Avropa İttifaqı: 2026-cı ildə dünyada azı 15 jurnalist öldürülüb

Avropa İttifaqı. Foto: artjazz/shutterstock

Avropa İttifaqı jurnalistlərin öldürülməsi, işgəncəyə məruz qalması, təqib olunması, həbs edilməsi və peşə fəaliyyətlərinə görə ölkələrini tərk etməyə məcbur qalması ilə bağlı bəyanat yayıb.

Noyabrın 1-də Jurnalistlərə qarşı törədilən cinayətlərə görə cəzasızlığa son qoyulması üzrə Beynəlxalq Günlə bağlı Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, Avropa Komissiyasının icraçı vitse-prezidenti Henna Virkkunen və komissar Maykl Makqrat birgə bəyanat yayıblar.

Bəyanatda qeyd olunub ki, jurnalistlərə qarşı zorakılıq açıq, azad və demokratik cəmiyyətlərin təməl prinsiplərinə zərbə vurur. Dünyanın müxtəlif yerlərində jurnalistlər yalnız peşə fəaliyyətlərinə və hakimiyyəti hesabatlılığa çağırdıqlarına görə öldürülür, işgəncəyə məruz qalır, təqib olunur və həbs edilirlər.

“Jurnalistlərə qarşı hər hansı hücum və ya hədə-qorxu əməli təxirə salınmadan araşdırılmalıdır. Təqsirkarlar məsuliyyətə cəlb edilməlidirlər”, – bəyanatda bildirilib.

Aİ rəsmiləri jurnalistlərin təkcə silahlı münaqişə bölgələrində deyil, onlayn mühitdə də təzyiqlərlə üzləşdiyini vurğulayıblar. Onların sözlərinə görə, jurnalistlər qanunsuz müşahidə, nüfuzdan salma kampaniyaları, məhkəmə iddialarından sui-istifadə, iqtisadi təzyiqlər və xarici müdaxilələrlə üzləşirlər.

Bəyanatda qadın jurnalistlərin və qadın hüquq müdafiəçilərinin daha çox hədəfə alındığı da qeyd olunub.

Aİ rəsmiləri müstəqil medianın müdafiəsi istiqamətində dəstəyin davam etdiriləcəyini bildiriblər. Bəyanata əsasən, Avropa Komissiyası 2025-ci ilin sonunadək 56 ölkədə müstəqil medianı dəstəkləyən 100-dən çox layihəyə başlayıb. 2015-ci ildən fəaliyyət göstərən ProtectDefenders.eu mexanizmi vasitəsilə isə risk altında olan təxminən 13 min jurnalistə birbaşa yardım göstərilib. Onlardan 686-sı 2025-ci ildə dəstək alıb.

Aİ-nin istinad etdiyi məlumatlara görə, Beynəlxalq Jurnalistlər Federasiyası 2026-cı ildə indiyədək 15 jurnalistin öldürüldüyünü açıqlayıb. Jurnalistləri Müdafiə Komitəsi isə bu rəqəmi 34 göstərib.

Bəyanatda Aİ daxilində media azadlığının qorunması üçün qəbul edilmiş Avropa Media Azadlığı Aktına və jurnalistləri susdurmaq məqsədilə qaldırılan strateji məhkəmə iddialarına qarşı mübarizə tədbirlərinə də toxunulub.

Aİ rəsmiləri bütün dövlətləri jurnalistləri qorumağa, onlara qarşı törədilən cinayətləri araşdırmağa və məsul şəxsləri ədalət mühakiməsi qarşısında cavab verməyə çağırıblar.

“Jurnalistlər öz fəaliyyətlərini qorxu olmadan həyata keçirə bilməlidirlər. Cəzasızlığa son qoyulmalıdır”, – bəyanatda vurğulanıb.

Ana səhifə ▸ Siyasət ▸ Avropa İttifaqı: 2026-cı ildə dünyada azı 15 jurnalist öldürülüb