Azərbaycan hökuməti gələn il yaşayış minimumunu cəmi 14 manat artırmağı düşünür. Belə ki, 2027-ci ilin dövlət büdcəsi layihəsində yaşayış minimumu ölkə üzrə 314 manat müəyyən edilib.
Əmək qabiliyyətli əhali üçün bu məbləğ 17 manat artırılaraq 334 manata, pensiyaçılar üçün 13 manat artırılaraq 258 manata, uşaqlar üçün isə 14 manat artırılaraq 274 manata çatdırılacaq.
Yaşayış minimumu nədir?
Qanuna görə, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət olan sosial normadır.
Beləliklə, gələn il ölkə üzrə adambaşına 314 manat yaşayış minimumu müəyyən edilərsə, bu məbləğlə həm minimum istehlak xərcləri qarşılanmalı, həm də vergilər və icbari sığorta ödənişləri ilə bağlı öhdəliklər yerinə yetirilməlidir.
Qanunvericiliyə əsasən, yaşayış minimumunun təyin edilməsində əsas məqsəd aztəminatlı ailələrə ödənilən sosial müavinətlərin, habelə fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin müəyyənləşdirilməsidir.
Eyni zamanda, sözügedən məbləğ hökumət tərəfindən ölkədə yoxsulluq həddinin müəyyənləşdirilməsi üçün əsas baza kimi götürülür. Belə ki, gəlirləri bu məbləğdən aşağı olan şəxslər yoxsul hesab edilir.
Lakin iqtisadçılar hökumətin bu yanaşmasını həmişə mübahisələndiriblər.
Minimum istehlak səbəti: norma, yoxsa manipulyasiya?
Birincisi, iqtisadçılar hesab edirlər ki, minimum istehlak səbətinin dəyəri real şəkildə hesablanmır və qiymətləndirmə zamanı manipulyativ yanaşmalardan istifadə olunur.
Digər tərəfdən, onlar yoxsulluq həddinin median gəlir (əhalinin yarısının gəlirindən yüksək, digər yarısının gəlirindən isə aşağı olan gəlir səviyyəsi) əsasında müəyyən edilməli olduğunu düşünürlər.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə əhalisinin 5,2 faizi yaşayış minimumundan aşağı gəlirə malikdir. Halbuki, Komitənin ev təsərrüfatlarına dair digər hesabatında 2025-ci ildə aylıq gəlirləri 300 manatdan aşağı olan şəxslərin sayı 11,5 faiz, 320 manata qədər gəliri olanların payı isə 16,5 faiz göstərilir.
Qanunvericilikdə göstərilir ki, minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsini təmin edən ərzaq və qeyri-ərzaq malları, eləcə də xidmətlər üzrə ala biləcəyi ən aşağı normalardır.
İstehlak normaları isə Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilir.
Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov Meydan TV-yə açıqlamasında bildirir ki, Azərbaycanda minimum istehlak səbətinin tərkibini ciddi institutlar işləməyib, hansısa ölkədən nümunə olaraq götürülüb. Ekspertin fikrincə, istehlak səbətində minimum hədd göstərilsə də, hər məhsul üzrə təminat norması müəyyən edilməyib:
“Bu işi Səhiyyə Nazirliyi sifariş etməlidir. Hansısa institut, yaxud da mütəxəssislərdən ibarət bir qrup bu normaları müəyyən etməlidir. Yaş qrupuna uyğun olaraq adambaşına gündəlik nə qədər qida qəbul edilməlidir. Ondan sonra həmin göstəricilər illik norma kimi təqdim edilməli və hökumət tərəfindən təsdiq olunmalıdır. Bu prosedur həyata keçirilməyib.
Ərzaq təhlükəsizliyinin əsas prinsiplərindən biri ərzağın fiziki mövcudluğu, ikincisi, əlçatanlığı, üçüncüsü isə dayanıqlılığıdır. Azərbaycanda ərzaqla təminatda fiziki çəki norma olaraq qəbul edilməyib. Hər bir ölkədə ciddi institutlar spesifik standart normalar müəyyən olunub. Gün ərzində neçə kalori ərzaq qəbul edilməlidir və bu ərzaq hansı komponentlərdən, hansı məhsullardan ibarət olmalıdır. Bunların hamısı hesablanır və adambaşına illik istehlak norması müəyyən edilir.
