İlham Əliyevin “X” hesabında müxalifətin videoları peyda olub

İlham Əliyevin “X” hesabı- İllüstrasiya: Chatgpt

Azərbaycan Prezidenti İlham Əliyevin “X” (keçmiş “Twitter”) sosial şəbəkəsindəki rəsmi hesabı kiberhücumla üzləşib. Noyabrın 15-də hesabda illər əvvəl dərc edilmiş bəzi paylaşımların keçidləri müxalif siyasətçilərin və bloqerlərin videolarına yönləndirilib.

Əsasən 2010 və 2011-ci illərə aid paylaşımlarda yerləşdirilmiş keçidlər əvvəlki məzmun əvəzinə müxalifət nümayəndələrinin çıxışlarını və Azərbaycanda keçirilmiş etiraz aksiyalarının görüntülərini göstərib.

Dəyişdirilmiş keçidlər saatlarla prezidentin hesabında əlçatan olub. Sosial şəbəkə istifadəçiləri həmin paylaşımları yayaraq baş verənlərə diqqət çəkiblər.

Hadisədən sonra Prezidentin Mətbuat Xidməti noyabrın 15-də rəsmi açıqlama yayıb.

“Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. Aidiyyəti qurumlar tərəfindən bu hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlər görülür”, – açıqlamada bildirilib.

Mətbuat Xidməti hücumların hansı platformalara yönəldiyini, hadisənin necə baş verdiyini və hansı məlumatlara müdaxilə olunduğunu qeyd etməyib.

Həmçinin kiberhücumun arxasında kimlərin dayandığı, prezidentin hesabına birbaşa giriş əldə edilib-edilmədiyi və müdaxilənin tam aradan qaldırılıb-qaldırılmadığı barədə məlumat verilməyib.

Həmin gün Trampın və digər tanınmış şəxslərin paylaşımlarında da oxşar hadisə baş verib

Maraqlıdır ki, İlham Əliyevin hesabındakı hadisə dünyanın müxtəlif ölkələrində tanınmış siyasətçilərin və şirkətlərin köhnə “X” paylaşımlarında oxşar müdaxilələrin müşahidə edildiyi günə təsadüf edib.

CNN-in noyabrın 15-də yaydığı araşdırmaya görə, ABŞ Prezidenti Donald Trampın, “Microsoft”un təsisçisi Bill Qeytsin, Kanadanın keçmiş Baş naziri Castin Trüdonun və ABŞ-nin keçmiş vitse-prezidenti Mayk Pensin illər əvvəl paylaşdıqları bəzi keçidlər tamamilə başqa internet səhifələrinə yönləndirilib.

“Burger King” və “McDonald’s” kimi beynəlxalq şirkətlərin də 2011-ci ilə aid paylaşımlarında oxşar hallar aşkarlanıb.

Araşdırma zamanı məlum olub ki, problem “Bitly” adlı keçid qısaltma xidmətindəki boşluqla bağlıdır. Bu xidmətdən istifadə etməklə yaradılmış bəzi köhnə keçidlərin istiqaməti üçüncü şəxslər tərəfindən dəyişdirilib.

Nəticədə sosial şəbəkədəki orijinal paylaşım olduğu kimi qalsa da, onun daxilindəki keçid artıq tamam başqa məzmuna aparıb.

“Bitly” şirkəti noyabrın 15-də problemi təsdiqləyib. Şirkət köhnə və aktiv olmayan bəzi keçidlərin başqa məqsədlərlə istifadə edilməsinə imkan verən boşluq aşkarlandığını, bununla əlaqəli hesabların bloklandığını və dəyişdirilmiş keçidlərin deaktivləşdirildiyini açıqlayıb.

Bu halın baş verməsi üçün mütləq sosial şəbəkə hesabının şifrəsini ələ keçirmək tələb olunmur.

Bununla belə, İlham Əliyevin hesabındakı müdaxilənin də məhz “Bitly” xidmətində aşkarlanmış boşluq nəticəsində baş verdiyi hələ təsdiqlənməyib.

Prezidentin Mətbuat Xidməti hadisəni kiberhücum adlandırsa da, onun texniki səbəbləri və araşdırmanın nəticələri barədə əlavə məlumat açıqlanmayıb.

Ana səhifə ▸ Xəbərlər ▸ İlham Əliyevin “X” hesabında müxalifətin videoları peyda olub