Əli Nağıyevin “ekspert biznesi” və ya DTX-nin əldəqayırma “ekspertləri”…

Əli Nağıyevin “ekspertləri” – Foto: Chatgpt

Azərbaycanda media sektorunun uzun illər müxtəlif oliqarx qruplarının təsiri altında olduğu, hökumətin əsas pulyuma layihəsi rolunda çıxış etdiyi barədə media tədqiqatçıları və müstəqil jurnalistlər arasında daim müzakirələr aparılıb. Lakin Meydan TV-nin mənbələrindən əldə etdiyi məlumatlara görə, son bir neçə ildə oliqarxların yaratdığı medialar “mərkəzləşdirmə” siyasəti nəticəsində əllərindən alınıb siyasi kurasiya Prezident Administrasiyası (PA) tərəfındən Dövlət Təhlükəsizlik Xidmətinə verilib (DTX). Daxili İşlər Nazirliyinin (DİN) əlində isə köhnə əlaqələri və sosial şəbəkələrdəki özlərinin yaratdığı “İnstagram” kanalları qalıb. Bunlar da əsasən qaralama kampaniyası üçün istifadə olunur.

Mənbə bildirir ki, indi mediaya bütün tezislər PA-dan və DTX-dən gəlir. Korrupsiya layihələri olan hökumətyönlü medianın planlaşdırması da DTX-nin nəzarəti altında Media Agentliyi tərəfindən aparılır, yəni media agentliyi, sadəcə, vasitəçi qurumdur. Bir sözlə, media üzərindən pulyuma, korrupsiya layihələri əvvəlkindən də geniş vüsət alıb, sadəcə, bu prosesi geniş mənada DTX həyata keçirir.

DTX-nin nəzarətində olan “ARB-24” kanalındakı mənbə bildirir ki, televiziya və mediaya təkcə tezislər ötürülmür, həm də bu tezisləri təkrarlayan “ekspertlər” təqdim olunur, yəni tezislər qurumdan ya həmin ekspertlərin özlərinə, ya da televiziyalara göndərilir. Efir aparıcıları və televiziyanın redaktorları həmin tezislər üzərində siyahısı təqdim olunan ekspertlərlə öncədən razılaşır və efirə dəvət edirlər, yəni onlara ancaq xarici siyasətdən və ya ölkənin “uğurlu siyasəti”ndən danışmaq tövsiyə olunur, daxili siyasət və adi tənqid qadağan edilir.

Mənbə deyir ki, həmin ekspertlərin hər biri üçün maaş şəklində “zərf” nəzərdə tutulub. Bunun üçün isə 1 milyon manat civarında hər ay vəsait ayrılır, amma pulun təxminən 150-200 min manatı ekspertlərə və bəzi xərclərə sərf olunur, 800 min manat isə silinir. 

“Eldar Mahmudovun dövründə də MTN media üzərində pulyuma həyata keçirirdi. Bunu o dövrün məhkəmə prosesləri zamanı sızan informasiyalardan da görmək olurdu. Əli Nağıyevin dövründə isə bu proses bir qədər formatını dəyişdi və ekspertlər də bu siyahıya əlavə olundu. Hakimiyyət eşalonunda “alverçi” kimi təqdim olunan Nağıyevin Bakıdan Naxçıvana və Bakıdan Çexiyaya qədər uzanan biznesinə “ekspert biznesi” də əlavə edilib ki, buna görə hər ay 1 milyona qədər pul silinir və bu ölkənin ümumi illik reklam büdcəsindən 10 dəfə çoxdur”,- deyə mənbə qeyd edir. 

Mənbə onu da bildirir ki, ayrılan pulların heç də hamısı onun təqdim etdiyi siyahıdakı 100-dən çox “ekspertə” verilmir, çünki onların bir çoxu ya hansısa qurumda çalışır, ya da şərt kəsilir ki, səni ekspert kimi cəmiyyətə təqdim edirik, tanınmaq üçün qapı açırıq.

Bəs pullar necə verilir? 

Mənbə deyir ki, bəzi ekspertlərə ictimai “sanbal”ına və maddi durumuna uyğun rəqəmlər təyin edilir. Yəni məbləğ 500, 1000, 2000 manatdan o tərəfə keçmir.

