İsrail açıqlama vermir, HƏMAS buraxacağı əsirlərin siyahısını qarşı tərəfə göndərdiyini deyir
İsrail HƏMAS arasındakı atəşkəs razılaşmasına görə, ilkin olaraq İsrailə iş üçün gəlmiş on nəfər Tayland və bir Filippin vətəndaşının azad edildiyi bildirilib.
İndi isə daha 14 israilli girovun 42 fələstinli məhbusun əvəzində azad ediləcəyi açıqlanıb.
İsrail Həbsxana Xidməti noyabrın 25-də açıqlama verərək bildirib ki, hazırda 42 məhbusu azadlığa hazırlayırlar.
Bunun müqabilində isə HƏMAS 14 israilli girovu azad edəcəyini irəli sürüb.
Dəyişdirilmə prosesinin noyabrın 25-də həyata keçiriləcəyi bildirilsə də, İsrail tərəf hələlik, azad ediləcək girovların sayı ilə bağlı rəsmi açıqlama verməyib.
HƏMAS isə bildirib ki, azad ediləcək əsirlərin adları ilə bağlı siyahı noyabrın 24-də İsrail hakimiyyətinə təqdim edilib.
Məlumatlarda nə qədər qeyri-İsrailli əsirlərin azad oluna biləcəyi ilə bağlı heç nə yoxdur.
HƏMAS silahlılarının İsrailə hücumu nəticəsində azı 1200 israilli öldürülüb. Bundan sonra İsrail Fələstinə quru hücumuna başlayıb.
Həmin vaxt açıqlanan məlumatlarda bildirilirdi ki, ölənlərin çoxu dinc sakinlər olub. Müxtəlif ölkələrin vətəndaşlarının olduğu 240-a yaxın şəxs isə girov götürülüb.
HƏMAS-ın nəzarətində olan Qəzzanın səhiyyə nazirliyi açıqlayıb ki, oktyabrın 7-də başlayan İsrail ordusunun cavab əməliyyatı 14 mindən çox adamın həyatına son qoyub. Onların çoxu qadın və uşaqlardır.