”2 beşmərtəbəli binanın arasına 13 mərtəbəli bina yerləşdirmək istəyirlər”

Sakinlər iki binanın arasında hündürmərtəbəli bina tikintisinə etiraz edir

Source:


Sakinlər iki binanın arasında hündürmərtəbəli bina tikintisinə etiraz edir

“Birinci mərhələdə ağaclara görə mübarizə apardıq, ancaq yenə də polisin, icra hakimiyyətinin dəstəyi ilə ağaclar kəsildi. Kimini polisə apardılar, kimini “sutkalıq”la hədələdilər… Nə isə, ərazini hasarlayıb ağacları kəsdilər. İndi “katlavan” qazılır. Səs-küy salırıq, çəkiliş çağırırıq, işi dayandırırlar, sakitlik olan kimi yenə davam edirlər”.

Bunu Meydan TV-yə Nəsimi rayonu, 5-ci mikrorayon, 20 Yanvar küçəsi, 22 və 24 saylı binaların sakinləri deyir.

Bir şirkət iki binanın ortasında hündürmərtəbəli bina tikmək üçün ərazidəki ağacları kəsib və hazırda binanın özülünü qazmağa cəhd edir.

Lakin hələlik sakinlər bunun qarşısını müxtəlif yollarla ala bilirlər. 22 saylı binanın sakini Aidə Mütəllibova deyir ki, artıq gücləri tükənib:

“Bu işə hökumət baxsın. Əsəblərimiz korlanıb, mən özüm diabetəm, yoldaşım xərçəngdir. Hər gün əsəb, stress keçiririk. İki binanın ortasına zorla 13 mərtəbəli bina yerləşdirmək istəyirlər. Nə insanları nəzərə alırlar, nə texniki imkanları… Onsuz da sıxlıqdır, nəfəs almağa imkan yoxdur, burda nəinki hündürmərtəbəli, heç birmərtəbəli kiçik ofis tikməyə də imkan yoxdur. Adamların gediş-gəliş yeridir, maşınlarımızı aparıb yol kənarında saxlayırıq. Həyətə keçmək mümkün deyil. Evlərimizə düşən günəşin, işığın qarşısını kəsməklə məşğuldular”.

24 saylı binanın sakini Zaur Kərimov:

“Dedilər, ağacları budayırlar, bir də baxdıq ki, hamısını kökündən kəsib böyrü üstə yıxıblar. Sonra da aldatdılar ki, dördmərtəbəli bina tikirlər. Bura heç dördmərtəbəli bina sığmaz, əslində isə bunlar burda 13 mərtəbəli bina tikməyi planlaşdırırlar. Beşmərtəbələrin tən mərkəzində 13 mərtəbəli bina… Üstəlik, bina iki məktəbin ortasına düşür”.

Ərazidə yeraltı su anbarı var, qazıntı anbaradək aparılıb və əraziyə gələn Fövqəladə Hallah Nazirliyinin nümayəndələrinin müdaxiləsindən sonra dayandırılıb. İkinci dəfə başqa qurum ərazidən qanunsuz torpaq daşınmasını səbəb gətirərək şirkətin qazıntı işini dayandırıb. Sakinlər deyir, bununla neçəni dəfədir ki, şirkət işi dayandırır, lakin qısa müddətdən sonra yenə qollarını çirmələyir.

“Gördüyünüz qazılan yer ağaclq idi. Gündüzlər uşaqlar oynayırdı, axşamlar binalarda yaşayan sakinlər maşınlarını saxlayırdılar. İndi maşınları yol kənarında saxlayırıq, gördüyünüz kimi, hər yer qazılıb, həyətə maşınla daxil olmaq mümkün deyil. Əvvəl şirkət işçiləri deyirdilər, işin başında Mehriban Əliyeva dayanır. Biz də yığışıb Mehriban xanıma məktub yazdıq, soruşduq ki, bu binanı o tikir, ya yox. Bundan sonra Mehriban xanımın adı ortalıqdan yığışdı. Gündə bir nazirin adını çəkirlər. Deyirlər, qısası, siz bizə heç nə eləyə bilməzsiniz, acığınıza tikəcəyik”.

Sakinlər deyir, həyətdəki uşaq bağçasının həyətini də qazmağa hazırlaşırlar. Uşaqların tətilə buraxılmasını gözləyirlər:

“Yəqin ki, uşaqlar tətildən qayıdınca görəcəklər artıq bağçanın həyətində də bina tikilir. Oraları da ölçüb-biçirlər. Ümumiyyətlə, qonşu həyətlərdə də eyni vəziyyətdir. Bütün binaların ortasında bünövrə qazılır. Elə bil bu iş eyni mərkəzdən idarə olunur. Özləri də çox arxayındılar. Deyirlər, özbaşına deyilik, arxamızda dayananlar var. Bu adamlar hər kimdilərsə, elə bil qəsdən məmurların adından istifadə edirlər, hökumətə qarşı qıcıq yaratmağa çalışırlar”.

Tikinti işlərini “TFM Smart Project” MMC aparır. Şirkətin ərazidəki nümayəndəsi Meydan TV-yə bildirib ki, eskiz layihəsinə görə, ərazidə 4+ mansard tipli yaşayış binası inşa ediləcək. Ərazidə tikinti aparmaq üçün hazırlanan layihə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi və Nəsimi rayon İcra Hakimiyyəti ilə razılaşdırılıb. Bununla bağlı müvafiq icra hakimiyyəti tərəfindən sərəncam da verilib: Sakinlərin narazılğı varsa, buyursunlar, onların məhkəməyə müraciət etmək hüquqları var. Heç bir qanunsuzluğa yol verilməyib, tikinti aparmaq üçün bütün texniki imkanlar gözdən keçirilib və razılıq verilib”.

Şirkət əməkdaşı müxbirə sənədləri təqdim etməyib. Sakinlərsə bildirir ki, şirkət əməkdaşlarından sənəd tələb edərkən onlara bir eskiz layihəsi göstərilib. Lakin həmin sənədin nə rəsmi təsdiqi, nə də möhürü var. Ümumiyyətlə, indiyədək sakinlərə göstərilən sənədlərin heç birində möhür və imza yoxdur.

Sakinlər müxtəlif qurumlara və “prezident.az saytına müraciət ediblər. Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti bu il fevralın 6-da sakinlərə cavab məktubu göndərib. Məktubda qeyd olunub ki, kəsilmiş ağaclara görə protokol tərtib olunub və inzibati qaydada cəza tədbiri görüləcək. Bundan 10 gün sonra Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyindən aldıqları cavab məktubu fərqli olub. Məktubda sakinlərə bildirilib ki, prezidentin rəsmi saytına etdikləri müraciət araşdırılması üçün onlara göndərilib. Məlum olub ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları həyətdəki köküstə qurumuş ağacları kəsiblər, digər ağaclarda isə budama işləri aparıblar.

Ana səhifəReportaj”2 beşmərtəbəli binanın arasına 13 mərtəbəli bina yerləşdirmək istəyirlər”