”17 ildir cavab gözləyirəm”

İsmayıl İrani
İsmayıl İrani


İsmayıl İrani: “Yunanıstanda 9 il uçuq, xaraba komada yaşayaraq oturum gözlədim”


Mühacirətin çətin proses olduğunu ədəbiyyatdan, memuarlardan, sənədli və bədii filmlərdən bilirik. Amma kitablar, filmlər, sənədlər bu prosesin bəzən hansı faciəvi, psixoloji-çıxılmaz həddə gətirdiyini göstərməkdə acizdir. Azərbaycanlı oxucularda müasir Avropaya mühacirət proseduru barədə məlumatlar az və ümumidir. Gedirsən, gözləyirsən, sonra ya alırsan, ya da geri qaytarırlar. Halbuki, bu sıradan, ümumi bir prosesdir və bu prosesdən kənara çıxan nə qədər istisnalar var, onların da təəssüf ki, hamısı xoş istisnalar deyil…


Rəssam, fotograf, fərraş İsmayıl Zogdust İrandan başını götürüb Avropaya pənah aparanda 27 yaşı vardı, özü gənc, saçları şəvə kimi qapqara, ürəyi ümid dolu idi. Öz hesablamalarına görə, uzaqbaşı bir ilə Avropada status alacaq, özünə güzəran düzəldəcəkdi. Amma nə biləydi ki, iyirmi ilə yaxın bir müddəti, 17 ili qaçqın düşərgələrində, sənədsiz, işləmək və hərəkət izni olmadan yaşamaq məcburiyyətində qalacaq, saçları ağaracaq, yaşlanacaq, arxasınca düşdüyü oturum izni isə alınmayacaq ki, alınmayacaq…


Norveçin qaçqınlar üçün olan yataqxanasındakı balaca otağından təmizlik, sterillik və zövq yağır. Bu otağı artıq öz evi kimi qəbul edib, bəzəyib, rahatlıq yaradıb özünə İsmayıl ağa. Süfrədəki stəkanların, evdəki əşyaların təmizlikdən parıltısı göz qamaşdırır. Kədərlə düşünürəm ki, bu adamın özünün daim yaşadığı bir evi, normal şərait olsaydı, gör necə səliqə-səhman yaradardı…


– İsmayıl bəy, İranı niyə tərk etdiniz?

– Mənim böyük qardaşım müxalifətçi idi. Ona görə bütün ailəmiz polis nəzarətindəydi. Mən ali məktəb bitirmişəm, balaca qardaşım polislik oxudu. Amma uzun illər heç birimizə iş vermədilər. Hara getdiksə, dedilər ki, sizin ailə hökumətə düşməndir. Ailəmiz çox korluq çəkirdi. Heç bir ümid də yox idi. Özüm isə səltənəttələbəm, yəni şahlıq rejiminin bərqərar olmasını istəyərdim. Heç olmasa, onda insanlar rahat yaşayır, qadınlar rahat davrana bilirdilər. Bağlanmaq, ibadət məcburi deyildi. Bunu biləndə, gözaltına alındım. Sonra da ölkədən qaçdım.


– Hara qaçdınız?

– Türkiyəyə getdim. O zamanların Türkiyəsi belə deyildi, indi İranla az fərqi qalıb. O zamanlar daha sekulyar ölkəydi. Amma nə fayda ki, oturum izni, siyasi sığınacaq vermirdi. Başa düşdüm ki, orda alınmayacaq, bir ildən sonra keçdim Yunanıstana. Qaçaq yolla. Orda təslim olanda bizdən barmaq izi götürdülər. Başa düşdük ki, daha burda qalmalıyıq, çünki başqa ölkələrə getməyin bir adı yox idi, barmaq izindən bəlli edib, bura qaytaracaqdılar. 9 il qaldım Yunanıstanda. Orda sistem belə deyil.

Normal qaçqın düşərgələri yoxdur. Oturum gözlədiyin müddətdə sənə heç bir sosial yardım, yemək, qalacaq verilmir. Özüm kimi qaçqınlarla Afinanın ucqarlarında uçuq bir boş ev tapıb, ora-burasına əl gəzdirdik, illərlə orda yaşadıq. Mən qara yolla işləyirdim. Yunanlar iş iznimin olmadığını biləndə işə götürmürdülər, çünki cərimə və ya həbs oluna bilərdilər. Amma ərəblər, türklər işə götürürdülər, təbii ki, iznim olmadığına görə əməkhaqqım 5-10 dəfə az olurdu başqa işçilərdən. 9 il belə qəpik-quruşa işləyərək, oturumun cavabını gözlədim. Amma cavab gəlmədi. Axırda qərara gəldim ki, Norveçə gəlim. Burda tanışlar vardı, dedilər ki, Norveçdə daha asandır oturum almaq.


– Bəs sənədsiz Norveçə necə gəldiniz?