Mənbənin sözlərinə görə, ekspertlərin siyahıyaalma prosesi 2016-2017-ci illərdən başlasa da, 2018-2019-cu illərdən əhatə dairəsi genişləndirilib və bu günün özündə də yenilənir. Belə ki, DTX əməkdaşları ictimaiyyət arasında, universitetlərdə, müxtəlif dövlət qurumlarında, hakimiyyətin nəzarətində olan partiyalarda, vətəndaş cəmiyyətində təmsil olunan şəxslərlə görüşür, onları “ekspert” kimi siyahıya cəlb edirlər. Təbii ki, bu məsələ PA ilə koordinasiya edilir ki, “filankəs bizim nəzarətimizdədir”, “təhlükəli” deyil. Bu ekspertlərin arasında hər təbəqədən olan şəxslərə, hətta jurnalistlərə də rast gəlmək olur.

Mənbə vurğulayır ki, burada ekspertlərin prosesi bilib-bilməməsi, savadlı olub-olmaması önəmli deyil, əsas statistikadır. Çünki siyahıda elə ekspertlər var ki, nəinki heç bir xarici dil bilgiləri yoxdur, hətta normal ali təhsil almayıblar. Onlar əsasən mediada yayılan bəsit informasiyaları “təhlil” edirlər…

Ən qəribəsi odur ki, siyasətin rəsmən qadağan edildiyi ölkədə 100-dən artıq siyasi ekspert siyahıya daxil edilib və hər gün, hər həftə efirə çıxarılırlar: 

“Əgər siyahını qabağınıza qoyub 1 neçə gün təkcə ARB-24 kanalını izləsəniz, mənzərəni öz gözlərinizlə görərsiniz”, – mənbə belə deyir.

Mənbə qeyd edir ki, ekspertlərin əksəriyyəti “siyasi şərhçi” kimi təqdim olunur, çünki bu termin klişe də olsa, məzmunu daha geniş ifadə edir: 

“Tutaq ki, hansısa jurnalist və mədəniyyət sahəsində çalışan şəxsi politoloq kimi təqdim etmək doğru olmaz, siyasi şərhçi konkret bir ixtisası ehtiva etməsə də, politoloq ayrıca ixtisasdır və bunun üçün politoloji təhsil şərtdir”. 

Onun sözlərinə görə, siyasi şərhçilərin də adlarına pullar yazılsa da çoxu müftə işlədilir. Bundan başqa, hətta Türkiyədə heç kəsin tanımadığı, ciddi ictimai çəkisi olmayan bəzi “ekspertlər” də bu siyahıya əlavə ediliblər və onlar tez-tez “Skype” vasitəsilə ARB-24 və İTV-də çıxış edirlər, amma onlara qonorar adi ilə ödəniş edilir.

Bəs DTX-nin TV və medialara təqdim etdiyi siyahıda kimlər var? 

Mənbə Meydan TV-yə 115 nəfərin adının yer aldığı siyahı təqdim edib. Siyahıda siyasi şərhçilər, politoloqlar, partiya sədrləri, jurnalistlər, hərbi ekspertlər, iqtisadçılar, təhlükəsizlik məsələləri üzrə ekspertlər və digər ictimai-siyasi şəxslərin adları yer alır.

Siyahıda adı çəkilən şəxslərin hamısının mövqeyini almaq mümkün olmadığından Meydan TV sənədi və adları ictimailəşdirməməyi qərara alıb.

Mənbə onu da bildirib ki, bu, DTX-nin “icad etdiyi” ekspertlərin bir qismidir. Buraya deputatlar da daxildir və onlara tapşırıq verilib ki, tez-tez efirlərə çıxsınlar. Bu siyahıya Türkiyədə heç bir nüfuzu olmayan, tanınmayan ekspertlər də cəlb edilib, tez-tez efirə çıxarılırlar. Bundan başqa, TV və medialara danışığına qadağa qoyulan müstəqil ekspertlərin də siyahısı təqdim olunub ki, razılaşma olmadan onları heç bir halda efirə dəvət etmək olmaz. 

Mənbənin səsləndirdiyi iddialarla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin, Prezident Administrasiyasının və adı çəkilən digər qurumların mövqeyi məlum deyil. 

Ana səhifəSiyasətƏli Nağıyevin “ekspert biznesi” və ya DTX-nin əldəqayırma “ekspertləri”…