Cəvahir Qurbanova hər gün təmizlik etməkdən yorulub. Qəzalı halda olan binalarının tavanından evlərinə daima qum tökülür.
“Hər dəfə gəlib görürəm ki, yuxarıdan daş düşüb tavandakı lambirin üstünə. Oradan da torpaq ovulub evə tökülür. Evdə uşağı qoyub çıxmağa qorxuram ki, daş düşər başına”-Cəvahir Qurbanova deyir.
Sakinlər 133 yaşlı binanın onları ölümə aparmasından qorxurlar. Suraxanı rayonu Xanlar Ələkbərov 71 ünvanındakı binada hazırda 10 ailə yaşayır.
“Bir az külək əsən kimi bina silkələnir. Neft mədənində iş gedən də bina əsməyə başlayır. Divarlarda çatlar əmələ gəlib. Yağış yağan kimi, su evlərə hopur. Burada ancaq aztəminatlı, imkansız ailələr yaşayır. İmkanımız da yoxdur ki, gedib kirayə yaşayaq. Bizə çadır versələr yaşamağa, o çadır bu binadan daha təhlükəsiz olar”,- bina sakini Rafiq Əliyev deyir.
“Hardasa 1 il əvvəl dövlət qurumlarından gəlib, istədilər buranı təmir etsinlər. Sonra gördülər ki, təmirə yararlı deyil. Sonra Fövqəladə Hallar Nazirliyindən gəlib baxılar. Dedilər ki, “hə, bu bina kəskin qəzalıdır. Təmir etmək olmaz, sökülməlidir. Buradakı camaat da köçürülməlidir”. Bu rəy verilib, hər yerdə – İcra Hakimiyyətində də, Nazirlər Kabinetində də var. Deyirlər, gözləyin. Bina başımızdan uçandan – öləndən sonra köçmək nəyimizə lazımdır?!”- bina sakini Nazim Dadaşov deyir.
Ərazidə çəkiliş edərkən, eyni küçədə yerləşən 41 saylı binanın sakinləri yaxınlaşıb, onların da eyni problemlə üzləşdiklərini deyirlər.
Hər iki bina əvvəllər SOCAR-ın balansında olub. Sakinlərin sözlərinə görə binalar hazırda Bakı Şəhər Departamentinin tərkibindədir. Suraxanı Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Departamentindən sakinlərə bildirilib ki, köçürülmə üçün Nazirlər Kabinetinin qərarı olmalıdır. Nazirlər Kabinetinə üz tutan vətəndaşlar isə başqa cavab alıb.
“Nazirlər Kabinetində olduq. Bizə dedilər ki, tədbir görüləcək. Cavab məktublarında da yazılıb ki, “Suraxanı Rayon İcra Hakimiyyəti bununla bağlı tədbir görsün”. Hələ heç nə edilməyib”- 41 saylı binanın sakini Rəksanə Rzayeva danışır.
Suraxanı Rayon İcra Hakimiyyətinə edilən zənglərə cavab verilmədi.
Sakinlər dövlət qurumlarına getməkdən yorulsa da, növbəti dəfə qəbula yazılırlar.