– Yunanıstanda qaçaq pasport alveri edən adamlar var. Həm saxta pasport düzəldirlər (bu, polis hardasa yoxlayanda göstərmək üçündür), həm də həqiqi pasportlar satırlar təyyarəyə minmək üçün. Bunun üçün onlar, məsələn, həqiqi Yunanıstan, İtaliya vətəndaşlarından vaxtına bir il, alt ay qalmış pasportları pulla alırlar. Pasportunu satan adam da gedib, pasportunun itdiyini deyərək, özünə yeni pasport düzəltdirir. Dəstə isə satın aldığı pasportu orda şəkli olan adama bənzəyən birinə çox daha baha qiymətə satır. Mən də belə bir pasport aldım. Pasport sahibinə üzdən bir az oxşayırdım, saçımı da ona uyğun düzəltdim. Təyyarəyə minəndə problem olmadı. Sistemdə belə bir pasport vardı. Bura gələn kimi isə pasportu tulladım.


– Burda qaçqın statusu almaq üçün müraciət etməyinizdən nə qədər vaxt keçib?

– 7 ilə yaxındır. Artıq iki dəfə “yox” cavabı gəlib. Cavablardan apellyasiya şikayəti vermişəm. Vəkilim farsa ərə getmiş bir norveçli qadındır, farsca da gözəl bilir, çətinlik çəkmirik danışanda. Amma Norveçdə bir şey var ki, “yox” cavabı versələr də, sakit, dinc adamsansa, geri deport etmirlər, öz ölkəndə səni gözləyə biləcək təhlükəni nəzərə alırlar. Burda on ildən artıq “yox” cavabı alıb, qalan iranlılar var ki, geri qaytarmırlar.

İsmayıl İraninin çalışma masası
İsmayıl İraninin çalışma masası


– Bəs belə adamlar, yəni müraciətinə “yox” cavabı alıb, amma burda qalanlar necə yaşayır?

– Hökumət qalmağa yer və ayda 200 avrodan bir az artıq məbləğdə pul yardımı verir. Birtəhər dolanmağa çatır. Amma hərdən nəsə bir iş da tapıb, pul qazanmaq olur, təbii ki, iş izni verilmir, gərək nəsə qara yolla işləyəsən. Norveçdə belədir ki, oturum iznin yoxdursa, heyət nömrən yoxdur, sənədin yoxdur, sənədin yoxdursa, bank kartın yoxdur, bank kartın yoxdursa, deməli, sən ancaq mövcud ola bilərsən. Onlayn kirayələmə, nəsə alma, ödəmə etmə, müxətlif lazım olan saytlara girmək imkanın yoxdur.


– İsmayıl bəy, bəzən burdakı qaçqınlar yerli vətəndaşlarla evlənir və bunun əsasında burda qala bilirlər. Siz də artıq 43 yaşa çatmıınız. Burda evlənmək barədə düşünmüsünüzmü heç?

– Əlbəttə düşünmüşəm. Amma burda evlənmək çox çətindir. Qadınlar, ümumiyyətlə, evənmək barədə gec düşünür. Bir də ki, dil baryeri, gəlmə, müsəlman kişilərlə bağlı stereotiplər var. Tanışlıq üçün gərək ictimai tədbirlərə gedəsən. Mən də inteqrasiya etmədiyimə, üstəlik maddi problemlərimin olduğuna görə belə yerlərə çox gedə bilmirəm. Tanışlıq saytları var, amma o saytlar da pulludur, gərək kartın ola və kartla ödəniş edəsən. Mənim isə nə sənədim, nə kartım var.


– İrana geri qaytarılan həmyerliləriniz olurmu heç?

– Hə, hərdən olur. Burda biri vardı, deyirdi ki, məni qaytarsalar, orda həbs edəcəklər. İnanmadılar. Geri qaytardılar bu yaxınlarda. Elə İran sərhəddini keçəndə həbs elədilər. Belə hallar çox olur. Geri qaytarılan mühacirlərin çoxuna İranda əziyyət edirlər. Xüusilə siyasilərə.


– Bəs, siz 17 il sənədsiz, qeyri-müəyyən vəziyyətdə qalandan sonra İrana qayıtmaq barədə düşünmüsünüzmü heç?

– Hərdən düşünürəm, amma qardaşlarımla danışanda bərk-bərk tapşırırlar ki, gəlmə. Deyirlər, burda güzəran, dinclik yoxdu, orda yenə birtəhər yaşayırsan. Ona görə geri qayıtmaq fikrindən vaz keçirəm hər dəfə.


– Bəs, gələcəyiniz barədə nə düşünürünüz? Necə olacaq axırınız?

– Qanuna görə bir ölkə sənə ordan çıxmağın haqda sənəd göndəribsə, yəni ölkəni tərk etməyin tələb olunubsa, Avropanın başqa ölkəsindən sığınacaq istəyə bilərsən. Norveç məni geri göndərməsə də, bu sənədi mənə verib, yəni ölkədən çıxmağım tələb olunub. Bir az da gözləyəcəm, xəbər çıxmasa, vəkilimlə məsləhətləşib, Almaniyaya, ya da Kanadaya gedəcəyəm. Görək, orda nə olur…

Ana səhifəVideo”17 ildir cavab gözləyirəm”