”100 milyonlarla vəsait alan qurumlar maliyyə yoxlamasından keçmir”

Hesablama Palatasının səlahiyyətləri artırılır

Source:

“10 milyonlarla manat dövlət zəmanəti ilə kredit götürmüş səhmdar cəmiyyətlər, dövlət büdcəsindən 100 milyonlarla vəsait alan qurumlar maliyyə yoxlamasından kənarda qalır”.

Bunu dekabrın 15-də Milli Məclisdə yeni hazırlanan “Azərbaycan Respublikasının Hesablama Palatası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, hələ indiyədək Palatanın Müdafiə Nazirliyinin fəaliyyətini yoxladığını müşahidə etməyib:

“Hesablama Palatasının bələdiyyələrə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı audit yoxlaması aparmasına nə ehtiyac var? Elə bələdiyyələr var ki, bəlkə də 200 manat vəsait almayıb”.

Spiker Oqtay Əsədov isə ona cavab olaraq deyib ki, Hesablama Palatası seçim yolu ilə bələdiyyələrin fəaliyyətini yoxlayır və yoxlamalıdır.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da iclasda iştirak edib. Deyib ki, Hesablama Palatası son 10 ildə Azərbaycanda heç bir bələdiyyəni yoxlamayıb:

“Qanunun 3 və 5-ci maddəsində qurumun statusu aydın göstərilib. Digər millət vəkillərinin təkliflərini nəzərdən keçirməyə çalışacağıq”.

Layihə birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Yeni qanun layihəsi 6 fəsil, 41 maddədən ibarətdir. Layihə Hesablama Palatasının statusu, fəaliyyətinin hüquqi əsasları, idarəetmə və təşkilati strukturu, habelə dövlət vəsaitlərinin qanunauyğun, məqsədyönlü və effektiv istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri ilə və digər tərəflərlə münasibətlərini tənzimləyir. Sənəddə Hesablama Palatasının səlahiyyətlərinin artırılması da təklif edilir. Qanun layihəsində Hesablama Palatası dövlət vəsaitlərinin xəzinə hesabına və kənar dövlət maliyyə nəzarətinin məqsədləri çərçivəsində onların elektron informasiya sistemlərinə daxil ola biləcək.

Qanunda bildirilir ki, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə bu qanuna və “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq rəy verilməsi üçün Milli Məclisdən Hesablama Palatasına daxil olduqdan sonra Hesablama Palatası 30 gün müddətində rəy verir və Milli Məclisə təqdim edir.

Bundan başqa, dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi rəy verilməsi üçün Milli Məclisə daxil olduğu gündən 15 gün müddətində Hesablama Palatası onlara rəy verir və öz rəyini Milli Məclisə təqdim edir.

Ana səhifəXəbərlər”100 milyonlarla vəsait alan qurumlar maliyyə yoxlamasından keçmir”