Pezeşkiana məktub yazan QHT-lər son iki ildə hökumətdən 1,5 milyon manat qrant əldə ediblər

İllüstrasiya ChatGPT ilə hazırlanıb

“Report”un verdiyi məlumata görə, oktyabrın 26-da 55 yerli qeyri-hökumət təşkilatı (QHT) İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət edib. Məktubda İran Prezidentindən “Azərbaycan dilinin məktəblərdə sistemli şəkildə tədrisinin təşkil edilməsi, Azərbaycan dilində təhsil verən orta və ali təhsil müəssisələrinin yaradılması, müvafiq pedaqoji kadrların hazırlanması, dərslik və tədris proqramlarının işlənib hazırlanması, eləcə də bu istiqamətdə zəruri hüquqi və institusional mexanizmlərin formalaşdırılması” xahiş edilir. Məktubda İranda yaşayan azərbaycanlıların ana dilində təhsil alması üçün İran hökumətindən əməli addımların atılması xahiş edilir.

İran Prezidentinə yerli QHT-lər tərəfindən məktub göndərilməsi İranın elm nazirinin Azərbaycanda məktəblərdə hicab qadağası ilə bağlı açıqlaması ilə eyni dövrə təsadüf edir. Belə ki, məktubun göndərilməsindən 4 gün əvvəl, oktyabrın 22-də, İranın elm naziri Hüseyn Simayi-Sərraf videomüraciət yayaraq azərbaycanlı hicablı qızları İran universitetlərində oxumağa çağırmış və onlar üçün ölkənin qapılarının hər an açıq olduğunu bildirmişdi.

Azərbaycanda yerli QHT-lər ilk dəfə deyil ki, hansısa ölkə rəhbərinə, hansısa ölkənin rəsmi strukturlarına kollektiv müraciət imzalayırlar. Əvvəlki illərdə də bu cür kollektiv müraciətlərə rast gəlmək olurdu. Məsələn, 2023-cü ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə hücumdan bir gün sonra 522 yerli QHT səfirliyə hücumu pisləyən bəyanat vermişdi. 2022-ci ildə Fransada Respublikaçılar Partiyasının prezident seçkilərində namizədi Valeri Pekresin Dağlıq Qarabağa səfərindən sonra da aralarında yerli QHT sədrlərinin də olduğu 35 nəfər Fransa Prezidenti Emmanuel Makrona müraciət edərək bu cür səfərlərin qarşısının alınmasını istəmişdi. 2025-ci ildə isə 55 QHT nümayəndəsi ABŞ Prezidenti Donald Trampa açıq məktub yazaraq Lemkin İnstitutunun Ruben Vardanyan daxil olmaqla, müharibə cinayətlərində ittiham olunan erməniəsilli şəxslərin Milad bayramı münasibətilə azadlığa buraxılması üçün Donald Trampa müraciət etməsini qınamışdı. Bu müraciətləri birləşdirən ümumi cəhət ondan ibarətdir ki, müraciətlər Azərbaycan hökumətinin əvvəldən bəyan edilmiş mövqeyini dəstəkləyirdi. Məsələn, İran Prezidenti Pezeşkiana edilən sonuncu müraciətdən əvvəl dövlət rəsmiləri də İranın elm nazirinin açıqlamasını qınamışdılar. Prezident İlham Əliyev də Valeri Pekresin səfərini QHT-lərin müraciətindən əvvəl qınamışdı.

