Martın 10-da “Fəvvarələr” meydanında Azərbaycan Milli Ordusunda əsgərlərin qeyri-döyüş şəraitində həlak olmasına etiraz olaraq keçirilən aksiyadan 1 il ötür. Bir il əvvəl vətəndaş cəmiyyəti fəallarının təşkil etdiyi aksiyada hakimiyyətdən qeyri-döyüş şəraitində əsgər ölümlərinin qarşısının alınmasını tələb edirdilər. Əsas şüarı “Əsgər ölümlərinə son!” olan mitinqdə övladlarını hərbi xidmətdə itirmiş valideynlər də iştirak edirdi. Aksiya zamanı 100-dən çox adam saxlanılsa da, həbslər daha öncə başlamışdı.
“Bu aksiyadan öncə, martın 7-də NİDA vətəndaş hərəkatının üç üzvü, Şahin Novruzlu, Bəxtiyar Quliyev və Məmməd Əzizov həbs olundu. Onların evlərindən guya qanunsuz olaraq müxtəlif narkotik vasitələr və molotov kokteylləri aşkarlandı və onların hər biri müəyyən müddətə həbsə atıldı”- deyən NİDA hərəkatının üzvü Nicat Məmmədbəyli, bu həbslərin ardınca yenilərini gətirdiyini bildirir
Həbs edilərkən cəmi 17 yaşı olan Şahinın atasi İbrahim Novruzlu, oğluna qarşı narkotik, qanunsuz silah saxlamaq kimi ittihamlara belə münasibət bildirir:
“Şahin həbs olunana qədər adi uşaq idi, qayğısız günlərini yaşayırdı. Qayğısız uşaq neyləyə bilərdi? Mən də həmişə ona deyirdim ki, elə bilirsən dünya belə gəlib, belə də gəlib gedəcək. Birinci kurs idi, deyirdim oxu və bir valideyn kimi onun təhsilinin üstündə durudum ki, oxusun”.
10 Mart aksiyasından bir müddət sonra “NiDA” Vətəndaş Hərəkatının digər 5 üzvü – Rəşad Həsənov, Rəşadət Axundov, Zaur Qurbanlı, Üzeyir Məmmədli və Ilkin Rüstəmzadə də həbs edildi. Nidaçılara kütləvi iğtişaşları təşkil etmə, qanunsuz olaraq narkotik, partlayıcı maddələr, silah əldə etmə saxlama maddələri üzrə ittihamlar irəli sürülüb. Hazırda Nidaçı gənclərə qarşı Bakı Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə proses davam edir.
Nicat Məmmədbəyli isə deyir ki, o da əksər nidaçılar kimi bu məhkəmə prosesində ədalətə inanmır:
“Bildiyiniz kimi noyabrdan indiyə kimi, hər həftə məhkəmə prosesləri davam edir. Məhkəmənin gedişatından heç bir ədalət gözləmirəm. Şəxsən mən məhkəmədə ona görə iştirak edirəm ki, gedib dostlarımı orada görə bilim. Bir ölkədə ki, hüququn aliliyi qorunmur, mən onun məhkəməsinə də inana bilmərəm”.