Ekologiya fəalları COP31 iştirakçılarını jurnalistlərə dəstək verməyə çağırıblar. Çağırışda onların Azərbaycanda ekoloji problemlər və heyvan hüquqları ilə bağlı hazırladıqları reportajlar xatırladılıb.
Türkiyədə fəaliyyət göstərən “Polen Ekoloji” Kollektivi həbsdə olan Meydan TV jurnalistləri Aytac Tapdıq və Xəyalə Ağayevanın azadlığa buraxılması ilə bağlı çağırış yayıb.
Noyabrın 7-də təşkilatın saytında “Azərbaycanlı veganlardan çağırış: Aytac və Xəyaləyə azadlıq” başlıqlı məqalə dərc olunub.
Məqalədə bildirilir ki, Azərbaycanda heyvan hüquqlarının müdafiəsi ilə məşğul olan fəallar beynəlxalq ictimaiyyəti jurnalistlərin həbsinə diqqət yetirməyə çağırırlar.
Çağırış noyabrın 9–20-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin COP31 İqlim Konfransı ərəfəsində yayılıb.
Fəallar konfrans günlərində Aytac Tapdıq və Xəyalə Ağayevanın fotoları ilə həmrəylik paylaşımları edilməsini, onların azadlığa buraxılması tələbinə dəstək verilməsini istəyirlər.
Jurnalistlərin ekoloji problemlərlə bağlı reportajları xatırladılıb
“Polen Ekoloji”nin məqaləsində Aytac Tapdıq və Xəyalə Ağayevanın Azərbaycanda ekoloji problemlər, heyvan hüquqları və ictimai etirazlarla bağlı jurnalist fəaliyyətindən bəhs olunur.
Bildirilir ki, hər iki jurnalist 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 İqlim Konfransı zamanı heyvan hüquqları fəallarının etiraz aksiyasını işıqlandırıb.
Məqaləyə görə, onlar aksiyanın görüntülərini çəkməyə nail olsalar da, polis tərəfindən saxlanılaraq ərazidən uzaqlaşdırılıblar. Jurnalistlərin fiziki zorakılığa məruz qaldıqları, Aytac Tapdığın telefonunun isə bir müddət əlindən alındığı bildirilir.
Təşkilat 2023-cü ilin iyununda Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən etirazları da xatırladıb.
Həmin vaxt kənd sakinləri ərazidəki qızıl mədəninin tullantıları üçün yaradılmış gölün ətraf mühitə və insanların sağlamlığına zərər vurduğunu bildirərək etiraz aksiyası keçirmişdilər. Polis aksiyanı dağıtmış, sakinlərə qarşı zorakılıq tətbiq olunmuşdu.
Aytac Tapdıq hadisələri işıqlandıran ilk jurnalistlərdən biri olub.
Məqalədə qeyd edilir ki, bir neçə ay sonra Aytac Tapdıq və Xəyalə Ağayeva Söyüdlü kəndinə yenidən getməyə çalışsalar da, mülki geyimli polis əməkdaşlarının təqibi ilə üzləşiblər və kəndə buraxılmayıblar.
Təşkilat jurnalistlərin COP29 günlərində Bakı ətrafında hazırladıqları başqa bir reportaja da diqqət çəkib. Həmin materialda yol kənarında tikilən divarın arxasında qalan yoxsul yaşayış evləri, neftlə çirklənmiş ərazilərdə yaşayan insanların problemləri işıqlandırılıb.
Heyvan hüquqları fəalları da təzyiqlərdən danışırlar
Məqalədə Azərbaycanda sahibsiz itlərin öldürülməsinə qarşı 2020-ci ildən keçirilən etiraz aksiyalarından da bəhs edilir.
Təşkilatın bildirdiyinə görə, heyvan hüquqları müdafiəçiləri Bakıda sahibsiz itlərin aparıldığı “Toplan” Mərkəzinin fəaliyyətinə qarşı illərlə kampaniya aparıblar.
Məqalədə iddia olunur ki, bu kampaniyalar və beynəlxalq etirazlardan sonra mərkəzin fəaliyyəti COP29 ərəfəsində dayandırılıb, heyvanlara qarşı qəddar rəftarla bağlı qanunvericilikdə dəyişikliklər edilib.
Təşkilat Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı təzyiqlərin heyvan hüquqları fəallarının fəaliyyətinə də təsir göstərdiyini bildirir.
Aytac Tapdıq və Xəyalə Ağayeva 2024-cü ildən həbsdədirlər
Meydan TV jurnalistləri Aytac Tapdıq və Xəyalə Ağayeva 2024-cü il dekabrın 6-da saxlanılıblar.
Onlar “Meydan TV işi” üzrə qaçaqmalçılıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və digər cinayətlərdə ittiham olunurlar.
Hər iki jurnalist ittihamları rədd edir, həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
Hazırda “Meydan TV işi” üzrə 12 nəfər məhkəmə qarşısına çıxarılıb.
“Polen Ekoloji” Kollektivi jurnalistlərin həbsini Azərbaycanda müstəqil mediaya qarşı təzyiqlərin tərkib hissəsi kimi qiymətləndirir.
Təşkilat Türkiyədə keçiriləcək olan COP31 iştirakçılarını və ekoloji hərəkatları Aytac Tapdıqla Xəyalə Ağayevanın azadlığa buraxılması çağırışına qoşulmağa səsləyir.