Pezeşkiana müraciət edən QHT-lərin hökumətdən aldığı qrantlar

QHT-lərin İran Prezidenti Məsud Pezeşkiana müraciətini maraqlı edən nüans ondan ibarətdir ki, müraciəti imzalayan QHT-lərin böyük çoxluğu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (bundan sonra — agentlik) tərəfindən elan olunan qrant müsabiqələrində qalib olub. Müraciəti imzalayan 55 təşkilatdan 30-u 2025 və 2026-cı illərdə, 12-si yalnız 2025-ci ildə, 8-i isə yalnız 2026-cı ildə agentlik tərəfindən elan edilən böyük, orta və kiçik qrant müsabiqələrində qalib gələrək qrant əldə edib. Bu təşkilatların 2025 və 2026-cı illərdə həmin müsabiqələrdə əldə etdikləri ümumi qrantın miqdarı 1 491 500 AZN təşkil edib. (Agentliyin digər qrant müsabiqələri də olub, ancaq bu araşdırmada yalnız bu iki müsabiqə əsas götürülüb. Yəni ümumi məbləğ, əslində, daha çoxdur.)

Pezeşkiana müraciəti imzalayan QHT-lərdən 2025-ci ildə ən çox qrant alan 5 təşkilat və əldə etdikləri qrantın həcmi aşağıdakı kimidir:

QHTQrantın məbləği
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi40 000 AZN
“Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi35 000 AZN
“Qarabağ İtkin Ailələri” İctimai Birliyi35 000 AZN
“Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyi35 000 AZN
Konstitusiya Araşdırmalar Fondu31 000 AZN

Bu QHT-lərdən 2026-cı ildə ən çox qrant alan 5 təşkilat və əldə etdikləri qrantın həcmi aşağıdakı kimidir:

QHTQrantın məbləği
“Qarabağ İtkin Ailələri” İctimai Birliyi40 000 AZN
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi35 000 AZN
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi30 000 AZN
“İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi28 000 AZN
“Çapar” Milli İrsin Tədqiqi Mərkəzi İctimai Birliyi28 000 AZN

Azərbaycanda fəaliyyət göstərən yerli QHT-lər müstəqildirmi?

Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi ilə bağlı tənqidlər mövcuddur. Agentlik hökumətin nəzarətində olan, GONGO adlandırılan QHT-lərə dəstək verdiyinə görə tənqid edilir. Avropa Şurasının Azərbaycanla bağlı dərc etdiyi “Beşinci Rəy” adlı sənəddə agentlik haqqında tənqidlər səsləndirildiyi, qurumun qrantlarının çox böyük qisminin hökumətin marağında olan mövzuları işləyən GONGO-lara verildiyi göstərilib. “CSO Meter”in 2024-cü ildə hazırladığı hesabatda da dövlət tərəfindən ayrılan maliyyənin hökumətyönümlü təşkilatlara ayrıldığı və müstəqil QHT-lərin əlverişsiz vəziyyətə salındığı göstərilir.

Yerli müstəqil mediada da dövlət tərəfindən yerli QHT-lərə ayrılan qrantların şəffaflığı barədə tənqidlər səsləndirilib. Məsələn, 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrində qalib gələn layihələrin əksəriyyətinin Qərbi Azərbaycanla bağlı olduğu Meydan TV tərəfindən işıqlandırılıb.

İllərdir sərtləşdirilən QHT qanunvericiliyi

Azərbaycan hökuməti uzun illərdir ki, ölkədə ictimai birliklər və qrant haqqında qanunvericiliyi sərtləşdirməklə müstəqil QHT-lərin fəaliyyətini məhdudlaşdırır, onların fəaliyyətinə çoxsaylı maneələr yaradır. Xüsusilə 2013–2015-ci illərdə ictimai birliklər və qrant haqqında qanunvericiliyə edilən çoxsaylı dəyişikliklər yerli və beynəlxalq QHT-lərə, o cümlədən media təşkilatlarına qarşı təzyiq kimi qiymətləndirilir. 2013 və 2014-cü illərdə “Qrant haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən, yerli qeyri-hökumət təşkilatları xarici donorlardan aldıqları qrantları, o cümlədən Azərbaycan vətəndaşlarından toplanılan ianələri qeydiyyata alınmaq üçün icra hakimiyyəti orqanına (Ədliyyə Nazirliyinə) təqdim etməlidirlər. Bu məhdudlaşdırıcı qanunvericilik 2014-cü ildə daha da sərtləşdirilib və artıq xarici donorlar Azərbaycan QHT-lərinə qrant vermək üçün Azərbaycanda Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyindən xüsusi icazə almalıdırlar. Məhdudlaşdırıcı qanunvericiliyə əsasən, qeydə alınmayan qrantlarla bağlı hər hansı bank əməliyyatı aparmaq, o cümlədən bu maliyyə üzrə hər hansı fəaliyyət həyata keçirmək qadağan edilir. Bu qaydalara əməl edilməməsinə görə ağır maliyyə sanksiyası formasında inzibati məsuliyyət nəzərdə tutulur.

