112 nömrəli məktəbdə şiddət: “Uşaq bəzən ailədə gördüklərini təkrarlayır…” (yenilənib)

112 nömrəli məktəb. Mənbə: “Trend.az”

Baş Prokurorluq Sabunçu rayonunda yerləşən 112 saylı tam orta məktəbdəki hadisə ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Qurum qeyd edib ki, olayla bağlı araşdırma aparılır.

Bildirilir ki, araşdırma nəticəsində İnzibati Xətalar Məcəlləsinin 512-ci maddəsi ilə yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərinin (və ya onları əvəz edən şəxslərin) məsuliyyətə cəlb olunması halı qeydə alınıb.

Faktla bağlı inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına göndərilib.

Eyni zamanda, hadisənin baş verdiyi məktəbdə qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təqdimat aidiyyəti üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə göndərilib.


“Müəllimi elə sındırıblar ki…”

“Videoya baxan zaman təzyiq göstərən uşağın hansı ailədə formalaşdığını psixoloji durumundan müəyyən etmək mümkündür. Uşağın aqressiyasının kökü mütləq ailəsindən qaynaqlanır. Uşaq bəzən ailədə gördüklərinin təkrarlayır”.

“İcra hakimiyyətləri və bələdiyyələrdə həssas ailələrin məlumat bazası formalaşmalıdır”

Bunu Meydan TV-yə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Bakı şəhəri 112 nömrəli tam orta məktəbdə şagirdlər arasında baş verən bullinq hadisəsini şərh edərkən deyib.

O bildirib ki, bu kimi halların qarşısını almaq üçün ilk növbədə məktəb, valideyn və şagird arasında danışıqlar aparılmalı, aqressiyanın kökü müəyyən edilib aradan qaldırılmalıdır.

Kəmalə Ağazadə həmçinin hesab edir ki, hər rayon və ərazi üzrə istər icra hakimiyyətləri, istərsə də bələdiyyələr yanında həssas ailələrin məlumat bazası formalaşmalıdır:

“Orada sosial işçilər, psixoloqlar olmalıdır. Bu ailələrə səfərlər təşkil edilməlidir. Uşağa barmaq silkələməklə, “gör, sənin başına nə oyun açacağam”, – deməklə məsələ bitmir. Bizim ən yaralı yerimiz odur ki, 2000-2500 şagirdi olan məktəblərdə bir psixoloq ştatı var. Hesab edirəm ki, belə halların baş verməməsi üçün xüsusi xidmət və reabilitasiya proqramları olmalıdır”.

O, həmçinin mobil telefonların istifadəsində də ciddi məhdudiyyətlərin tətbiq edilməsinin tərəfdarı olduğunu deyir:

Kəmalə Ağazadə
Foto: Kəmalə Ağazadənin şəxsi arxivindən

“Biz bir qədər şöhrətpərəst millətik, çalışırıq ki, uşağımıza bahalı, yaxşı telefon verək. Dərs saatında uşağın diqqətini yayındıracaq heç nə olmamalıdır. Elina hadisəsi böyük bir həyəcan idi. Təkcə Azərbaycanda deyil, hazırda dünyada qlobal aqressiyalaşma baş verir. Bunların hamısı müharibələrin fəsadlarıdır. Bu gərginliklər mobil telefonlar, planşetlər vasitəsilə internet üzərindən nümayiş olunur”.

“Həm valideynlər, həm də uşaq psixoloji terapiya alsa, yaxşıdır”

Psixoloq-psixoterapevt Nərgiz Hüseynova Meydan TV-yə deyib ki, aqressiyanın yaranma səbəbləri müxtəlifdir:

“Uşaqlarda aqressiya hormonal disbalans, eyni zamanda ailədə, evdə hansısa travmatik situasiya nəticəsində yarana bilər. Ailədə uşaqla aqressiv davranış, şiddətə məruz qalma, onun şəxsiyyətini tapdalama, tanımama-bu kimi məsələlər, uşaqlarda aqressiv davranışa gətirib çıxara bilər. Həmçinin sosial şəbəkələrdə baxdığı videolar, məlumatlar, filmlər də aqressiv davranışı təkrar etməyə təkan verə bilər”.

Psixoloq deyir ki, aqressiya ailədən qaynaqlanırsa, valideynlər uşağa qarşı davranışlarını dəyişdirməlidir:

Nərgiz Hüseynova. Foto: Videomaterialdan screenshot

“Həm valideynlər, həm də uşaq psixoloji terapiya alsa, yaxşıdır. Valideyn davranışını dəyişdirməyəcəksə, uşağın da davranışını dəyişdirmək çətin olur. Səbəblər aydınlaşdırılmalıdır. Hansı səbəbdən bu uşaqda belə hallar baş verib, səbəblər ortaya çıxandan sonra həm valideyn, həm də şagird üzərindən işləmək lazımdır”.

“Müəllimi elə sındırıblar ki, uşağa söz deməyə risk etmir

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa da məsələyə münasibət bildirib.

O deyir ki, problem müəllimə münasibətin dəyişməsindən qaynaqlanır:

“Məktəbdə zorakılıq səhnəsini ürək ağrısı ilə seyr edirsən. Kimi suçlayasan? Ev, valideyin, məktəb, müəllim, direktor, sinifdəki şagirdlər, nazirlik, döyən, hətta döyülən – hamısının bu şəraitin yaranmasında günah payını tapa bilərsiniz. Ancaq ən əsas olan boşluq – müəllim avtoritetinin olmamasıdır. Müəllimi elə sındırıblar ki, uşağa söz deməyə risk etmir”.

