3 nəfər məsuliyyətə cəlb olunub
101 nəfərə saxta “COVİD-19” testinin neqativ nəticələrini özündə əks etdirən arayışlar verməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Respublika Prokurorluğu dekabrın 9-da məlumat yayıb.
Məlumatda deyilir ki, 101 nəfərin tikinti prosesinə cəlb edilməsi məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərinə getmələri üçün saxta “COVİD-19” testinin neqativ nəticələrini özündə əks etdirən arayışlar hazırlanıb:
“Həmin adamlar mayın 18-də Gəncə Beynəlxalq Hava Limanında yoxlanışdan keçərkən test nəticələrinin saxta olduğu aşkarlanıb”.
Məlumatda 3 nəfərin istintaqa cəlb edildiyi qeyd olunub:

“Seymur Mürsəlov müəyyən məbləğdə pul vəsaitini təqdim etməklə “ƏSR TRAVEL” MMC-nin direktoru Əsgər Bayramovu və “ARKAN GROUP” MMC-nin direktoru Tünzalə Əliyevanı 101 nəfər şəxsin adına saxta “COVİD-19” testinin neqativ nəticələrini özündə əks etdirən arayışlar hazırlamağa təhrik edib”.
Prokurorluq Seymur Mürsəlovun Cinayət Məcəlləsinin 32.4, 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4, 320.1 (rəsmi sənədləri saxtalaşdırmaya təhrik etmə) və 32.4, 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyin qeyd edib:
“Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib”.