Həbsdə olan elmi tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun Ali Məhkəmədə səsləndirdiyi son nitqini olduğu kimi təqdim edirik:
Bu gün mənim – araşdırmaçı və sülh fəalının burada olması ölkə adına biabırçılıqdır. Vəsatət verdim ki, Vaşinqton Razılaşmaları cinayət işinin materiallarına əlavə edilsin – qəbul etmədiniz. Çünki bu cinayət işi saxta olduğu qədər həm də regionda sülhün memarı Amerika Birləşmiş Ştatlarının gətirdiyi sülh gündəliyinə ziddir. Nə şahid ifadələri, nə erməni əsilli həmkarlarımla rutin yazışmalar “dövlətə xəyanət” ittihamını sübut etmir.
Hələ ən gülməlisi X platformasında yazdığım postların “sübut” kimi əlavə edilməsidir. Mənim 1915-ci il hadisələrini soyqırımı kimi qəbul etməyim “dövlətə xəyanətdir”sə, bunu iddia etmək Azərbaycan Konstitusiyasına xəyanətdir. Vicdan azadlığı, söz azadlığı konstitusional haqlardır.
Mən hüquqi vasitələrin tükəndiyini yaxşı bilirəm, çünki Azərbaycanda son illərdə formalaşmış hiper dövlət modeli üçün məhkəmə dövlətin repressiv maşınının törətdiklərinin legitim görünməsi üçün alətdir. Bu da ölkədə hüquqi nihilizmə yol açıb.
Həbs edilən təkcə bizim bədənlərimiz deyil, dövlətin məqsədi istənilən alternativ düşüncə tərzini təcrid etməkdir. Post-müharibə dövründə istənilən alternativ, tənqidi düşüncə dövlətin onu paranoik məhv etmə arzusu ilə üzləşir. Total indoktrinasiyaya təhlükə kimi görünən azad fikir Azərbaycan dövlətinin sifarişi əsasında tam təcrid edilib ki, sual vermək, sorğulamaq anomaliya kimi görünsün.
Məni müdafiə edən beynəlxalq təşkilatların və akademik institutların sayı çoxdur. Əlimdə tutduğum BMT İnsan Haqları Komitəsinin 15 oktyabr 2025-ci ildə İqbal Əbilovun və mənim cinayət işi materiallarımın analizi əsasında verdiyi rəy və çağırışdır. Rəyə əsasən, Azərbaycanda dövlət təhlükəsizliyi vasitələri akademik azadlıqların boğulması və araşdırmaçıların qorxudulması üçün istifadə olunur. BMT bizi azad etməyə səsləyir!
Azərbaycan rəsmiləri deyir ki, BMT qətnamələri və çağırışları icra olunmalıdır. Bəs onda BMT-nin çağırışına bir ildir niyə məhəl qoyulmur? Bu bir faktdır ki, Azərbaycan çoxsaylı beynəlxalq çağırışları “qərəzli” adlandıraraq, onları gözardı edir. Nəticədə ölkədə bir dənə də olsun müstəqil QHT, institut qalmayıb. Yüzlərlə siyasi məhbus, onların içində iyirmidən çox jurnalist həbsxanalardadır.
Sözlərin sizə təsir etmədiyini bildiyim üçün, qolumu kəsərək etiraz edirəm. Siz axı qanı çox sevirsiz! Buyurun, damcılayan mənim qanımdır! Qələmimdə mürəkkəb tükəndiyinə görə, mən qanımla danışmaq qərarına gəldim. Məni bu həddə çatdıran sizə sifariş verənlərdir.
Sonda burada olan dəyərli dostlarıma və diplomatik korpusun nümayəndələrinə təşəkkürümü bildirirəm.
Tarix: 25.09.2025
İmza: Bəhruz Səmədov