“16-lar”ın işi yenidən gündəmdə

Pənah Hüseyn: “Taktikamız ondan ibarətdir ki, hazırlıq iclasında iş xitam olunsa, əlavə addıma ehtiyac qalmayacaq, çünki 10 min avro kompensassiya almışıq”.

Source:


Pənah Hüseyn: “Taktikamız ondan ibarətdir ki, hazırlıq iclasında iş xitam olunsa, əlavə addıma ehtiyac qalmayacaq, çünki 10 min avro kompensassiya almışıq”.

2003-cü ilin 16 oktyabr hadisələrinə görə həbs olunan şəxslərin cinayət işi üzrə materiallara təkrar baxılması təxirə salınıb. Bu barədə Meydan TV-yə açıqlama verən Xalq Partiyasının sədri, sabiq millət vəkili Pənah Hüseyn deyib ki, keçmiş müsavatçı İbrahim İbrahimli, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və təyin olunmuş 2 vəkil prosesdə iştirak etmədiyindən işə baxılmayıb. Ona görə məhkəmənin növbəti iclası aprelin 9-una təyin edilib.

P.Hüseynin sözlərinə görə, Avropa Məhkəməsinin qərarında göstərilən qüsurlar xarakterli qüsurlar olduğundan Ali Məhkəmənin Plenumu işə xitam verməli idi. Amma plenum Avropa Məhkəməsinin qərarları ilə əlaqədar AR-nin qanunvericiliyi ilə müəyyən edilmiş normalara görə belə bir səlahiyyətinin olmadığını qeyd edərək işi hazırlıq iclasına göndərib.

P.Hüseyn deyir ki, onlar prosesdə bir mövqedən çıxış edəçəklər:

“Söhbət ADP sədri Sərdar Cəlaloğludan, deputat İqbal Ağazadədən, Qarabağ Əlilləri Cəmiyyətinin rəhbəri Etimad Əsədovdan, “YM” qəzetinin baş redaktoru Rauf Arifoğludan, İbrahim İbrahimlidən və məndən gedir. Bizim tələbim ondan ibarətdir ki, iş elə hazırlıq iclasında xitam olunmalıdır”.

“Xitam verilərsə, sizlərə dəyən maddi və mənəvi ziyana görə hüquqi tələbləriniz olacaqmı” sualına P.Hüseyn cavab verdi ki, bəraət alınacağı halda onlara bu məsələləri qaldırmaq səlahiyyəti verilib:

“Amma bu amildən istifadə olunub-olunmaması prosesin gedişində aydınlaşacaq. Qanun nöqteyi baxımından belə olmalıdır, ancaq bu iş siyasi olduğundan qanunsuz da olsa, işi yenidən ibtidai istintaq mərhələsinə qaytarıb 1 il yarım süründürməçilik edəcəklər. Nəhayət, vaxtın keçməsi adı ilə iş xitam oluna bilər”.

Sabiq deputat hesab edir ki, haqlarında yeni hökmün çıxarılması hüquqi və işin mahiyyəti baxımından mümkün görünmür:

“Ancaq belə bir hökm olsa, biz yerli və beynəlxalq məhkəmələrdə prosesi davam etdirəcəyik. Bununla belə taktikamız ondan ibarətdir ki, hazırlıq iclasında iş xitam olunsa, əlavə addıma ehtiyac qalmayacaq. Çünki bu şikayətimizə görə Avropa Məhkəməsinin qərarı əsasında 10 min avro kompensassiya almışıq. Yeni kompensassiya almağın mümkünlüyü haqqında vəkillərimlə söhbətim olmayıb. Bunları aydınlaşdırmaq lazımdır, ona görə də müdafiə tərəfinin qəti mövqeyi yoxdur”.

Ana səhifəXəbərlər“16-lar”ın işi yenidən gündəmdə