Mirəşəlli kəndinin sakinləri qeyri-sabit vəziyyətdə yaşamaqdan yorulublar
Bir müddət öncə İrəvandakı Qafqaz İnstitutunun sədri Aleksandr İsgəndəryan belə bir açıqlama verdi: “Azərbaycan və Ermənistan cəmiyyətləri güzəştlərə hazır deyil”.
Eyni məzmunlu açıqlamalar ara-sıra Azərbaycanın hakimiyyət nümayəndələri də verir. Məsələn, bu günlərdə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, əgər Ermənistan konstruktiv bir mövqeyə gəlməsə, beynəlxalq təşkilatların Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə qətnamələrini yerinə yetirməsə, Azərbaycan istənilən yolla, o cümlədən hərbi yolla öz torpaqlarını işğaldan azad edəcək.
Görünənsə odur ki, hazırda Ermənistanla Azərbaycan arasında danışıqlar dayanıb. Müzakirələrin ləng getməsi isə cəmiyyətlərin güzəştə hazır olub-olmadığını müəyyənləşdirməyə imkan vermir.
Bəs sərhəd bölgəsində yaşayan sadə insanlar problemin həlli yollarını necə görür? Onlar güzəştli sülhə hazırdılarmı? Yaxud prosesin bu cür davamı onları qane edirmi?
Sualların cavabını Ağdamın sərhəd kəndlərində axtardıq…
“Şəhidlərə görə ermənilərlə birgə yaşamaq olmaz”
Mirəşəlli Ağdamın işğal olunmuş kəndlərlə sərhəd kəndidir. Bu kənddə yerlilərlə yanaşı, Ağdamın işğal altında olan kəndlərinin sakinləri də məskunlaşıb. Əslən Kolanlı kəndindən olan Mehman Məmmədov da artıq neçə ildir Mirəşəllidə yaşayır. Deyir ki, Kolanlı işğal olunanda döyüşdə imiş: “O vaxt valideynlərim məcburi köçkün kimi Oğuza, oradan da Bərdənin kəndinə getdilər. Mən Ağdamdan ayrı yaşaya bilmədim, ona görə də gəldim bura. Burdan Ağdam, alınmış kəndlər aydın görünür. Hər səhər dayanıb baxıram oralara”.
Mehman Məmmədovun sözlərinə görə, atışma səslərinə artıq alışıblar. Ancaq daha bu cür yaşamaq istəmirlər: “Düşünmürəm ki, bu vəziyyət daha 10 il də sürsün. Ümid edirəm ki, tezliklə öz kəndimizə, obamıza dönəcəyik. İqtisadiyyatımızın güclənməsi, ordumuzun qüdrətlənməsi mənə bu ümidi verir. Torpaqlar sülhlə alınsa, lap yaxşı olar. Ancaq baş komandanımız nə əmr etsə, o da olacaq. İstər sülh, istər müharibə”.
Mehman Məmmədovun fikrincə, şəhidlərə görə yenidən ermənilərlə bir yerdə yaşamaq olmaz: “Nəslimdən nə qədər adam şəhid olub. Şəxsən mən daha ermənilərlə birgə yaşaya bilmərəm. Anlayıram ki, müharibədir, onların da itkiləri var. Ancaq günahkar biz deyilik. Ermənilərlə bu cür müharibələr dəfələrlə olub, təkrar barışmışıq. Bir müddətdən sonra yenə narazılıqlar meydana gəlib. Bəlkə nə zamansa övladlarımız barışdılar. Çünki onlar müharibə, qan görməyiblər. Amma əminəm ki, övladlarımızın övladları təkrar müharibə görəcəklər. Yəni, bu məsələ birdəfəlik həll olunmayacaq. Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşıdır. Ümumiyyətlə, bu məsələdə sadə vətəndaşın günahı yoxdu. Hər nə edirsə, onların diasporası edir. Bununla belə, düşünürəm ki, onlarla birgə yaşamaq şəhidlərimizə hörmətsizlikdir”.
Uzun illər qonşuluqda yaşasalar da, erməni dostu olmayıb: “Ancaq əsgər yoldaşım var. O zamanlar bir qafqazlı kimi mehriban olmuşuq. Sadə adamlar həmişə mehriban olublar. Nə qədər ermənilərin “böyük”ləri var, sülhdən danışmaq mənasızdır. Yalnız qarışan olmasa, sadə adamlar yenə mehriban yaşaya bilərlər”.
“Onlara etibar etmirəm”
Mehman Məmmədovun iki övladı var. Oğlu Cavid 9 yaşındadır. Sərhəd bölgəsində yaşaması Cavidi qorxutmur. Bununla belə, o da müharibənin olmasını istəmir: “İstəyirəm onlara barışaq”.
