Prezidentin iştirak etdiyi sammitdə üç mühüm sənəd qəbul olunub, Azərbaycan heç birinə qoşulmayıb

“Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı – Foro: Azərtac

Sənədlərdə Rusiyanın Ukraynaya təcavüzünün pislənməsi, media azadlığının qorunması, qanunsuz miqrasiya və çirkli pulların yuyulmasına qarşı əməkdaşlıq nəzərdə tutulur. Azərbaycan XİN isə sənədlərin əlavə öhdəliklər yaratdığını bildirir.

Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin (EPC) 9-cu Zirvə toplantısında Azərbaycan Prezident İlham Əliyev səviyyəsində təmsil olunub. Avropanın 40-dan çox dövlət və hökumət başçısının iştirak etdiyi tədbirdə təhlükəsizlik, miqrasiya və narkotiklərlə mübarizə sahələrində üç mühüm siyasi sənəd qəbul edilib.

Lakin Azərbaycan həmin sənədlərin heç birinə qoşulmayıb.

Söhbət “Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannamə”, “Miqrasiya haqqında Bəyanat” və “Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatı”ndan gedir.

Fransa Prezident Administrasiyasının və Böyük Britaniya hökumətinin yaydığı sənədlərdən məlum olur ki, bəyannamələrdə Rusiyanın Ukraynaya qarşı müharibəsindən tutmuş insan hüquqlarının müdafiəsinə, miqrantların geri qaytarılmasından beynəlxalq cinayətkar şəbəkələrin maliyyə mənbələrinin araşdırılmasına qədər müxtəlif məsələlər əksini tapıb.

Azərbaycan Xarici İşlər Nazirliyi isə noyabrın 13-də açıqlama verərək ölkənin hər üç sənədə qoşulmadığını təsdiqləyib.

Bəs Azərbaycan Prezidentinin iştirak etdiyi sammitdə hansı qərarlar qəbul olunub və Bakı niyə onlardan kənarda qalıb?

Rusiya müharibəsi, demokratiya və media azadlığı

Üç sənəd arasında siyasi məzmununa görə ən genişi “Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannamə”dir.

Noyabrın 12-də Fransa Prezident Administrasiyasının dərc etdiyi sənədə 39 Avropa dövləti qoşulub.

Bəyannamənin girişində Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzü pislənir. İmzaçılar Ukraynanın müstəqilliyini, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləyirlər.

Sənəddə Ukraynaya etibarlı təhlükəsizlik təminatlarının verilməsi, Rusiyanın hibrid müdaxilələrinə qarşı mübarizə və Avropanın öz müdafiə imkanlarını gücləndirməsi də nəzərdə tutulur.

Ancaq bəyannamə yalnız hərbi təhlükəsizlik məsələləri ilə məhdudlaşmır.

Sənədin dördüncü bəndində demokratiya, qanunun aliliyi, insan hüquqları və fundamental azadlıqlar Avropanın təhlükəsizliyinin əsas elementləri kimi göstərilir.

Burada şəffaflığın, vətəndaş cəmiyyətinin fəaliyyəti üçün əlverişli mühitin, media və ifadə azadlığının demokratik dayanıqlığın qorunması baxımından vacibliyi vurğulanır.

Bəyannamədə xarici informasiya manipulyasiyalarına, dezinformasiyaya, kiberhücumlara və demokratik institutlara qarşı müdaxilələrə müqavimətin artırılması da qeyd olunub.

Həmçinin iştirakçı ölkələr arasında müdafiə sənayesi əməkdaşlığının genişləndirilməsi, kritik infrastrukturun qorunması və terrorizmə qarşı mübarizənin gücləndirilməsi nəzərdə tutulur.

Azərbaycan bu sənədə qoşulmayıb. Lakin Bakıdan başqa da sənədi imzalamayan ölkələr var.

