“Azərbaycanda məhkumsansa, deməli, heç kimsən” – Aynur Elgünəşin qadın həbsxanasından reportajı

Aynur Elgünəş – İllüstrasiya: Chatgpt

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist, Meydan TV-nin baş redaktoru Aynur Elgünəş saxlanıldığı Bakı İstintaq Təcridxanasından yeni məktub göndərib. Aynur Elgünəşin məktubunu olduğu kimi, ixtisarsız təqdim edirik:

“Vaqif İsmayılov qaydaları sevən rəisdir. Deyir ki, rejimə əməl edin, mənim də sizinlə işim olmasın, amma…”

Az qala Bakıdakı 4 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkumların hamısı söhbətə belə başlayır. Bir az danışanda isə görürsən ki, “amma”dan əvvəl gələn bütün cümlələr öz təsirini itirir.

Bu cəzaçəkmə müəssisəsi Azərbaycanda qadınların saxlanıldığı ən böyük həbsxanadır. Ötən ilin sonunda verilən Amnistiya Aktından sonra məhkum qadınların sayı 500-dən ensə də, indi yenidən 700-ə yaxınlaşdığı bildirilir.

Vaqif İsmayılov cəzaçəkmə müəssisəsinin rəisidir. O, bir neçə ay öncə keçmiş rəis Elgiz İsmayılovu əvəzləyib. Vaqif İsmayılov uzun illər əvvəl də qadın həbsxanasının rəisi olub. Deyilənə görə, 4 qadın məhkumun şikayəti əsasında işini itirib.

“Hazırda sözügedən CÇM-də (məhkumlar arasında “zon” adlanır) vəziyyət necədir?” Bu suala cavab tapmaq üçün müalicə müəssisəsində, eləcə də Bakı Ağır Cinayətlər Məhkəməsinin “boks”unda rastlaşdığımız 30-dan çox qadınla danışmışıq.

“Özümüzü qadın kimi hiss etməyə qoymur”

Açıq havada gəzmək baxımından zonu təcridxanadan üstün hesab edirlər. Söhbət etdiyimiz qadınlar deyirlər ki, cəzaçəkmə müəssisəsi ünsiyyət, iş baxımından daha əlverişlidir. Saat 16:30 sayımından sonra isə sərbəst hərəkət edə bilirlər.

Onların sözlərinə görə, Vaqif İsmayılovun gəlişindən sonra rejim sərtləşdirilib. Qaydalara əsasən, səhər saat 6:00-da məhkumlar oyanmalı, saat 9:00-da isə səhər sayımı üçün sıraya düzülməlidirlər. Sonra otaqda otura, həyətdə çıxa və ya işləməyə gedə bilərlər. Ancaq təkrar yatmaq, yataqda uzanmaq olmaz.

Günorta 13:00-dan 14:00-dək yatmaq vaxtıdır. Rejim qaydaları axşam sayımından sonra yekunlaşır. Gecə 22:00-da isə hər kəs yatağında olmalıdır.

Qadınlar bildirir ki, Elgiz İsmayılovun dönəmində nə geyinməyindən asılı olmayaraq, üstündən qara rəngli xalat geyinmək yetərli idi. İndi isə rəngli geyimlər qadağandır, yalnız qara, tünd göy rəngli geyimlərə icazə verilir. Bu zaman şalvarın üstündən elə geyinməlisən ki, çanaq-bud hissə örtülsün.

Müalicə müəssisəsində əynimdəki rəngli geyimi görüb “sizin zonanızda belə rəngli paltarlara [icazə verilir?]”, dedilər.

Vaqif İsmayılov bəzək əşyalarına, kosmetika və dırnaq boyasına da qadağa qoyub. Həyatının gənc çağında həbsə məhkum edilmiş T.Ə. deyir ki, rəis onlara özlərini qadın kimi hiss etməyə imkan vermir:

“Harada olmasından asılı olmayaraq, hər bir qadının bəzək əşyalarına, kosmetikaya həvəsi var. Şəxsən mən bəzənəndə özümü qadın kimi hiss edirəm, bu, mənim yaşamaq həvəsimi artırır. Yeni rəis bizi bu adi məmnunluqdan da məhrum edir”.

Onun sözlərinə görə, V. İsmayılov qadınlara nifrət edir, hər addımbaşı onları alçaltmaqdan həzz alır:

“Hər kəsi həbs olunduğu maddə ilə aşağılayır. Yalnız ölüm işi ilə gələnlərə, bir də pullulara hörmət edir”.

Söyüşcül rəis

Müalicə müəssisəsindəki qadınlardan bir neçəsi dedi ki, Elgiz İsmayılovun işdən çıxarılma xəbəri yayılanda etiraz aksiyası keçirmək istəyiblər, ancaq rəis imkan verməyib, getməyəcəyini deyib. Qəflətən isə eşidiblər ki, işdən çıxarılıb.

