10 faizlik artımın qisası

Nəqliyyatda da bahalaşmanın olması qaçınılmazdır.

Source:

Tarif Şurasl Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müraciəti əsasında Aİ-95 benzinin pərakəndə satış qiymətini 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiymətini 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik təyin etdi və bununla da biz iqtisadçıların büdcə müzakirəsi başlayarkən xeyli əvvəl verdiyi proqnozlar təəssüf ki, özünü doğrultdu.

Bununla da Tarif Şurası “Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikasının Qanunu”nun prinsiplərinə və “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə” nin 3.15-ci maddəsinə əməl etmədən qiymətlərin iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirmək üçün araşdırmalar və təhlillər aparmadan və ya aparsa da onun nəticələrini ictimaiyyətlə bölüşmədən yeni qiymət artımına əsassız qərar verdi.

Əslində 2014-cü il üçün açıqlanan büdcədən bunu görmək çətin deyildi. Çünki, gələn ilin büdcəsində neft məhsullarına aksizlər üzrə daxilolmalar 54,9 faiz və 270 milyon 600 min manat çox proqnozlaşdırılıb. Proqnozlara görə, yalnız bu artımla hökümət büdcəyə ən azı 270 milyon manat əlavə vəsait cəlb etməyi nəzərdə tutur. Hesablamalar göstərir ki, Aİ-92 markalı avtomobil benzinini istifadə edən hər sürücü yalnız gündəlik cari məqsədlər üçün idarə etdiyi maşının mühərrikinin gücündən asılı olaraq ayda ən azı orta hesabla 32 manat, Aİ-95 benzinin istifadə edənlər isə ən azı 40 manat əlavə vəsait xərcləməli olacaqlar. Bu isə orta aylıq əmək haqqını 8-10 faizi qədər xərc artımı deməkdir. Deməli, hökümət 2 ay bundan əvvəl 10 faizlik artımı artıqlaması ilə geri almağa başladı.

Neft gəlirlərinin azaldığı, təbii və iqtisadi inhisarçıların mövcud olduğu indiki dövrdə belə artımların davamlı olacağı şübhəsizdir. Əsasən də iri vergi ödəyicilərinin ( o cümlədən də “Azərenerji” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, Xəzər Dəniz Gəmiçiliyi İdarəsi, “Azərbaycan Hava Yolları” QSC, “Azərsu” ASC) maliyyə intizamsızlığı hesabına yaranan 2,4 milyard manatlıq borcu büdcəyə yığa bilməyən hökümət aksizləri, ƏDV və sair istehlak vergiləri üzrə vergi tutulan bazanı genişləndirməklə əhalinin cibinə girmək siyasətinə üstünlük verir.

Odur ki, belə qənaətə gəlmək olar ki, bu hələ başlanğıcdır. Bundan sonra çox tezliklə Tarif Şurası şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişin daşıma xidmətlərinin qiyməti artırılacaq. Yəqin ki, Nəqliyyat Nazirliyinin bu barədə müraciəti artıq Tarif Şurasna daxil olub. Tezliklə elektrik enerjisinin, təbii qazın, suyun pərakəndə satış tarifləri də bahalaşdırılacaq. Tarif bahalaşmasının bazarların qarşılıqlı təsiri qanunu əsasında istehlak, xüsusilə də ərzaq bazarında qiymətlərin artımına və inflyasiya yaradıcı amillərin fəallaşmasına təsiri şübhəsizdir. Ona görə də gələn il üçün 2 rəqəmli inflyasiya qaçılmazdır. Görəsən ailə büdcəsində bu yöndə xərclərin kəskin artımı ilə qarşılaşan aztəminatlı əhalinin bütün bunlara reaksiyası necə olacaq?

Orta azərbaycanlı indiyədək illik qazancının 19,8 faizini bu məqsədə xərcləyirdi, hazırkı qiymət bahalaşmasından sonra bu göstərici 22,9 faiz təşkil edəcək.

Benzinin qiymətinin Azərbaycanda ucuz olduğunu iddia edənlərə bildirmək istərdim ki, belə müqayisələr ugursuzdur. Beynəlxalq praktikada əsasən illik qazancında bu xərcin payı göstəricidən istifadə olunur .

Məsələn, ABŞ-da 1 qallon (3,785 litr) benzinin qiyməti 3,39 dollardır, yəni 1 litr 0,90 dollardır, amma orta amerikanlını gündəlik qazancında bu xərclər 3,18 faiz təşkil edir. Neftlə zəngin ölkələrdən Venesuelada 1 litr benzinin qiyməti 1,1 ABŞ senti və orta venesuallarin qazancında 0,42 faiz, Səudiyyə Ərəbistanında 12 sent və 0,54 faiz, Küveytdə 16 sent və 0,65 faiz, Iran 33 sent və 3,03 faiz, Misirdə 26 sent və 0,75 faiz, Birləşmiş Ərəb Əmirliyində 46 sent və 0,46 faiz, Rusiyada 90 sent və 1,82 faiz-dir. Turkiyə, Litva, Belçıka, Avstriya və Norveçdə yaşayanlar orta illik qazanclarının 1 faizindən azını benzinə xərcləyirlər.

Orta Azərbaycan sürücüsü (yəni orta aylıq əmək haqqı səviyyəsində maaş alanlar) indiyədək illik qazancının 19,8 faizini bu məqsədə xərcləyirdisə hazırkı qiymət bahalaşmasından sonra bu göstərici 22,9 faiz təşkil edəcək.

Ana səhifəMənim Fikrimcə10 faizlik artımın qisası