Rəsmi imzaçı siyahısında Ermənistan, Türkiyə, Serbiya və İsveçrənin də adları yoxdur. Gürcüstan isə bəyannaməyə qoşulan 39 ölkədən biridir.

Bu fərq xüsusilə Cənubi Qafqaz baxımından diqqət çəkir: Azərbaycan və Ermənistan sənədi imzalamadığı halda Rusiyaya yaxınlığı ilə bilinən Gürcüstan hakmiyyəti Avropa təhlükəsizliyi üzrə həmin siyasi prinsipləri dəstəkləyib.

Miqrasiya haqqında bəyanata Ermənistan və Gürcüstan qoşulub, Azərbaycan yox

Sammitdə qəbul edilən ikinci sənəd qanunsuz miqrasiya ilə mübarizəyə aiddir.

Böyük Britaniya, Danimarka və İtaliyanın təşəbbüsü ilə hazırlanan bəyanatı 41 lider və beynəlxalq qurum rəhbəri dəstəkləyib.

Sənəddə Avropaya qanunsuz miqrasiyanın azaldılması, sərhəd təhlükəsizliyinin gücləndirilməsi, insan qaçaqmalçılığı şəbəkələrinə qarşı əməkdaşlıq və ölkələr arasında məlumat mübadiləsinin artırılması nəzərdə tutulur.

Əsas istiqamətlərdən biri Avropa ölkələrində qalmaq hüququ olmayan şəxslərin mənşə və tranzit ölkələrinə geri qaytarılmasıdır.

Bəyanata qoşulan tərəflər miqrantların geri qəbulu məsələsində əməkdaşlığın gücləndirilməsini, yeni mexanizmlərin hazırlanmasını və bu prosesdə mövcud hüquqi vasitələrdən istifadə olunmasını dəstəkləyirlər.

Sənəddə geri qaytarılmaların beynəlxalq hüquqa uyğun həyata keçirilməli olduğu da qeyd edilir.

Miqrasiya bəyanatını dəstəkləyənlər arasında Ermənistanın Baş naziri Nikol Paşinyan və Gürcüstanın Baş naziri İrakli Kobaxidze də var.

Azərbaycanın adı isə dəstək verənlərin siyahısında yoxdur.

Bununla belə, sənəddə Azərbaycanın konkret sayda miqrant qəbul etməsi və ya öz ərazisində üçüncü ölkə vətəndaşlarını yerləşdirməsi kimi ayrıca tələb göstərilmir.

Narkotiklərlə mübarizə sənədində maliyyə cinayətləri və sanksiyalar

Azərbaycanın qoşulmadığı üçüncü sənəd “Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatı”dır.

Sənəd narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Avropa ölkələrinin hüquq-mühafizə və gömrük orqanları arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Bəyannamədə dəniz limanlarının təhlükəsizliyi, narkotik qaçaqmalçılığı ilə əlaqəli korrupsiyanın qarşısının alınması və beynəlxalq cinayətkar şəbəkələrin fəaliyyətinin məhdudlaşdırılması əsas istiqamətlərdən biri kimi göstərilib.

Sənədin maliyyə məsələlərinə dair hissəsi də diqqət çəkir.

Burada narkotik ticarəti və digər transmilli cinayətlərlə əlaqəli şəxslərin və təşkilatların cinayət yolu ilə əldə etdikləri aktivlərini hədəfləyən yeni Avropa sanksiya mexanizminin hazırlanması alqışlanır.

Koalisiyanın iştirakçıları çirkli pulların yuyulmasına qarşı mübarizədə əməkdaşlığı, xüsusilə kriptovalyutalardan istifadə ilə bağlı məlumat mübadiləsini gücləndirməyi nəzərdə tuturlar.

Bəyannamədə sintetik narkotiklərin yayılmasının qarşısının alınması, asılılığın müalicəsi, profilaktika və reabilitasiya proqramlarına dəstək də yer alır.

