Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Toplum TV işi” üzrə həbsdə olan əməkdaşı Ramil Babayev Meydan TV üçün yazı göndərib.
Yazını olduğu kimi təqdim edirik:
“Penitensiar sistemlə bağlı hər məsələyə toxunub Bakı İstintaq Təcridxanası (BİT) rəisi Elnur İsmayılovla olan təcrübəmizi bölüşməsək, təşəbbüsümüz natamam qalar.
Elnur İsmayılov adi rəis deyil, xeyli dərəcədə siyasiləşmiş bir şəxsdir. İlham Əliyevin adını çəkən məhbusa yumruğunu sıxaraq, öz işindən danış deyən yalnız Heydər Əliyevin doğum günlərində və seçki günlərindən bir gün əvvəl məhbuslara aş paylayan, Mehriban Əliyevaya ünvanlanmış ərizələrin heç birini ünvanına çatdırmayan bu şəxs məhz bu kinli xüsusiyyətləri sayəsində həbsxanaların bir çoxuna öz müavinlərini rəsi təyin etdirib.
Mirsaleh Seyidovun təcrübəsindən isə bilirik ki, müavinlərini rəis təyin etdirmək Penitensiar Xidmətin rəisi təyin olunmağın açarıdır. Yəni Elnur İsmayılov hazırda Penitensiar Xidmətin rəhbəri vəzifəsinə əsas namizəddir.
E. İsmayılov həm də hakimdir. O öhdəsindən gəlməkdə çətinlik çəkdiyi məhbusların hakimlərinə sifariş göndərərək onların işlərini təcili yekunlaşdırılmasını istəyir. Bunun nəticəsində aylardır təyin olunmayan məhkəmə, iki-üç günün içində təyin olunur və həmin şəxsə tələsik şəkildə həbs cəzası verilir.
Məhkəmədən qayıdan bu şəxslərə Elnur İsmayılov həmin gün böyük vədlər verir. Lakin növbəti gün səhər 06:00-da şəxsin BİT-də özünə xəsarət yetirməsinin qarşısını almaq üçün qoluna arxadan qandal vurmaqla elə o vəziyyətdə maşına mindirərək, Umbakı Penitensiar Müəssisəsinə göndərilir.
Bayramlarda məhbuslara A4 kağızları paylayaraq özünə məcburi qaydada təbrik məktubu yazdıran, sonra da həmin məktubların sayı ilə öyünən bu narsist rəislə keçirdiyimiz 2 il 6 ay müddətində Elnur İsmayılovun narrativlərinin ciddi təkamülünün şahidi olmuşuq.
Bu təkamülü E. İsmayılovun ifadələrini dırnaq içində olduğu kimi səsləndirməklə necə başladıq, necə bitirdik formatında təqdim edəcəyəm. Başlayaq rüşvət məsələsindən.
Elnur İsmayılovun ilk aylarda rüşvət və korrupsiya iddialarını tam təkzib edən “Mən haqq adamıyam, hansısa xırda səhvimə görə də işdən çıxarılsam uşağım 5 hazırlıq əvəzinə 2 hazırlığa gedəcək. Başqa heç nə itirməyəcəyəm” mövqeyi ilə başlamışdıq.
“Mən əvvəl elə bilirdim dustaq həbsxanaya pulu bizim üçün gətirir, əlində nə var alırdıq. Sonradan gördüm ki, bunların da ehtiyacları var. Nə bilim insan haqları-minsan haqları” və “Düzdür əvvəl pul yığırdım, lazımı yerlərə də çatdırırdım, amma iki ildir eləmirəm. Əlimdəkiləri dövriyəyə buraxmışam. Nəsə qazansam oradan qazanıram”la bitirdik.
“Türmədə kəlmə-kəlmədir. Bir şeyi edəcəyəm dedimsə edəcəyəm”lə başlamışdıq, “Sən paqonun sözünə niyə inanırsan ki?” ilə bitirdik.
“Burada ölən dustağın xərci 100 manatdır – maşın pulu. Sabah özünü assan uzaq başı b..lığıma 2 saat gec gedəcəyəm”lə başlamışdıq, “Mən dustağı özümə qardaş bilirəm, Bakıdakı rəis-dustaq münasibətini başqa heç yerdə görə bilməzsən”lə bitirdik.
Akif Qurbanova və Əli Zeynalova məhkəmədən İlham Əliyevdən danışmamaq, mənə isə mediaya məlumat ötürməmək barədə hədə-qorxularla (məni ilk yazımdan sonra açıq şəkildə fiziki zorakılıqla hədələmişdi) başlamışdıq, amma hər hədə-qorxudan sonra bizim tonu daha da qaldırdığımızı gördüyü üçün artıq heç nəyə reaksiya verməməsi ilə bitirdik.
Elə mörtərizədən davam edək. Məni işgəncə maşını ilə hədələməsindən başlamışdıq, o işgəncə maşınının baş şilləvuranı Cavid Güləliyevin “Məndən o qədər yazı getdi ki, daha evdə də deyirlər bəsdir adam döydün” etirafı ilə bitirdik. Söyüşcül Elnur İsmayılovla başlamışdıq, “Bəli” və “Xeyr” istifadə edən Elnur İsmayılovla bitirdik.
Əslində bitirmədik. Ali Məhkəmə dövründə Elnur İsmayılovla yenidən görüşəcəyik. Güman edirəm ki, ardı var”.
Ramil Babayev