Azərbaycanda isə yalnız minimum istehlak səviyyəsində yer tutan bəzi məhsullar üzrə göstəricilər var. Bu da minimum əməkhaqqını müəyyən etmək üçün minimum həddir, norma deyil”.
“Məsələn, minimum istehlak səbətində adambaşına orta hesabla 6,5 kiloqram kərə yağı müəyyən edilib. Azərbaycan isə ərzaq təminatında bu, 3 kiloqramdan azdır. Yaxşı, bu minimum həddirsə, bəs norma nə qədər olmalıdır?
Məsələn, yaş qruplarına uyğun olaraq 25 kq, 30 kq və 35 kq ət nəzərdə tutulub. Amma Qazaxıstanda bu göstərici ölkə üzrə orta hesabla 80 kiloqramdır. Burada yaş və cins amillərinə görə fərqlənir.
Azərbaycanda minimum istehlak səbətinin tərkibini hansısa ölkədən götürüblər. Bunun üzərində ciddi institut işləməyib”, – deyə V.Məhərrəmov vurğulayır.
İnflyasiya 5,7 faiz olduğu halda yaşayış minimumu 4,3 faiz artır
Digər tərəfdən, yaşayış minimumu hesablanarkən istehlak səbətinin dəyəri hətta inflyasiya səviyyəsinə uyğun indeksləşdirilmir. Dövlət büdcəsi layihəsində əhalinin minimum istehlak xərclərinin cəmi 4,3 faiz artırılması nəzərdə tutulduğu halda, 2026-cı ilin 9 ayında illik inflyasiya 5,7 faiz təşkil edib. Mərkəzi Bank isə gələn il üçün inflyasiyanı 5,9 faiz proqnozlaşdırır. Bir sözlə, gələn il üçün gündəlik yaşayış minimumunun həddi cəmi 49 qəpik artaraq 10,4 manat olacaq. İqtisadçılara görə, yaşayış minimumundakı artım inflyasiya səviyyəsinə uyğun belə indeksasiya edilməyib.
Məsələn, Azərbaycanda əmək qabiliyyətli bir insanın illik minimum istehlak norması 136,8 kq çörək, 54,8 kq kartof, 97,2 kq meyvə-tərəvəz, 32,9 kq ət və ət məhsulları, 150 ədəd yumurta, 7 kq kərə yağı və digər məhsulları əhatə edir.
Bundan əlavə, kommunal xidmətlər üzrə minimum istehlak normalarında adambaşına aylıq su təchizatı və kanalizasiya xidmətləri üçün 5 kubmetr, təbii qaz üçün 21 kubmetr, elektrik enerjisi üçün isə 50 kVt-saat nəzərdə tutulub.
Əslində, bu məhsul və xidmətlərin qiymətləri il ərzində nə qədər artıbsa, yaşayış minimumu da ona uyğun artırılmalı idi. Lakin iqtisadçılar bildirirlər ki, nəinki belə indeksasiya aparılmır, hətta minimum istehlak səbətinin tərkibindəki məhsullar üzrə həm istehlak normaları, həm də qiymətləndirmə göstəriciləri olduqca aşağı müəyyən edilir.
Nəticədə minimum istehlak səbətinin ümumi dəyəri süni şəkildə aşağı salınır.
Açıq Azərbaycan Təşəbbüsünün rəhbəri Zöhrab İsmayıl Meydan TV-yə deyir ki, 2026-cı ilin proqnozlaşdırılan inflyasiyasını nəzərə alsaq, 14 manatlıq artım çox aşağıdır:
“Çünki bu il gözlənilən inflyasiya 6,1 faiz, gələn il üçün isə 5,8 faiz proqnozlaşdırılır. 14 manat 5 faiz səviyyəsindən də aşağıdır. Bu, təbii ki, gülməli rəqəmdir. Ən azı inflyasiya proqnozu həddində artımlar baş verməli idi. Amma gördüyümüz kimi, heç inflyasiya həddində də artım baş verməyib”.
İqtisadçının sözlərinə görə, yaşayış minimumu özü də qeyri-realdır və hökumətin öz maraqlarına uyğun hesablamaları əsasında müəyyən edilir:
“Onların istədiyi rəqəmdir. Bunun müqabilində maaşları, pensiyaları aşağı səviyyədə saxlamaq, az pul xərcləmək üçün siyasi və saxta bir konsepsiyadır”.