Millət vəkili qeyd edib ki, bu kimi halların qarşısını almaq üçün müəllimlərin səlahiyyətləri, sinfə müdaxilə imkanları genişləndirilməlidir:

Deputat Fazil Mustafa
Fazil Mustafa. Foto: Meydan TV

“Cinsi və ya maddi zorakılıqlar, hamiləlik, pedofiliya, narkomaniya faktları da məktəblərimizdə yetərincə qulağımıza çatır. Vəziyyətin daha faciəli yön almaması üçün müəllimin sələhiyyətləri, sinifə müdaxilə imkanları artırılmalıdır. Çünki güclü direktorun olması da, hər bir detala nəzarət etməyə yetərli sayılmaz. Müəllim güclü, xarakterli və səlahiyyətli olmalıdır. Başlıcası da sinifə hakim olmalıdır”.

“Yeniyetmələrin video və fotoları yayılarkən onların sifəti görünməməlidir”

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli də baş verən olayı qınayıb, ancaq bununla yanaşı, ekspert media nümayəndələrini də belə həssas mövzularda diqqətli olmağa çağırıb:

“”Belə zorakılığın baş verdiyini göstərən kadrların ictimai əhəmiyyəti varmı?” sualının cavabı budur: əlbəttə, var. Mütləq belə faktlar gün üzünə çıxmalıdır ki, neqativliklərə qarşı effektiv tədbirlər görülsün. Deməli, hadisənin ictimailəşməsi zəruridir. Lakin necə, hansı formada? Yeniyetmələr (məktəbli uşaqlar) arasında bu olay baş verdiyinə görə bu görüntülərin yayılması zamanı həm hüquqi, həm etik məsələlər önə çıxır”.

Ekspert bildirib ki, yeniyetmələrin video və fotoları yayılarkən onların sifəti görünməməlidir:

“Hüquqi tərəf bundan ibarətdir ki, media hüququ baxımından, “Media haqqında” Qanuna əsasən, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərərçəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına yol verilmir”.

Hüquqşünas Ələsgər Məmmədli
Ələsgər Məmmədli, Foto: AFU

Sosial şəbəkələrdə Bakıdakı 112 saylı məktəbdə şagirdlərdən birinin digərini döyməsi ilə bağlı görüntülər yayılıb.

Sinif otağında şagirdlərdən biri digərini yerə yıxaraq yumruq və təpiklə zərbələri yetirir, uşaqlardan biri də bunu telefonla çəkir.

Məktəbin açıqlamasında bildirilib ki, sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 2022-ci il sentyabrın 30-da tənəffüs zamanı baş verib.

Həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb.

Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb.

Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər.

Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb.

Təhsil İdarəsindən onu da vurğulayıblar ki, sinif rəhbəri hadisədən xəbər tutan kimi şagirdlərlə bu haqda müzakirə aparıb.

Prosesdə iştirak edən şagirdlərin valideynləri də müzakirələrə cəlb edilib:

“Şagirdlər səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər. Şagirdlərdən və onların valideynlərindən izahat alınıb. Psixoloqlar da məktəblilərlə söhbət aparıb”.

Daxili İşlər Nazirliyi də baş verənlərlə bağlı araşdırmalara başlayıb.

DİN
DİN

DİN araşdırdığını deyir…

Nazirliyin Mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, sosial şəbəkələrdə yayılan sözügedən görüntülər araşdırılır:

“Məktəbin 9-cu sinif şagirdlərindən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib. Hər iki məktəbli valideynlərilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir”.

İctimai Şura sədri məktəbə getdiyini açıqlayıb…

Elm və Təhsil Nazirliyi yanında İctimai Şurasının sədri Günel Səfərova “Facebook” səhifəsində yazıb ki, hazırda 112 saylı məktəbdədir. Hadisə ilə bağlı geniş açıqlama veriləcək.

2019-cu il aprelin 4-də 162 saylı orta məktəbin rus bölməsinin 8-ci sinif şagirdi Elina Hacıyeva “bulling”ə məruz qaldığı üçün özünü məktəbin üçüncü mərtəbəsindən ataraq intihar etmişdi. Onun ölümü ilə bağlı cinayət işinin istintaqı Bakı Şəhər Prokurorluğunda aparılıb.

Иллюстрация Meydan TV
Foto: Meydan TV

Cinayət məsuliyyətinə cəlb olunan məktəbin keçmiş direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2 (səhlənkarlıq, ağır nəticələrə səbəb olduqda) maddələrilə təqsirli bilinib.

Səbail Rayon Məhkəməsinin hökmüylə ona 2 il 2 ay azadlığın məhdudlaşdırılması cəzası verilib.

2021-ci ilin martında elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə zorakılığa qarşı yeni mexanizm hazırlandığını demişdi.

Nazir qeyd edirdi ki, qısnama (bullinq) və şagirdlərə qarşı zorakılıq hallarının müəyyən edilməsi, qeydiyyatın aparılması, bu kimi halların araşdırılması və zəruri tədbirlərin görülməsinə dair profilaktika mexanizmləri hazırlanıb.

Ana səhifəUncategorized @az112 nömrəli məktəbdə şiddət: “Uşaq bəzən ailədə gördüklərini təkrarlayır…” (yenilənib)