14 iyul: Kim nəyi bayram edir

Yalanın 3 növü var: balaca yalan, böyük yalan və…

Source:

Hər hansı ölkəni xarakterizə etmək istəyirsənsə, onun bayramlarına nəzər sal. Bayram günlərinin sayı da, xarakteri də ölkənin xarakteri və xalqın vəziyyəti haqda daha çox bilgi verir, nəinki sosioloji sorğular və statistik rəqəmlər.

Statistik göstəricilər ümumiyyətlə tamam başqa bir “mahnı”dır. “Yalanın 3 növü var: balaca yalan, böyük yalan və statistika” – unutmuşam, müəllifi kimdir. Ancaq unutmamışam ki, Şarl de Qoll deyib: “Əgər mən gündə 2 toyuq yeyirəmsə, qonşum isə ac oturursa, statistikaya görə hərəmiz 1 toyuq yeyirik”.

Statistikanı elə-belə yada salmadım. Rəqəmlərə inansaq, Azərbaycan bayram günlərinin çoxluğuna görə ilk yerlərdə dayanan 5 ölkədən biridir. Nəzərə alın ki, söhbət istirahət günü sayılan bayramlardan gedir. Hələ nə qədər “qeyri-rəsmi bayramlar” da var. 14 iyul kimi.

Yazdığım ilk cümləyə qayıdıram: Kim nəyi bayram edir? Məsələn, iyunun 5-i Seyşel adalarında İnqilab günüdür. Onun mərkəzi qəhrəmanı isə sıravi Raşeldir. O, həmin inqilabın 2 qurbanından biridir.

Bu, çox qəribə bir hekayətdir – 1977-nin həmin günündə devizi “Finis Coronat Opus” olan bu dövlətin paytaxtı Viktoriyada hərbi çevriliş olur. Çevrilişçilər ölkənin yeganə silah anbarına hücum çəkib keşikçini öldürür. Bu vaxt çevrilişçilərdən bir olan Raşel qan görüb panikaya düşür. Onun səs-küy salacağından qorxan dostları çarəni Raşeli də aradan götürməkdə görürlər. Və beləcə qorxaq əsgər xalq qəhrəmanına çevrilir.

Yaxud Liberiyada qətl günü bayram günüdür. 1980-ın 12 aprelində prezident Uilyam Tolbert serjant Semyuel Dou tərəfindən öldürülür. 34 ildir ki Liberiya xalqı bu qətli rəsmi bayram kimi qeyd edir. Baxmayaraq ki, özünü general rütbəsi ilə təltif edən serjant Dou da 10 il sonra amansızlıqla qətlə yetirilib (onu öz saçlarını, kəsilmiş qulağını və cinsiyyət üzvünü yeməyə məcbur edirlər, sonra hissə-hissə doğrayırlar, hamısını da videokamera ilə çəkirlər), Liberiya tarixində isə ən əclaf personajlardan biri kimi qalıb, ancaq əclafın törətdiyi qətl hələ də Liberiyanın əsas bayramıdır.

Bir sözlə, xalqları, onların hakimiyyətlərini və ölkədəki zövqləri öyrənmək istəyirsinizsə, onların bayramlarını götürün və bu bayramların necə yarandığını, motivlərini öyrənin. Nəticədə eskulap dəqiqləyi ilə diaqnoz qoya biləcəksiniz.

Götürək 14 iyul gününü. Fransada bu, Bastiliyanın alınması günüdür. Böyük Fransa inqilabı başlayıb, əsrlərin istibdadı çöküb və vaxtilə Mişel Fukonun diqqətləri yönəltdiyi kimi, inqilab türməyə hücumdan başlayıb. Çünki, ədliyyə sistemi və məhbəslər həmişə rejimlərin ən qorxu səpən silahları olub. Zəbt edilən türmə – aradan götürülən qorxu kimidir. Qorxuya qalib gələn xalq isə yenilməzdir.

Bastiliya kral hakimiyyətinin simvolu idi. Düzdür, 1789-cu ilin iyulunda onun hücrələrində cəmisi bir neçə məhbus qalmışdı (o cümlədən, markiz de Sad), ancaq Bastiliyanın fəthi misilsiz psixoloji rol daşıyırdı. Bu həbsxanaya düşməkdən heç kəs sığortalanmamışdı – istər əsilzadə olsun, istər burjua, kəndli, “üçüncü təbəqə” – şəhər sənətkarları və yeni formalaşan proletariat. Bununla da, Bastiliya bütün nifrətlərin qovuşduğu bir obyekt idi. Necə deyərlər, nifrətin bütün yolları Bastiliyaya aparırdı.

Böyük Fransa inqilabı bütün dünyanın mənzərəsini və tarixin trayektoriyasını dəyişdi. Fransızlar bayramları ilə fəxarəti haqq ediblər.

Yaxud, 14 iyul – Sandinist inqilabının qalib gəldiyi gündür. 1979-un bu günündə Nikaraqua inqilabının lideri (və hazırkı prezident) Daniel Orteqa mikrofonlar qarşısında qələbəni elan edib. 16 nəfərin başlatdığı 18 illik xalq savaşı bitib. Silahlı Sol qalib gəlib. Diktator Anastasio Somosa (“Teodor Ruzveltin “Bizim köpək oğlumuz” dediyi sifilitikin oğlu) atasının və qardaşının qalıqlarını kisələrə toplayıb ölkədən qaçıb, 1 il sonra isə Paraqvayda komandante Merlonun dəstəsi tərəfindən cəhənnəmə göndərilib. 1961-ci ildə İnqilabı başlatmaq qərarı vermiş 16 nəfərdən isə Qələbə gününə yalnız 1 nəfər salamat qalıb – Tomas Borxe. O da diktatura ilə savaşda həyat yoldaşını və övladlarını itirib.

Nəticədə Nikaraqua xalqı “Banan respublikası” yarlıkını üstündən atıb və dərhal da ABŞ-ın maliyyələşdirdiyi “Kontras”la müharibəyə məcbur edilib. İnqilabçılar o savaşı da illər sonra udublar. Orteqa isə hakimiyyətdən könüllü çəkilən nadir rəhbərlərdən biri olub. Ancaq unudulmayıb – 2008-ci ildə xalq Komandanteni yenə prezident seçib. Nikaraqualıların da bu tarixlə qürur duymağa haqqı çatır.

Və klassik demişkən, “qayıdaq öz qoyunlarımıza”. 14 iyulda bizdə 45 il əvvəlki bir rəsmi təyinatın ildönümü qeyd olunur. Təyin olunan şəxs sonralar diametral əks ideologiyaya da xidmət etməyə vaxt tapdı. Eynilə “Çapayev” filmindəki paqon dəyişən əsir ağqvardiyaçı sayağı.

Bir ölkədəki rəsmi təyinatın o ölkəni indi bəyənməyən başqa bir ölkədə bayram edilməsi isə artıq psixiatrik fenomendir…


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim Fikrimcə14 iyul: Kim nəyi bayram edir