Siyasi gərginlik fonunda SOCAR-ın Türkiyədə milyardlarla dollarlıq yeni investisiyaları

SOCAR binası arxa fonda. Foto: Reuters

Bu ilin oktyabr-noyabr aylarında Azərbaycan və Türkiyə arasında siyasi münasibətlərin müəyyən qədər gərginləşdiyi bir dövrdə “SOCAR Türkiyə” bu ölkədə investisiyalarını genişləndirib. Belə ki, şirkət iki istehsal müəssisəsinin layihələndirilməsi işlərinə başlayıb, habelə əvvəlki maliyyə öhdəliklərinin yenidən maliyyələşdirilməsi üçün milyard dollarlıq borc cəlb edib.

Anadolu Agentliyi yazır ki, SOCAR-ın Türkiyəyə yatırdığı ümumi investisiyaların həcminin 20 milyard dollara çatdırılması nəzərdə tutulur.

Məlumata görə, Azərbaycanın Dövlət Neft Şirkəti Türkiyədəki STAR Neft Emalı Zavodunda (NEZ) təxminən 120 milyon dollar (6 milyard lirə) dəyərində yeni təyyarə yanacağı (aviasiya kerosini) istehsalı qurğusu inşa edəcək.

Şirkətin açıqlamasına görə, STAR NEZ-in istehsal çevikliyini və enerji səmərəliliyini artırmaq məqsədilə yaradılacaq yeni Kero-Merox qurğusu ilə bağlı layihələndirmə, mühəndislik, təchizat və tikinti müqavilələri imzalanıb.

Şirkətin məlumatında bildirilir ki, layihə nəticəsində neft emalı zavodunun illik dizel istehsalının təxminən 600 min ton artırılması hədəflənir. Bunun üçün aviasiya kerosininin istehsalında istifadə olunan KHT qurğusunun dizel istehsalına da yönəldilməsi nəzərdə tutulur.

“Petkim”in baş direktoru və SOCAR Türkiyənin Emal və Neft-Kimya Biznes Bölməsinin rəhbəri Kənan Mirzəyev bildirib ki, layihə Türkiyənin dizel yanacağı idxalından asılılığının və cari hesab kəsirinin azaldılmasına xidmət edəcək:

“STAR NEZ-də həyata keçirəcəyimiz yeni təyyarə yanacağı qurğusu zavodumuzun istehsal çevikliyini və enerji səmərəliliyini artıracaq strateji transformasiya investisiyasıdır. Təyyarə yanacağı istehsalını yeni qurğumuza köçürməklə illik təxminən 600 min ton əlavə dizel istehsalı gücü yaradacağıq. Bazar şərtlərinə uyğun olaraq təyyarə yanacağı və dizel istehsalının həcmini tənzimləmək imkanlarımızı daha da genişləndirəcəyik”.

KHT qurğusunun 2029-cu ilin birinci rübündə istismara verilməsi planlaşdırılır.

K. Mirzəyev əlavə edib ki, bu investisiya nəticəsində SOCAR-ın Türkiyədəki ümumi investisiyalarının həcmi 20 milyard dollara çatacaq.

“STAR NEZ 2018-ci ilin sonunda istismara verildiyi zaman illik 10 milyon ton emal gücü ilə Türkiyənin üçüncü ən böyük neft emalı müəssisəsi idi. Son illərdə həyata keçirdiyimiz işlər nəticəsində bu gücü illik 13 milyon tona çatdırdıq və zavodumuzu Türkiyənin ən böyük neft emalı müəssisəsinə çevirdik. Yeni investisiyamızla bu gücü daha da artıracağıq”, – deyə o bildirib.

70 milyon dollara polietilen istehsalı kompleksi tikiləcəkəcək

Digər tərəfdən, “Report”un məlumatına görə, “Petkim Petrokimya Holding” Türkiyənin Əliağa şəhərində polietilen istehsalı üzrə yeni kompleks inşa edəcək.

SOCAR-ın baş mühəndisi Rövşən Xəlilov bildirib ki, yeni müəssisənin istehsal gücü ildə 850 min ton polietilen təşkil edəcək. Layihə SOCAR-ın Türkiyədəki neft-kimya investisiyalarının master-planına uyğun olaraq həyata keçirilir.

Xəbərə görə, yeni qurğuda texnoloji prosesin lisenziarı və “UNIPOL PE” texnologiyasının təminatçısı qismində ABŞ-nin “Univation Technologies, LLC” şirkəti müəyyən edilib. Həmin şirkət “Dow Chemical”ın törəmə strukturudur.

Layihələndirmə işləri üçün ümumilikdə 70 milyon ABŞ dolları məbləğində büdcə ayrılıb. İşlərin 2027-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.

SOCAR Türkiyə 22 bankdan 1,6 milyard dollar borc cəlb edib

Qeyd edək ki, Azərbaycan-Türkiyə münasibətlərində gərginliyin artdığı dövrdə – oktyabr ayının sonlarında “SOCAR Türkiyə” ərəb banklarının da daxil olduğu beynəlxalq banklardan 1,6 milyard dollar həcmində maliyyələşmə cəlb edib.

Şirkətin açıqlamasında bildirilir ki, əvvəlki maliyyə öhdəliklərinin yenidən maliyyələşdirilməsi məqsədilə 1,6 milyard ABŞ dolları məbləğində uzunmüddətli maliyyələşmə təmin olunub.

Maliyyələşdirmə əməliyyatında Birləşmiş Ərəb Əmirliklərinin ən böyük bankı olan “First Abu Dhabi Bank PJSC” (FAB), Yaponiyanın “Mizuho Bank”ı, eləcə də Avropa, Uzaq Şərq və Yaxın Şərqdən 22 bank iştirak edib.

Məlumata görə, yenidən maliyyələşdirmə əməliyyatı əvvəlki kreditlərlə müqayisədə daha aşağı faiz xərcləri və daha uzun ödəmə müddəti ilə fərqlənir.

SOCAR-ın prezidenti və “SOCAR Türkiyə”nin İdarə Heyətinin sədri Rövşən Nəcəf bildirib ki, qlobal bazarlarda qeyri-müəyyənliyin davam etdiyi bir dövrdə bu həcmdə maliyyələşmənin əlverişli şərtlərlə təmin edilməsi şirkətə göstərilən etimadın göstəricisidir.

Ana səhifə ▸ Xəbərlər ▸ Siyasi gərginlik fonunda SOCAR-ın Türkiyədə milyardlarla dollarlıq yeni investisiyaları