2013 və 2015-ci illərdə ictimai birliklər və qrant haqqında qanunvericiliyə edilən dəyişikliklər çox sayda yerli və beynəlxalq təşkilat tərəfindən tənqid olunub. Bu dəyişikliklər Avropa Şurasının Venesiya Komissiyası və ATƏT tərəfindən, eləcə də AİHM-in qərarlarında məhdudlaşdırıcı hesab edilib.

Müstəqil QHT-lərə qarşı təzyiqlər və həbslər

Azərbaycan hökuməti QHT qanunvericiliyini dəyişdirərək ölkədə müstəqil QHT-lərin fəaliyyətini qanuni üsullarla məhdudlaşdırmaqla kifayətlənmir, onlara qarşı təzyiq siyasəti də yürüdür. Hətta bir çox hallarda müstəqil QHT rəhbərləri yaxud nümayəndələri həbslə üzləşirlər.

Yerli müstəqil QHT-lərə qarşı təzyiqlər hər zaman olsa da, 2013 və 2014-cü illərdən etibarən daha da intensivləşmiş, həmin dövrdə tanınmış QHT rəhbərləri Anar Məmmədli və İntiqam Əliyev azadlıqdan məhrum edilmişdi. Sonrakı illərdə həbs edilmiş QHT rəhbərləri azadlığa buraxılsa da, 2023-cü ildən etibarən başlayan təzyiq dalğası yenidən yerli QHT rəhbərlərinin həbsinə səbəb oldu. 2024-cü ildə Demokratik Təşəbbüslər İnstitutunun sədri və 3-cü Respublika Platformasının spikeri Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev və İlkin Əmrahov saxlanıldı və onlar haqqında 2026-cı ildə verilən qərara əsasən 13–15 il müddətinə azadlıqdan məhrum edildilər.

2025-ci ildə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi təşkilatının sədri Anar Məmmədli, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə” Alyansının rəhbəri Məmməd Məmmədzadə və digərləri saxlanılıb. Anar Məmmədlinin 13 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verilib. Digər şəxslərin məhkəməsi hələ davam etməkdədir.

Beləliklə, Azərbaycan hökuməti yerli müstəqil QHT-lərə, vətəndaş cəmiyyəti təşkilatlarına qarşı təzyiq, təhdid və hətta həbs siyasəti apararaq onları sıradan çıxarmağa çalışır. Üstəlik, bu təzyiq siyasəti qanunvericiliyin dəyişdirilməsi yolu ilə onların əlverişsiz vəziyyətə salınması siyasəti ilə birlikdə həyata keçirilir. Digər tərəfdən isə hökumət onun üçün maraqlı olan, onun mənafeyinə toxunmayan mövzularda layihələr həyata keçirən yerli təşkilatlara maliyyə ayırmağa davam edir. Məsələn, yuxarıda da qeyd edildiyi kimi, İran Prezidenti Məsud Pezeşkiana müraciət ünvanlayan 55 QHT-nin 50-si 2025 və ya 2026-cı illərdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilən qrant müsabiqələri çərçivəsində 1,5 milyon manata yaxın qrant əldə edib.

Ana səhifə ▸ Araşdırma ▸ Pezeşkiana məktub yazan QHT-lər son iki ildə hökumətdən 1,5 milyon manat qrant əldə ediblər