Həbsdə olan jurnalist Şəmşad Ağanın təcili əməliyyata ehtiyacı var

Şəmşad Ağa – Foto: Meydan TV

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist, “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın (Ağayev) səhhətindəki problemlər ağırlaşıb. Ailəsi onun təcili əməliyyat olunmasına şərait yaradılmasını istəyir. Bu barədə Meydan TV-yə jurnalistin qardaşı məlumat verib.

Onun sözlərinə görə, Şəmşad Ağanın öd kisəsində ölçüsü 9–10 millimetr arasında olan daş aşkarlanıb. Jurnalist tez-tez kəskin ağrı tutmalarından əziyyət çəkir.

Qardaşı bildirib ki, Şəmşad Ağa həkim müayinəsindən keçirilib və öd kisəsindəki daşın cərrahi müdaxilə ilə çıxarılması zəruri hesab olunub.

Lakin ailənin sözlərinə görə, Penitensiar Xidmətin müalicə müəssisəsində onlara jurnalistin yalnız öz hesablarına əməliyyat oluna biləcəyi bildirilib: “Qardaşım Şəmşad Ağanın sağlamlıq vəziyyətindən ciddi narahatıq və əməliyyatın gecikdirilməməsini istəyirik”.

Hazırda əməliyyatın nə vaxt keçiriləcəyi və jurnalistin lazımi tibbi yardımla təmin olunub-olunmayacağı məlum deyil.

Şəmşad Ağanın səhhətində əvvəllər də problemlər yaranıb

Jurnalistin sağlamlıq vəziyyəti ilə bağlı bundan əvvəl də məlumatlar yayılıb.

2025-ci ilin sentyabrında yaxınları onun mədə-bağırsaq problemlərinə görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirildiyini bildirmişdilər. Həmin vaxt Şəmşad Ağanın mədə xorasından əziyyət çəkdiyi açıqlanmışdı.

2026-cı il oktyabrın 13-də isə jurnalistin səhhətində yaranan problemlər səbəbindən Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb.

Noyabrın 2-də “Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı da həbsdə olan Meydan TV jurnalistləri Şəmşad Ağa, Aynur Elgünəş və Aytac Tapdığın səhhətindən narahatlığını ifadə edib. Təşkilat onların lazımi tibbi yardımla təmin olunmadıqlarını bildirərək azadlığa buraxılmalarını tələb edib.

Şəmşad Ağa 2025-ci il fevralın 5-də “Meydan TV işi” üzrə saxlanılıb. O, əvvəlcə qaçaqmalçılıqda ittiham olunub, sonradan cinayət işi üzrə ittihamlar ağırlaşdırılıb.

Meydan TV-nin də redaktoru olan jurnalist ittihamları qəbul etmir, həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

Ana səhifə ▸ Xəbərlər ▸ Həbsdə olan jurnalist Şəmşad Ağanın təcili əməliyyata ehtiyacı var