Özbəkistan universitetində tələbələrə hicabı çıxarmaq tapşırılıb

Daşkənddəki Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetində hicab taxan tələbə qızlardan baş örtüyündən imtina etmək tələb olunub.

“Azattyq Asia” bu barədə sosial şəbəkələrdə yayılan videogörüntülərə istinadən məlumat yayıb.

Kadrlarda bir neçə qızın universitet əməkdaşlarının qarşısında dəhlizdə dayandığı görünür. Müəllimlərdən biri tələbələrə müraciət edərək bu tələbi səsləndirməyin onun özü üçün də xoş olmadığını, lakin ali təhsil müəssisəsində riayət edilməli qaydaların mövcudluğunu bildirir.

“Bunu sizə demək bizim üçün də xoş deyil, amma etika, intizam və müəyyən edilmiş qaydalar var”, – müəllim deyir.

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, görüş oktyabrın 13-də keçirilib. Videoda hicabı çıxarmaqdan imtina edəcəkləri təqdirdə tələbələri hansı nəticələrin gözlədiyi barədə heç nə deyilmir.

Özbəkistan Milli Universitetinin rəhbərliyi yayılan videoya hələlik rəsmi münasibət bildirməyib. Universitetin rəsmi saytında da məsələ ilə bağlı hər hansı izahat yer almayıb.

2021-ci ilin aprelində də Özbəkistan Milli Universitetinin Jurnalistika fakültəsinin tələbələrinin toplantısından videogörüntülər sosial şəbəkələrdə yayılmışdı. Həmin vaxt dekan müavini Rövşən Omonov tələbə qızların dərslərə hicabla gəlməsinin yolverilməz olduğunu bildirmiş və bu tələblə razılaşmayanlara başqa ali məktəbə köçməyi təklif etmişdi.

İctimai rezonansdan sonra Omonov tələbələrlə profilaktik söhbət apardığını, səsləndirdiyi fikirlərin isə tövsiyə xarakteri daşıdığını açıqlamışdı. Ali və Orta İxtisas Təhsili Nazirliyi isə tələbə qızlara baş örtüyü taxmağı qadağan edən hər hansı göstəriş vermədiyini bildirmişdi.

Ana səhifə ▸ Xəbərlər ▸ Özbəkistan universitetində tələbələrə hicabı çıxarmaq tapşırılıb