Noyabr ayının 12-si Azərbaycanda Konstitusiya Günü kimi qeyd edilir. 1995-ci ilin 12 noyabrında müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi. Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini elan etsə də, nə ilk prezident Ayaz Mütəllibovun, nə də ikinci prezident Əbülfəz Elçibəyin hakimiyyəti illərində yeni konstitusiya qəbul edilmədi. 1995-ci ilə qədər müstəqil Azərbaycanın konstitusiyası müstəqil olmadığı illərdən qalan 1978-ci il Azərbaycan SSR-in konstitusiyası idi.
18 oktyabr 1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının 4-cü maddəsində deyilir:
“Azərbaycan Respublikasının 1978-ci il Konstitusiyası bu Konstitusiya Aktının müddəalarına zidd gəlməyən yerlərində qüvvədə qalır”.
Həmçinin aktın sonuncu, 32-ci maddəsində bildirilir ki, bu konstitusiya aktı Azərbaycan Respublikasının yeni konstitusiyasının hazırlanması üçün əsasdır.
Prezident Əbülfəz Elçibəyin hakimiyyəti müddətində mövcud 1978-ci il konstitusiyasına bəzi dəyişikliklər edilsə də, yeni konstitusiya qəbul edilə bilmədi. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsindən sonra, həmin ilin dekabrında Milli Məclis ilk milli konstitusiya layihəsinin hazırlanması ilə bağlı qərar verdi, 1995-ci ildə qəbul edilən yeni qərarla əvvəlki komissiya qüvvədən düşdü. Yeni komissiyaya müxalif qüvvələrdən heç kim daxil edilməmişdi. Dövri mətbuatda müxalifətin komissiyada təmsil olunmaması ilə bağlı narazılığı işıqlandırılmışdı.
Beləliklə, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanda ilk dəfə Milli Məclisə seçkilər və yeni konstitusiya üçün referendum keçirildi. Referendum ATƏT-in müşahidəsi altında keçirildi. Yeni konstitusiyanın qəbul edilməsi üçün minimum 75 faiz seçicinin razılığı alınmalı idi. Mərkəzi Seçki Komissiyasının rəsmi açıqlamasına görə, seçicilərin 91,9 faizi yeni konstitusiyanın qəbul edilməsinin lehinə səs verib. Buna baxmayaraq, həm ATƏT-in hesabatında, həm də beynəlxalq mediada referendum prosesinin azad və ədalətli keçirilmədiyi, proses ərzində qanunsuzluqların və saxtakarlıqların müşahidə edildiyi bildirilmişdi.
Konstitusiyaya dəyişikliklər
2002-ci il referendumu
Azərbaycan konstitusiyasının ilkin versiyası çox yaşamadı. Cəmi 7 ildən sonra ilk dəyişiklik baş tutdu. 2002-2016-cı illər arasında konstitusiya üç dəfə dəyişikliyə məruz qaldı.
2002-ci ildə konstitusiyanın 24 maddəsində dəyişikliklər edildi. Ancaq bunların içində bəziləri xüsusi əhəmiyyət daşıyırdı. Hər şeydən əvvəl, 2002-ci il dəyişikliyi prezident öz vəzifəsini icra edə bilmədikdə səlahiyyətlərinin Milli Məclisin sədrindən baş nazirə verilməsini təmin etdi (maddə 105). Belə ki, həmin dövrdə prezident Heydər Əliyevin səhhətində problemlər var idi və onun vəzifəsini davam etdirə bilməyəcəyi təqdirdə prezidentlik səlahiyyətlərinin oğlu, gələcəkdə baş nazir vəzifəsini tutacaq İlham Əliyevə verilməsi proseduru məhz bu dəyişiklik ilə reallaşdı.
Konstitusiya dəyişikliyinin hakimiyyətin atadan oğula ötürülməsi prosesini təmin edəcəyi ilə bağlı dövri mətbuatda fikirlər həmin dövrdə də səsləndirilirdi. Şübhələr reallaşdı. 2003-cü ildə İlham Əliyev baş nazir vəzifəsinə təyin edildi.
2002-ci il konstitusiya dəyişikliyi ilə həm də Azərbaycanda Milli Məclisə keçirilən seçkilərin qarışıq sistemdən tam majoritar sistemə keçidi təmin edildi. Həmin vaxta qədər 1995-ci il konstitusiyası parlament seçkilərində majoritar və proporsional seçki sistemlərinin keçirilməsini tələb edirdi ki, bu sistem də müxalif partiyaların proporsional sistem vasitəsilə daha çox səs yığmasına səbəb olurdu. Bu dəyişiklik ilə proporsional sistem tamamilə ləğv edildi, Milli Məclisə seçkilər birmandatlı seçki dairələri əsasında baş tutmağa başladı (maddə 83).
Digər bir dəyişiklik isə prezident seçkilərində bir namizədin qalib gələ bilməsi üçün seçicilərin ən azı 2/3-dən səs yığması ilə bağlı idi. Belə ki, dəyişiklikdən sonra bu səs faizi 50 faizə endirildi ki, bu da prezidentə seçilmək üçün daha az səs yığmaq imkanı yaratdı (maddə 101).
2009-cu il referendumu
Konstitusiyaya ilk dəyişiklikdən 7 il sonra, 2009-cu ildə ikinci dəyişiklik baş tutdu. Bu referendumda konstitusiyanın 29 maddəsində dəyişikliklər edildi. Ancaq bütün konstitusiya dəyişikliklərində olduğu kimi, bu dəyişiklikdə də hakimiyyətin daha da möhkəmlənməsinə xidmət edən xüsusi bir məqsəd var idi. Belə ki, bu dəyişikliklə prezidentin 2 dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırıldı. Bundan sonra bir şəxs istənilən qədər prezident seçilə bilərdi (maddə 101).