Ancaq sənədin imzalanması bütün ölkələr üçün avtomatik sanksiya tətbiqi və ya məcburi maliyyə məlumatı mübadiləsi öhdəliyi yaratmır. Bəzi əməkdaşlıq təşəbbüsləri könüllülük prinsipinə əsaslanır.

XİN: “Sənədlər əlavə öhdəlik yaradır”

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə noyabrın 13-də medianın sualını cavablandırarkən ölkənin üç bəyanata qoşulmadığını təsdiqləyib.

O bildirib ki, Avropa Siyasi Birliyi ölkələr arasında qarşılıqlı etimadı və əməkdaşlığı təşviq etmək məqsədilə yaradılmış qeyri-rəsmi dialoq platformasıdır.

XİN rəsmisinin sözlərinə görə, Azərbaycanın bu platformada iştirakının məqsədi ümumi maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparmaq, ortaq çağırışları müzakirə etmək və iştirakçı dövlətlərlə əməkdaşlığı genişləndirməkdir.

“Bununla əlaqədar, Azərbaycan tərəfi hüquqi və siyasi cəhətdən əlavə öhdəlik yaradan sözügedən sənədlərə qoşulmayıb”, – deyə Ayxan Hacızadə bildirib.

Ancaq XİN açıqlamasında sənədlərin məhz hansı müddəalarının Azərbaycan üçün qəbuledilməz olduğu göstərilməyib.

Bakı Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü pisləyən ifadələrə, media azadlığı və insan hüquqları ilə bağlı müddəalara, yaxud miqrasiya və maliyyə məlumatlarının mübadiləsinə dair təşəbbüslərə etiraz edibmi? Bu sualın cavabı açıqlanmayıb.

Bir məqam da var ki, sözügedən sənədlər klassik beynəlxalq müqavilələr deyil, dövlətlərin ortaq mövqeyini və əməkdaşlıq niyyətini əks etdirən siyasi bəyanatlardır. Onlara qoşulmaq özlüyündə bütün müddəaların məcburi hüquqi qüvvə qazanması demək deyil.

Bəyannamələrdə də ölkələrin mövcud beynəlxalq öhdəlikləri, konstitusiya qaydaları və bəzi sahələrdə könüllü əməkdaşlıq prinsipi nəzərə alınır.

Bu baxımdan XİN-in əlavə hüquqi və siyasi öhdəliklər barədə izahı konkret müddəalar göstərilmədən sənədlərdən imtinanın səbəbini tam aydınlaşdırmır.

Azərbaycan sammitdə hansı sənədi imzalayıb?

Azərbaycan üç çoxtərəfli bəyanatdan kənarda qalsa da, Dublin sammiti çərçivəsində Böyük Britaniya ilə ayrıca strateji tərəfdaşlıq sənədi imzalayıb.

İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnham tərəfindən imzalanan bəyannamə iki ölkə arasında müdafiə və təhlükəsizlik, enerji, ticarət, nəqliyyat, texnologiya və digər sahələrdə əməkdaşlığın inkişafını nəzərdə tutur.

Həmin sənəd Avropa Siyasi Birliyinin üç çoxtərəfli bəyanatından fərqli olaraq Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli razılaşmadır.

Beləliklə, Azərbaycan Dublində prezident səviyyəsində təmsil olunmasına və sammit çərçivəsində ikitərəfli sənəd imzalamasına baxmayaraq, Avropanın təhlükəsizliyi, miqrasiya və narkotiklərlə mübarizə üzrə qəbul edilmiş üç kollektiv bəyanatın heç birinə qoşulmayıb.

Rəsmi Bakı bunun səbəbini əlavə öhdəlik götürmək istəməməsi ilə izah edir. Hansı öhdəliklərdən imtina edildiyi isə hələ də məlum deyil.

Ana səhifə ▸ Xəbərlər ▸ Prezidentin iştirak etdiyi sammitdə üç mühüm sənəd qəbul olunub, Azərbaycan heç birinə qoşulmayıb