Vaqif İsmayılov qadınlarla ilk görüşündə “Elgiz müəllim kimi adamın qədrini bilmədiniz. Mən sizə şükür etdirəcəm”, – deyib.

Dörd ildən çoxdur cəza çəkən N. Elgiz İsmayılovlu günlərin həsrətini çəkir. Onun sözlərinə görə, yeni rəis qadınlarla danışanda nalayiq ifadələr işlədir, daim hədə-qorxu gəlir:

“Sanki cinsiyyət üzvü daim əlindədir, heç kimi saymır, söyür. Məhkumlar bir yana, işçi qadınlarla da həqarətlə danışır. Qəbuluna gedirsən, aşağılayır”.

Onun sözlərini başqa qadınlar da təsdiqləyir. Deyirlər ki, illər öncə qadınların şikayəti də elə buna görə olub.

“Müəssisədə əslən tovuzlu bir qadın var. Çox mərifətli, yerini bilən biridir. İndi işdir də, başına gəlib, cəza çəkir. Qadın bacısının görüşünə gəlməsini istəyib, bu xahişlə rəisin qəbuluna gedib. Rəis də onu ələ salıb, ədəbsizlik edərək, “məndə yaxşı qara şokolad var, onu istəmirsən?” deyib. Qadın alçaldıldığına görə intihar həddində idi. Öyrəndik ki, qardaşı gəlib dalaşıb, rəisi hədələyib”.

Narkotik aludəçisi olan bir məhkum da deyir ki, rəis ən çox onları ələ salır, aşağılayır.

“Kars” qorxusu

Ən böyük problemi bir dəfədən artıq məhkumluğu olan qadınlar yaşayır.

“Vaqif müəllim gələndən bəri “kars” əsas cəza növünə çevrilib. İkinci dəfə tutulub gəlirsənsə, günün qaradır. Öncə karantində saxlayırlar, sonra azı 5 günlük “kars” cəzası verirlər. Belə edir ki, şəxsi işinə “problemli məhkum” kimi yazılsın, 1/3, 1/2 kimi çəkilməmiş cəzadan azad edilməsin”, – məhkum deyir.

Danışdığımız bütün qadınlar “kars” (cəza kamerası) cəzasından şikayətçidir:

“Birinci korpusda kameraların birində hamamın tavanı uçdu. Yaxşı ki, hadisə sayım vaxtı baş verib, içəridə heç kim olmadı, yoxsa ölüm qaçılmazdı. Tavandan dəmirlər töküldü. Rəis dedi ki, özünüz düzəltdirməlisiniz, yoxsa hamınızı “kars”a saldıracağam. Hamamı uçan otaqda 6 qadın qalır, üst mərtəbədə də 8 nəfər. İndi iki kamera birləşib hamamı düzəltdirməlidir. Təxminən 700 manata başa gələcək. Bu tavanı biz uçurmamışıq, tikəndə keyfiyyətli tikməyiblər”.

Təhlükəsizlik səbəbindən qadınların adlarını açıqlamırıq.

8 il həbs cəzası alan A.S.-nin sözlərinə görə, əgər hansısa iki qadın bir-biri ilə mübahisə edirsə, rəis digərlərini də “kars”a saldırır:

“Heç nə etməsən belə, başqasının cəzasını çəkməyə məcbur edilirsən. İstəyir ki, hamı bir-birinə qarşı çıxsın, “Sənə görə bunu yaşadım” desin”.

“Görmüşük ki, səhər oyanışı qışda saat 7:00-da, yayda 6:00-da olur. Bizdə təzəlikcə yeni qış rejiminə keçmişik, 6:00-da oyadırlar. Hava qaranlıq olur, biz durub otururuq. Əgər 5 dəqiqə gec oyansan, nəzarətçi gəlib səni yataqda görsə, “kars”a atırlar. Anlayırıq, qaydalara görə sayım vaxtı sırada olmayan məhkum cəzalandırılmalıdır. Sən bizi saat 9:00-da sırada görməsən, cəzalandır da, daha 7-yə 5 dəqiqə qalmış oyandığım üçün niyə cəzalandırırsan?” – gənc qadın deyir.

“Bir dəfə növbəyə qalan rəis qadınlardan birini gecə saat 3-də oyanıb tualetə getdiyi üçün “kars”a saldırmışdı”, – başqa bir qadın söhbətə qoşulur.

“Rəisin sürücüsü qadınları döyür”

Qadın məhkumların bir neçəsi şiddətin də yayğın olduğunu deyir. Bildirirlər ki, Anar Nəcəfov rəis müavini təyin olunduqdan sonra qadınların döyülməsi halı artıb. Hətta qadınları çox vaxt rəisin Anar adlı sürücüsü döyür.