Bacısı Şahnazın isə 13 yaşı var. Caviddən fərqli olaraq, o, ermənilərlə birgə yaşamaq istəmir, onlara etibar etmir: “Tarixdə belə hadisələr çox olub, mehriban olmuşuq, təkrar başlayıblar davaya. Ona görə də etibarım yoxdu ermənilərə. Bizim yaxşı niyyətimizdən istifadə edə bilərlər”.
“İnsanlar çox yorulub”
Mirəşəlli qəbiristanlığı artıq ümumi Ağdam qəbiristanlığına çevrilib. Son arzusu Vətəndə torpağa verilmək olan ağdamlıların əksəriyyəti məhz burada uyuyur. Məzarlıq erməni postu ilə bir neçə metrlik məsafədədir. Qəbirlərin əksəriyyətində güllə yeri var. Mərmi hətta bəzisinin başdaşını da dağıdıb.
Kənd sakini Telmanın dediyinə görə, uzun illər qəbiristanlığa səngərlə gəlib-gediblər: “Elə indi də qorxuludur. Bir də görürsən atışma başladı, gizlənməyə də yer olmur. Kəndin içindən qəbiristanlığa qədər səngər qazmışdıq. Dar, uzun yolla meyidi daşımaq çox çətin idi. İndi-indi maşınla gələ bilirik”.
Mirəşəlli məzarlığının yaxınlığında əkin sahələri var. Kənd sakini deyir ki, yayda bir traktor minaya düşüb, sürücü rəhmətə gedib. “Həmişə əkin-biçin aparılan sahə idi. Heç kimin ağlına gəlməzdi mina olsun. Hər anımız qorxu içində keçir. Bu vəziyyət mütləq dəyişməlidir. Artıq 20 ildir bu gündəyik. İnsanlar çox yorulub” – deyir Telman kişi.
“Nagüman yaşayırıq”
“20 ildir səksəkə içərisində yaşayırıq. Yatanda da düşünürük ki, birdən gecə erməni gəlib uşaqlarımızı aparar, ya da atarlar ev başımıza uçar”. Bu sözləri kənd sakini Şövkət Rəhimova deyir.
Onun da evi kəndin qurtaracağında, sərhəddin bir neçə addımlığındadır. Şövkət xanımın sözlərinə görə, artıq bu cür yaşamaqdan yorulublar: “Atəşkəs dediklərinə baxmayın, tez-tez atışma olur. Evimiz elə yerdədir ki, atılan bütün mərmilər başımızın üstündən keçir. Əkin-biçini də qorxu içində edirik. Nagüman yaşayırıq. Prezidentimiz sag olsun, bizi arxayınlaşdırır, deyir, narahat olmayın, torpaqlar alınacaq. Ümidlə gözləyirik ki, nə vaxtsa bu müharibəyə son qoyulacaq. İşıq, su problemimiz yoxdu, dağılan evləri də tikirlər. Ancaq bu vəziyyətdə çox yaşamaq olmaz”.
Şövkət Rəhimova deyir ki, kənd atışma qorxusundan deyil, işsizlikdən boşalır. Cavanlar iş ümidilə Bakıya, Rusiyaya üz tutur. Kənd sakini bunun da səbəbini qeyri-sabit vəziyyətdə görür. Onun fikrincə, sülh olarsa, kənddə iş yerləri yaradılar, müəssisələr açılar, cavanlar da geri qayıdar: “Erməni bizdən, biz də onlardan çəkinirik. Biz mehriban millətik. Görürsənmi ermənilər də tez bizim dili öyrənirlər. Bir vaxtlar Xankəndinə bazarlığa gedərdik, münasibət yaxşı idi. Torpaqlarımız sülhlə alınsa, yaxşıdı, müharibə istəmirik”.
Şövkət Rəhimovanın 6 yaşlı nəvəsi Fərrux da həyat tərzindən narazıdır: “Qəşəng yaşamaq istəyirəm. İstəyirəm ermənilər bizə güllə atmasınlar”.
Atılan mərmilər kənddəki uşaq bağçasını da dağıdıb. Ancaq sonradan təmir edilib. Hazırda 55 uşaqlıq bina istifadədədir. Bağçanın müəlliməsi deyir ki, belə yaşamağa öyrəşiblər: “İçimizdə ümid var. Düşünürəm ki əvvəl-axır bitəcək problem. Əslən ismayıllılıyam, 30 ildir bu kənddə yaşayıram. Ailəmizin neçə itkisi var. Xalam oğlu şəhiddi, yoldaşımın dayısı oğlu itkindir. Anası öləndə də deyirdi ki, Baloğlan qayıtmasa, can vermərəm. Bu müsibətlərdən sonra ermənilərlə qonşuluq emək haqqında düşünə bilmirəm. Bircə onu bilirəm ki, bu kənd müharibə vəziyyətində yaşamaqdan yorulub. Amma yenə də gələcək göstərər ki, ermənilərlə birgə yaşaya bilərik, ya yox”.