“1915- Osmanlı dosyesi” kitabının təqdimat mərasimi olub

Müəllif Azərbaycan tarixçilərini Avropa mənbələrindən istifadə etməməkdə ittiham edib

Source:


Müəllif Azərbaycan tarixçilərini Avropa mənbələrindən istifadə etməməkdə ittiham edib

Əli Hacızadə bazar ertəsi “Park.İNN” otelində müəllifi olduğu “1915-Osmanlı dosyesi” kitabının təqdimat mərasimini keçirib.

Kitab 1915-ci ildə Osmanlı İmperiyasında “erməni məsələsinə” həsr edilib. Təqdimat mərasimində çıxış edən müəllif  əsərin yaradılması haqda məlumat verib. O qeyd edib ki, tarixçilər çox zaman açıq mənbələrlə işləyib, daha çox türk və rus açıq mənbələrinə istinad ediblər. O, indiki kitabın Qərb universitetlərinin, Rusiya arxivlərinin qapalı mənbələrinə istinadən hazırlandığını nəzərə çatdırıb. Ə.Hacızadə bu məsələ ilə bağlı Azərbaycan tarixçilərini Avropa mənbələrindən istifadə etməməkdə ittiham edib.

Müəllif kitabın rus dilində nəşr edilməsi haqda da açıqlama verib. Onun sözlərinə görə, azərbaycandilli auditoriyanın ancaq 2-3 faizi bu məsələ ilə maraqlanır və ona görə də kitabın rus dilində hazırlanması daha çox oxucusu olması məqsədi daşıyır. “Əgər  kimsə 1915-ci il hadisələri haqda məlumata malik deyilsə, bu kitabı oxumaqla həmin məlumatlardan xəbərdar ola bilər”, – deyə o, kitabın əhəmiyyətini nəzərə çatdırıb.

1915-ci il “erməni soyqırımının” səbəblərinə toxunan müəllifə görə, bu məsələdə müxtəlif missioner qüvvələr təhrikçi rolda çıxış ediblər. Bundan əlavə, müəllif çar Rusiyası hökumətinin məxfi daxili yazışma arxivlərinə əsasən çar hökumətinin erməniləri Osmanlı İmperiyasına qarşı üsyana təhrik etdiyini deyib. Eyni zamanda, Avropadakı qüvvələr də erməniləri Osmanlı ilə toqquşmağa “həvəsləndiriblər”.

Mənbələrdə öncə 900 min erməninin “soyqırıma” məruz qalması, illər ötdükcə bu rəqəmin armasına da diqqət çəkilib. Belə yanaşmaya əsasən müəllif soyqırım iddiasının əsassız olduğunu deyib. 1915-ci il hadisəsilə paralel aparan müəllif II Dünya müharibəsindən sonra Çexoslovakiyadan 10 milyon nəfər almanın qovulduğunu, bunun 15 min nəfərinin qətl edildiyini vurğulayıb. İtkilərin böyüklüyünə baxmayaraq, bu hadisənin “soyqırım” adlanmamasına diqqət çəkib.

Ə.Hacızadə “erməni soyqırımına” əsas kimi erməni mənbələrinin o zamanki daxili işlər naziri Talət paşanın “erməniləri öldürün” cümləsini əsas gətirdiklərini deyib, amma ciddi Qərb tarixçiləri bu iddianı əsassız sayaraq, heç biri ona isnad etməyib. Müəllif bir çox yəhudi mənbələrinin “erməni soyqımı” olmasını qəbul etmədiklərini də xüsusi vurğulayıb.

Müəllifə görə, 1915-ci il hadisələrini ermənilərə qarşı soyqırım adlandırmaq olmaz. Çünki bu, birtərəfli qırğın deyil. Burada qırğınlar varsa, bu, üçtərəflidir, belə ki, bu qırğınlarda türklər də, kürdlər də, ermənilər də itki veriblər. Odur ki, buna konkret soyqırım kimi yox, üçtərəfli qırğın kimi baxmaq olar. “Bu qırğınlar niyə baş verib, səbəbi nədir, bu, ayrı məsələdir və heç kim heç kəsi oturduğu yerdə gəlib qətl etməz, deməli, bir səbəbi var”, deyə Ə.Hacızadə qeyd edib.

Kitab 13 fəsildən, 148 səhifədən ibarətdir, 2015-ci ildə “Qanun” nəşriyyatında 500 nüsxədə dərc edilib. Müəllif kitabı 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrə, eləcə də həmin qarışıq dövrdə həlak olan bütün insanların xatirəsinə həsr etdiyini nəzərə çatdırır.

Əli Nizami oğlu Hacızadə – KİV və PR texnologiyaları sahəsində mütəxəssis, “Hajizade Group” şirkətinin baş direktoru,Vikipediyanın Azərbaycan, rus və fransız dilli bölmələrinin redaktorudur.

26 fevral 1984-cü ildə Bakı şəhərində anadan olub, 2000-ci ildə Bakı şəhərində 8 saylı orta məktəbi, 2005-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq fakultəsini bitirib. 2005-2006-cı illərdə hərbi xidmətdə olub.

Ə.Hacızadə Rusiyanın REX informasiya agentliyinin ekspertlər şurasının üzvü, “Rusiyanın səsi” radiosunun eksperti, “www.gulustan.info” analitik-informasiya saytının, “www.sbm.az on-layn jurnalı”nın, “www.xocali.org” və s. internet layihələrinin yaradıcısı və sahibidir.

2013-cü ilin mayında “Hajizade Group”, Azərbaycanda “Twitter”in Azərbaycan seqmentində, statistikanı, populyar trendləri və aktiv istifadəçiləri təyin edən “www.aztwi.com” saytının Əli Hacızadənin rəhbərlik etdiyi “Hajizade Group” şirkətinin bir hissəsi olduğunu açıqlayıb.

Ana səhifəXəbərlər“1915- Osmanlı dosyesi” kitabının təqdimat mərasimi olub