Hicab qadağasına etiraz olaraq aclıq edən məhbusdan 22 gündür xəbər yoxdur

Həbsxana – İllüstrasiya: Chatgpt

Hicab qadağasına etiraz olaraq oktyabrın 16-dan aclıq edən məhbus Elman Şeydayevdən 22 gündür xəbər yoxdur.

Yaxınlarının bildirdiyinə görə, 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Elman Şeydayev açlığa başlayandan sonra cəza kamerasına (“karser”) salınıb. Bundan sonra ailəsi onunla əlaqə saxlaya bilməyib.

Ailəsinə digər məhbusların yaxınları vasitəsilə çatan məlumata görə, Elman Şeydayev hazırda 10 saylı Cəzaçəkmə Müəssisəsindədir. Buna baxmayaraq, ailəsi onun hazırkı vəziyyəti və səhhəti barədə məlumat ala bilmir.

Elman Şeydayev 2022-ci ilin fevralında narkotik ittihamı ilə saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Nazirlər Kabineti sentyabrın 21-də məktəbli forması, oktyabrın 6-da isə müəllimlərin geyimi ilə bağlı yeni qaydalar təsdiqləyib. Qərarlarda hicabın adı birbaşa çəkilməsə də, bu qaydalardan sonra hicablı şagird və müəllimlər məktəblərə buraxılmayıb. Bu da ölkə üzrə narazılıq və etirazlara səbəb olub.

Oktyabrın 12-də Daxili İşlər Nazirliyi hicab məhdudiyyətlərinə qarşı etirazlarla əlaqədar 37 nəfərin həbs edildiyini bildirib. Nazirliyin iddiasına görə, həmin şəxslər ictimai qaydanı pozmağa və təhsil müəssisələrinin fəaliyyətinə mane olmağa cəhd ediblər. Faktla bağlı Cinayət Məcəlləsinin 233-cü – ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya belə hərəkətlərdə fəal iştirak etmə maddəsi  ilə cinayət işi başlanıb.

Eyni vaxtda həbsdə olan bir qrup dini inanclı aclıq aksiyasına başlayıb. sonradan onların aclıq aksiyası etdiklərinə görə, zorakılıq və işgəncələrə məruz qalması ilə bağlı məlumatlar yayılıb. 

Penitensiar Xidmət isə baş verənlərlə bağlı şərh verməyib.

Ana səhifə ▸ Xəbərlər ▸ Hicab qadağasına etiraz olaraq aclıq edən məhbusdan 22 gündür xəbər yoxdur