Məhbusun şikayəti əsasında prokurorluğun cinayət işi başlamaqdan imtina qərarı ləğv edilib.
Bakının Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasının rəisi Cəlil Əliyevin məhbusa fiziki zorakılıq göstərməsi barədə iddialar yenidən araşdırılacaq.
Bu barədə noyabrın 11-də yerli saytların birində məlumat yayılıb.
Məlumata görə, təcridxanada saxlanılan məhbus müəssisə rəisi və digər əməkdaşlar tərəfindən zorakılığa məruz qalması ilə bağlı şikayət edib.
Şikayətdə bildirilir ki, təcridxana rəisinin müavinləri İlkin Şirinov və Rasim adlı şəxs məhbusu Cəlil Əliyevin xidməti otağının yerləşdiyi inzibati binanın qarşısına gətiriblər.
Məhbusun iddiasına görə, Cəlil Əliyev əvvəlcə onu xidməti otağının pəncərəsindən söyərək təhqir edib. Daha sonra həyətə düşərək əməkdaşlara onun üzünə bibər qazı vurmağı tapşırıb və başının arxasına rezin dəyənəklə zərbə endirib.
Şikayətçinin sözlərinə görə, hadisədən sonra o, özünə xəsarət yetirib.
Hadisənin nə vaxt baş verdiyi və məhbusun hansı xəsarətləri aldığı barədə ətraflı məlumat açıqlanmayıb.
Prokurorluğun qərarı ləğv edilib
Məhbusun şikayətinə əvvəlcə Xəzər Rayon Prokurorluğunda baxılıb. Prokurorluq cinayət işi başlamaqdan imtina edib.
Şikayətçi bu qərarla razılaşmayaraq məhkəməyə müraciət edib.
Xəzər Rayon Məhkəməsi onun şikayətini təmin edərək prokurorluğun cinayət işi başlamaqdan imtina qərarını ləğv edib.
Məhkəmə materialların tam, hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti quruma göndərilməsinə qərar verib.
Bu qərar təcridxana rəisinin təqsirli bilinməsi və ya barəsində cinayət işi başlanması demək deyil. İddiaların araşdırmadan sonra hansı hüquqi qiyməti alacağı hələ məlum deyil.
Cəlil Əliyevin, Penitensiar Xidmətin və prokurorluğun səsləndirilən iddialara münasibəti açıqlanmayıb.
Meydan TV daha əvvəl də təcridxanadakı işgəncə iddialarından yazıb
Meydan TV 2025-ci il sentyabrın 25-də Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında işgəncə, korrupsiya və ağır saxlanma şəraiti barədə geniş araşdırma dərc edib.
“Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənlinin hazırladığı araşdırma həmin müəssisədə saxlanılmış 30-dan çox məhbusdan alınan məlumatlara əsaslanıb. Məlumatlar 2023-cü ilin dekabrından 2025-ci ilin mayınadək olan dövrü əhatə edib.
Araşdırmada müəssisə rəisinin müavinləri İlkin Şirinov və Rasim adlı polkovnik-leytenantın məhbuslara fiziki zorakılıq göstərdiyi iddia olunurdu.
Məhbusların sözlərinə görə, təcridxanada saxlanılan şəxslər döyülür, dəmir barmaqlıqlardan asılır, bəzən isə daha yaxşı saxlanma şəraiti üçün onlardan pul tələb edilirdi.
Həmin araşdırmada təcridxananın rəisi Cəlil Əliyevin də adı çəkilirdi. Məhbuslar gəzinti və kameraların havalandırılması kimi gündəlik ehtiyacların təmin edilməsinin belə ödənişdən asılı olduğunu bildirirdilər.
Noyabrın 11-də yayılan yeni şikayətdə də Cəlil Əliyev, İlkin Şirinov və Rasim adlı vəzifəli şəxsin adları hallanır.
Əvvəlki araşdırmada və yeni şikayətdə səsləndirilən iddiaların doğruluğu barədə yekun məhkəmə qərarı məlum deyil.