Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) müxalif siyasətçi Tofiq Yaqublu və ictimai fəallar Əziz Məmiyev və İdris Əmiraslanın şikayətləri üzrə qərar verib. Məhkəmə onların Bakıda keçirilən etiraz aksiyalarından sonra polisə aparılaraq saxlanılmasını qanunsuz hesab edib, azadlıq və dinc toplaşmaq hüquqlarının pozulduğunu müəyyənləşdirib.
AİHM qərara alıb ki, Azərbaycan hökuməti hər üç şikayətçiyə 3 min 500 avro kompensasiya ödəməlidir. Bu məbləğin 3 mini mənəvi zərərə, 500 avrosu isə məhkəmə xərclərinə görə nəzərdə tutulub. Beləliklə, ümumi kompensasiya 10 min 500 avro təşkil edir.
Şikayətlər 2021 və 2022-ci illərdə Bakıda keçirilən iki etiraz aksiyasından sonra baş verənlərlə bağlıdır. 2021-ci il dekabrın 15-də ictimai fəallar Əziz Məmiyev və İdris Əmiraslan Fəvvarələr meydanında siyasi fəal Saleh Rüstəmlinin həbsinə etiraz aksiyasında iştirak ediblər. Aksiyadan sonra onlar polis bölməsinə aparılıb və 2-3 saat orada saxlanılıblar.
Müxalif siyasətçi Tofiq Yaqublu isə 2022-ci il noyabrın 11-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirilən etiraz aksiyasından sonra polisə aparılıb. Aksiya “Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliklərə etiraz məqsədi daşıyıb.
Şikayətçilər polisə aparılmalarını faktiki saxlanılma kimi qiymətləndiriblər. Onların bildirdiyinə görə, polis bölməsində olduqları müddətdə sərbəst şəkildə oranı tərk edə bilməyiblər. Saxlanılmaları rəsmiləşdirilməyib, onlara tutulmalarının səbəbləri də izah olunmayıb.
Azərbaycan hökuməti AİHM-ə cavabında həmin şəxslərin həbs edilmədiyini bildirib. Hökumətin mövqeyinə görə, onlar qanunsuz aksiyaların qarşısını almaq məqsədilə polis bölməsinə aparılıb və onlarla profilaktik söhbət aparılıb.
AİHM isə bu izahı qəbul etməyib. Məhkəmənin qənaətinə görə, şəxslərin polis bölməsinə aparılması və oradan sərbəst çıxa bilməməsi, müddət qısa olsa belə, azadlıqdan məhrumetmə hesab olunur. Hakimiyyət belə müdaxilənin qanuni əsaslarını göstərməli idi.
Məhkəmə nəticədə Avropa İnsan Hüquqları Konvensiyasının azadlıq və toxunulmazlıq hüququnu qoruyan 5-ci maddəsinin, eləcə də dinc toplaşmaq azadlığına təminat verən 11-ci maddəsinin pozulduğunu müəyyən edib.
Qərar Tofiq Yaqublunun hazırda yenidən həbsdə olduğu vaxta təsadüf edir. O, 2023-cü il dekabrın 14-dən həbsdədir. Yaqublu dələduzluq və saxta sənəddən istifadə ittihamları ilə 9 il azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etmir və cinayət işinin siyasi motivli olduğunu bildirir.