yaşayıram, heç uşağı vaxtı-vaxtında rayon mərkəzinə həkim müayinəsinə də apara bilmirəm”.

Yazdığı məktublar cavabsız qalıb

Şükufə xanıma dayısı oğlu yardım edirmiş, ancaq bu yaxınlarda o da vəfat edib. Şükufə xanımın dövlət qurumlarına kömək üçün yazdığı məktublarsa cavabsız qalıb:

“Dəfələrlə Prezidentə yazmışam. Yazandan sonra keçmiş icra başçısının vaxtında icra hakimiyyətinə çağırıb mənə boş vərəqələrə qol çəkdiriblər ki, sənə köməklik olunacaq, ancaq heç bir köməklik etməyiblər”.
Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, vətəndaşlar sosial vəziyyətləriylə bağlı quruma üz tutduqda, onlara aidiyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmələri tövsiyə olunur. Çünki icra hakimiyyətlərinin bu kimi xərclər üçün büdcəsi yoxdur.

Məmmədovların evi. Foto: Meydan TV

“Adımda torpaq var, sosial yardım vermirlər”

Şükufə xanım bunu da edib, bir müddət əvvəl ünvanlı sosial yardım üçün müraciət edib, ancaq imtina cavabı alıb:

Foto: Meydan TV

“Adımda 60 sot pay torpağı olduğuna görə sənədləri özümə qaytarıb ünvanlı sosial yardım təyin etmədilər. Bu pay torpağı da kəndlərdəki bütün ailələrə verilib. Dövlətdən yardım istəyəndə gətirib qoyurlar insanların qarşısına ki, torpağın var. Halbuki heç kəs bu torpaqlardan istifadə edə bilmir. Çünki torpağı əkib, məhsul götürmək üçün pul lazımdır, heç bir yerdə işləməyən, gəliri olmayan kəndli necə əksin o torpağı? Uzun illərdir ki, kəndlilərə torpaq veriblər, ancaq əkib becərməyə pul verməyiblər, o torpaqlar da qalıb kəndin o başında, heç nəyə yarımır, əvəzində adamlar dövlətin ünvanlı sosial yardımından məhrum olurlar”.

Ana səhifəBölgə“20 manatlıq müavinət artımı heç bir dərdə dərman deyil”