2016-cı il referendumu
2016-cı il referendumunda hakimiyyətin möhkəmlənməsi üçün bir neçə addım atıldı. Bunlardan ən önəmlisi prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə çıxarılması idi. Yəni prezident seçkiləri bundan sonra 7 ildən bir baş tutacaqdı. Digər bir dəyişiklik isə prezident öz vəzifəsini icra edə bilmədikdə onun səlahiyyətlərinin baş nazirə deyil, birinci vitse-prezidentə verilməsini təmin etdi.
Referendumdan heç bir il keçməmiş Prezident İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva birinci vitse-prezident təyin edildi.
2016-cı il referendumunda sadəcə mövcud maddələrə düzəlişlər edilmədi, həmçinin 6 yeni maddə də əlavə edildi. Bunlardan ən önəmlisi prezidentə Milli Məclisi buraxmaq səlahiyyətinin verilməsi idi. Yerli araşdırmaçıların fikrincə, bu dəyişiklik hakimiyyətin qolları arasında balans prinsipini pozur, icraedici hakimiyyəti qanunverici hakimiyyətdən daha üstün vəziyyətə gətirirdi. Bu, həmçinin prezidentli respublika konstitusionalizminə ziddir.
Beləliklə, 2002-2016-cı illərdə, 14 il ərzində konstitusiyaya 3 dəfə dəyişiklik edildi. Bunun nəticəsində ümumilikdə konstitusiyanın 76 mövcud maddəsinə dəyişiklik edildi, 6 yeni maddə əlavə edildi.
Dəyişiklik edilən 76 maddənin 56-sı unikal maddədir. Yəni bəzi maddələrə bir neçə dəfə dəyişiklik edilib. Məsələn, 2002-ci il dəyişikliyi prezident öz vəzifəsini icra edə bilmədikdə səlahiyyətlərinin baş nazirə ötürülməsini təmin edirdi (İlham Əliyev bir il sonra baş nazir təyin edildi). 2016-cı ildə isə bu səlahiyyət birinci vitse-prezidentə verilirdi (Mehriban Əliyeva bir neçə ay sonra birinci vitse-prezident təyin edildi).
Konstitusiya dəyişikliyi ailə hakimiyyətini möhkəmləndirməyin aləti kimi
Azərbaycan tarixində baş tutan 3 konstitusiya dəyişikliyinə nəzər salanda görmək mümkündür ki, bu dəyişikliklərin hamısı bu və ya digər şəkildə ailə hakimiyyətini, prezidentlik institutunu möhkəmləndirmək məqsədilə edilib. 2002-ci ildə hakimiyyətin Heydər Əliyevdən İlham Əliyevə ötürülməsi, 2009-cu ildə İlham Əliyevin məhdudiyyətsiz seçilməsi, 2016-cı ildə isə İlham Əliyevin səlahiyyət müddətinin uzadılması və fövqəladə hallarda Mehriban Əliyevaya ötürülməsi üçün baş tutmuşdu. Həmçinin digər dəyişikliklər də dolayı yolla hakimiyyətin Əliyevlər ailəsində konsolidasiyası üçün zəmin hazırlayıb. Məsələn, proporsional seçki sisteminin ləğv edilməsi, prezidentin seçilməsi üçün tələb olunan səs faizinin azaldılması, prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi və s.
Konstitusiya necə tətbiq edilir?
Azərbaycan konstitusiyasının ailə hakimiyyətini möhkəmləndirməsi ilə yanaşı, özlüyündə mütərəqqi ideyalar ehtiva edir. Məsələn, Konstitusiya fikir və söz azadlığını, vicdan azadlığını qoruyur, insan ləyaqətinə hörmət edir, vətəndaşların seçib-seçilmək hüququnu tanıyır və s.
Ancaq problem ondadır ki, konstitusiyada qoyulan tələblər real həyatda tətbiq edilmir. Azərbaycan mətbuat azadlığına görə hər il beynəlxalq insan haqları təşkilatları tərəfindən ən pis göstəricilərlə qiymətləndirilir. Məsələn, Sərhədsiz Reportyorlar təşkilatına görə, Azərbaycan media azadlığına görə 2026-cı ildə 180 ölkə arasında 171-ci sıradadır. Bu göstərici ilə o, Rusiya, Şimali Koreya kimi ölkələrlə eyni sıralarda tutulur. “Freedom House” tərəfindən dərc edilən qiymətləndirmədə Azərbaycan 100 xallıq şkala üzrə cəmi 6 xal yığıb ki, bu da onu azad olmayan ölkə kateqoriyasına daxil edib.
2023-cü ildən başlayan repressiya dalğası ilə onlarla jurnalist, media nümayəndəsi, aktivist, vətəndaş cəmiyyəti fəalı həbs və azadlıqdan məhrum edilib. Beynəlxalq insan haqları təşkilatları, rəsmi siyasi qurumlar dəfələrlə Azərbaycanda söz, mətbuat azadlığının məhv edildiyini, təməl insan haqlarının qorunmadığını bildirsələr də, bu illər ərzində konstitusiyada bəyan edilən mütərəqqi, demokratik prinsiplər pozulur. Onların bəziləri konstitusiya dəyişikliyi ilə sıradan çıxarılır, yerdə qalanları isə real həyatda tətbiq edilmir.