“Vaqif İsmayılov rəis gələndən bəri bütün işçilər qəddarlaşıb. Bir-iki nəfəri çıxmaq şərtilə hamısı məhkumlarla pis davranır. Elgiz müəllim imkan verməzdi hansısa əməkdaş qadınları alçaltsın. Vaqif isə həmişə işçinin tərəfində olur, kimdənsə şikayətə getsən, özünü söyüb “kars”a atdırır”, – yaşlı qadın gileylənir.

Məhkumlar arasında ayrı-seçkilikdən gileylənənlər də var. Deyirlər, imkanlı məhkumların etdiyinə göz yuman həbsxana rəisi eyni səhvi digərlərinə bağışlamır.

20 yaşlı Səbinə Vəliyeva da ayrı-seçkilikdən şikayətçidir.

Məhkum Mehriban Əliyevaya müraciət edir

Səbinə Mahir qızı Vəliyeva 17 yaşında həbs olunub. Dediyinə görə, adam yaraladığına görə 11 il 6 ay cəza alıb, 3 ildir məhkumdur.

“4 saylı Cəzaçəkmə Müəssisəsində olduğum müddətdə qarşılaşdığım haqsızlığa görə dəfələrlə özümə xəsarət yetirmişəm. Sizdən xahiş edirəm, gənc olduğumu nəzərə alıb yuxarı qurumlar səsimi eşitsin, mənə yardım etsinlər”, – S. Vəliyeva müraciətində yazıb.

Onun sözlərinə görə, həbsxana rəhbərliyi hamıya eyni münasibət göstərmir və ayrı-seçkilik edir. Gənc qadın vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciətdə həyatının təhlükədə olduğunu, qarantiyaya alınmasını istəyir.

Başqa bir məhkum isə bu cür müraciətləri əhəmiyyətsiz sayır. Deyir ki, Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətin rəisinə şikayət edənlər təzyiqlə üzləşib, şikayətlərini geri götürmələrinə dair zorla ərizə yazdırılır. Səbinə isə ümidlidir…

Rəisin şəxsi supermarketi?

60 yaşı ilə vidalaşmış F. beşinci ildir ki, məhkumluq həyatı yaşayır. O, yeni rəisin işindən razıdır:

“Elgiz müəllim humanist adam idi, ancaq qadınlar da onun bu keyfiyyətindən sui-istifadə edirdilər. Vaqif müəllim qaydalarla işləyən adamdır. Elgiz müəllimin vaxtında “laryok”dan (həbsxana mağazası) heç nə tapmırdın, ona  görə də “qara bazar” vardı. Amma indi “laryok”da kabab, pizza belə var. İstədiyin şirniyyatı, qutabı bir gün öncədən sifariş verirsən, bişirirlər”.

Son bir aya qədər anbarda işlədiyini deyən bir qadın isə deyir ki, dövlətin məhkumlara ayırdığı un, şəkər, yağ, yumurta həmin sexə yönləndirilir, şirniyyat hazırlayıb məhkumlara satırlar.

“Dövlətin məhkumlara ayırdığı ərzağı müxtəlif şəkillərə salıb, “laryok”da satdırır. Rəis “laryok”u şəxsi supermarketi kimi istifadə edir, məhkumlar da istədiklərini ala bildikləri üçün sevinirlər”.

Məhkumların sözlərinə görə, onlara həftədə 2 dəfə 1 ədəd yumurta verilir:

“Çörəyi hər gün paylayırlar. Soyuyana kimi içi palçığa dönür, adamın əlinə yapışır. “Balanda” (həbsxanada verilən yemək) yeyən çox azdır, əksəriyyət özü bişirir və ya bişirdir”.

“İş tapmaq çətin deyil”

Tikiş, toxuma bacarığı olan qadınlar işləyirlər. Müəssisənin “Peşə” adlanan hissəsində işləyən qadınlar qalır. İmkanı olmayan qadınlar isə imkanlıların işini görməklə, yeməyini bişirməklə pul qazanırlar.

Qadınlardan öyrəndik ki, aylıq 20 manat ödəməklə hər gün yemək bişirtdirirlər. F. də öz yeməyini başqasına bişirtdirənlərdəndir:

“Ayda 20 manat verirəm, öz ərzağımla mənə yemək bişirirlər. 15 qadın mətbəxdə yemək bişirir. Hərəsinin də 5-6 müştərisi var, gündəlik onları yeməklə təmin edir”.

S. isə yemək bişirənlərdəndir:

“Altı qadın üçün gündəlik yemək bişirirəm. Zonda dolanmaq çətin deyil, əlindən iş gəlirsə, pulun var”.

Yemək bişirənlərin briqadiri Aynur adlı qadındır. Onun işi yaxşı idarə etdiyi, mətbəxin təmiz saxlanıldığı bildirilir.

