120-dən artıq Azərbaycan hərbçisi mina partlayışından dünyasını dəyişib
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi 1994-2014-cü illərdə – Atəşkəs müqaviləsinin qüvvədə olduğu 20 il ərzində cəbhə xəttində dünyasını dəyişən və yaralanan Azərbaycan əsgərlərinin statistikasını açıqlayıb.
“Doktrina” JHAM direktoru Cəsur Sümərinli Meydan TV-yə deyib ki, 20 il ərzində cəbhə xəttində ən azı 610 Azərbaycan hərbçisi düşmən gülləsindən dünyasını dəyişib:
“Həmin dövrdə yaralananların ümumi sayı isə 750 nəfərdən yuxarıdır. KİV-də apardığımız monitorinqin nəticələri, hərbi mənbələrdən əldə etdiyimiz məlumatlar, eyni zamanda əsgər valideynlərindən əldə etdiyimiz müxtəlif informasiyalara görə, itkilərin sayı təxminən bu göstərici çərçivəsindədir”.
C.Sümərinli bildirdi ki, 20 il ərzində 120-dən artıq Azərbaycan hərbçisi mina partlayışından dünyasını dəyişib. 200-dən artıq hərbi qulluqçu isə mina partlayışından bu və ya digər şəkildə yaralanıblar.
Onun sözlərinə görə, 40-dan artıq mülki vətəndaşı düşmən gülləsindən yaralanıb, həlak olan mülki vətəndaşların sayı isə 15-dir: “Mina partlayışından dünyasını dəyişən mülkilərin sayı 18 nəfər, yaralanaların sayı isə 25 nəfərdir. Eyni zamanda, 9 mülki vətəndaşı düşmən tərəfindən girov gptürülüb, sonradan qaytarılıblar. Silahlı Qüvvələrinin 30-dan artıq hərbi qulluqçusu düşmən tərəfindən əsir götürülüb və onlardan 5-i 3-cü ölkəyə göndərilib, qalanları isə müxtəlif vaxtlarda Azərbaycana qaytarılıblar”.
C.Sümərinli göstəricilərin qeyd olunanlardan yüksək ola biləcəyini də istisna etmir.