Qadınların əyləncəsi yoxdur

Müəssisədə qadınların asudə vaxtlarını səmərəli keçirmələri, film izləmələri üçün akt zalı, 30 nəfərlik kiçik zallar var. Deyirlər ki, hər axşam akt zalına toplaşıb film, serial izləyir, söhbətləşir, əylənirmişlər. Ancaq Vaqif İsmayılov akt zalını bağlatdırıb. Kiçik zallara isə çox məhkum sığışmır.

Gənc qadınlardan biri vəziyyəti belə izah edir:

“Elgiz müəllimin vaxtında bayramlarda akt zalına toplaşıb çalıb-oynayardıq. Sonra neçə gün qadınların dalaşmağa enerjisi olmazdı. İndi akt zalı bağlanıb. Həmin korpusdan digər korpuslara keçid üçün yol vardı. Yaşlı insanlar xüsusilə soyuq havalarda o keçiddən istifadə edirdilər. Psixoloqun otağının qarşısıdır deyə yolu bağlayıblar. Bir näfärin istəyi ilə bu qədər məhkum narahatlıq yaradıblar.

Əvvəllər evin ətrafında çay götürüb söhbətgahlarda oturardıq. İndi buna da icazə vermirlər. Saat 1-2 arası yatmaq vaxtıdır, onda uzana bilərsən. 5 dəqiqə gec oyansan, “kars”a göndərirlər. Bütün günü ayaqda, çöldə, bayırda olmaq məcburiyyətindəyik”, – qadın deyir.

Xəstəliklə baş-başa

“Kars”a salınanların sayı çox olduğundan izolyasiya sahəsi ləğv edilib, “kars”a çevrilib. Ona görə də yoluxucu xəstəliyi olanlar ayrıca saxlanılmırlar.

Müəssisənin tibbi-sanitar hissəsində (“sançast”) saxlanılan məhkumlar gündəlik sayımdan azaddırlar. Ancaq orada da vəziyyətin ürəkaçan olmadığı bildirilir.

Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsi ilə bağlı yazımda məhkumların həbsxananın baş həkimi Aliyə Fərmanovadan narazı olduqlarını qeyd etmişdim.

Məhkumlar deyirlər ki, yoluxucu xəstəliyi olan qadınların özləri belə müraciət edəndə nəzərə alınmır.

“”Sançast”da qalmaq 250 manatdan başlayır. Bunun üçün xəstə olmağa gərək yoxdur, pulun varsa, yetər. Bir qadın var, yaxınlarda böyrəyindən əməliyyat olunub. “Sançast”da ona qulluq edəcək kimsə yoxdur. Ona görə də öz otağına qayıdıb ki, heç olmasa yoldaşları qayğısına qalsın. Ancaq bir gün məcburi sayıma çıxarırlar. Deyirlər, “xəstəsənsə get sançast”a””, – qadınlardan ikisi bir-birini təsdiqləyir.

Kəskin bronxit-astmadan əziyyət çəkən Təranə Aliyə Fərmanovanın laqeydliyi üzündən onlarla qadın məhkumun xəstəliyinin artdığını söyləyir. Məhkum qadınlar müalicə, dərman qıtlığından əziyyət çəkir, heç təzyiqlərini ölçmək üçün həkim tapmadıqlarını deyirlər.

Qonaqlar gələndə

Qadınlar deyir ki, müəssisəyə qonaq və ya yoxlama gələndə bütün məhkumlar baraklara doldurulub qapılar bağlanır.

“Dəfələrlə Penitensiar Xidmətin vəzifəliləri zona gəlib. Məgər onlar görmürlər ki, bayırda bir nəfər də olsun məhkum yoxdur? Heç biri bizimlə maraqlanmır. Azərbaycanda məhkumsansa, deməli, heç kimsən”, – qan-damar xəstəliklərindən əziyyət çəkən məhkum deyir.

Hazırda yenidən məhkəmə qarşısına çıxarılan başqa bir qadınsa söyləyir ki, onlara jurnalistlərlə danışmaq qadağan edilib:

“Prezident bu günlərdə 20 nəfəri əfv etdi. Onlardan biri xarici ölkə vətəndaşı olan qadın idi. Həbsinin bitməsinə bir neçə ay qalmışdı. O qadını hasarın kənarına çəkib müsahibə alıblar. Qoymadılar jurnalistlər müəssisənin içərisini görsün. Elə bilirdilər jurnalistlər gəlsə, şikayət edəcəyik. Halbuki jurnalistlər də özlərinin idi, danışsaq da, verməyəcəkdilər”.

Aynur Elgünəş

Redaksiyadan: Penitensiar Xidmətin mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmadı.

Ana səhifə ▸ Xəbərlər ▸ “Azərbaycanda məhkumsansa, deməli, heç kimsən” – Aynur Elgünəşin qadın həbsxanasından reportajı