Əfqan Sadıqov səsləndirdiyi şüarlara görə məhkəmə zalından çıxarılıb

Jurnalist Əfqan Sadıqov

Noyabrın 3-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində jurnalist, Azel TV-nin baş redaktoru Əfqan Sadıqovun cinayət işi üzrə baxış iclası keçirilib.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, Əfqan Sadıqov məhkəmə zalına əlləri qandallı vəziyyətdə beş konvoy əməkdaşının müşayiətilə gətirilib və şüşə kabinə salınıb.

Vəkil Nemət Kərimli Əfqan Sadıqovun şüşə kabindən çıxarılması barədə vəsatət verib. Hakim Ənnağı Məmmədli vəsatəti təmin edib. Əfqan Sadıqov vəkilinin yanında əyləşdirilsə də, əllərindəki qandal açılmayıb.

Hakim Ənnağı Məmmədli iş üzrə yeddi nəfərin zərərçəkmiş şəxs kimi tanındığını, onlardan üçünün məhkəmə iclasında iştirak etdiyini bildirib.

Dövlət ittihamçısı Taleh Səfərov ittiham aktının nəticə hissəsini oxuyub.

Sadıqov ittihamda yazılanların hamısının yalan olduğunu deyib. O, jurnalist fəaliyyətinə görə Prezident İlham Əliyevin göstərişi ilə həbs olunduğunu deyib. Bundan sonra o, hakimin göstərişilə təkrar şüşə kabinə salınıb.

Dövlət ittihamçısı Sadıqovun özünü təqsirli bilmədiyini əsas gətirərək əvvəlcə zərərçəkmiş şəxslərin dindirilməsini istəyib. Zərərçəkmişlər də əvvəlcə ifadə vermək istədiklərini bildiriblər.

Vəkil Nemət Kərimli isə məhkəmə iclasının təxirə salınması barədə vəsatət verib. O, indiyədək müvəkkili ilə görüşə bilmədiyini və onunla konfidensial ünsiyyət qurmaq istədiyini deyib. Dövlət ittihamçısı vəsatəti əsassız adlandıraraq məhkəmə iclasının davam etdirilməsini istəyib.

Məhkəmə tərkibi müşavirədən sonra iclasın davam etdirilməsi barədə qərar qəbul edib. Əfqan Sadıqov qərara etiraz edib və vəkilinin vəsatətini dəstəkləyib. Hakim isə məhkəmənin artıq qərar qəbul etdiyini bildirib.

Sadıqov bunun məhkəmə olmadığını deyərək həbsinin Prezident İlham Əliyevin sifarişi ilə həyata keçirildiyini iddia edib. O, İlham Əliyevi və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevi “quldurlar” adlandırıb, “Rədd olsun diktatura!” və “Siyasi məhbuslara azadlıq!” şüarlarını səsləndirib.

Hakim onun məhkəmə zalından çıxarılmasını əmr edib. Konvoylar Sadıqovu itələyərək zaldan aparıblar. O, zorla çıxarıldığı zaman da eyni şüarları səsləndirməyə davam edib.

Bundan sonra vəkil Nemət Kərimli Əfqan Sadıqovun müdafiə hüququnun pozulduğunu bildirib və müvəkkili ilə ünsiyyət qurması üçün məhkəmə iclasının təxirə salınması barədə yenidən vəsatət verib. Hakim vəsatəti təmin edib.

Məhkəmə iclası noyabrın 16-sına təxirə salınıb.

Əfqan Sadıqov “Azel TV” onlayn xəbər saytının və eyniadlı “Youtube” kanalının təsisçisi və baş redaktorudur. O, Azərbaycan hakimiyyətinin tənqidçilərindəndir. Materiallarında əsasən korrupsiya halları, sosial problemlər və məmurların fəaliyyəti ilə bağlı tənqidi süjetlər yayımlayırdı.

Əfqan Sadıqov 2020-ci ilin mayında saxlanılaraq hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə 7 il azadlıqdan məhrum edilib. Həbsindən iki il sonra Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Azad olunduqdan sonra fəaliyyətini davam etdirən jurnalist, təzyiqlər səbəbindən 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana köçüb.

2024-cü ilin mayında Azərbaycanda ona qarşı yenidən hədə-qorxu ilə tələb etmə ittihamı ilə cinayət işi başlanıb. O, həmin ilin avqustunda Azərbaycanın göndərdiyi ekstradisiya sorğusu əsasında Gürcüstanda saxlanılsa da, Avropa İnsan Hüquqları Məhkəməsinin qadağası ilə 2025-ci ilin aprelində girov müqabilində sərbəst buraxılıb.

Azərbaycan Baş Prokurorluğu 2026-cı il aprelin 1-də Əfqan Sadıqov barəsindəki cinayət işinin icraatını dayandırıb. Avropa İnsan Hüquqları Məhkəməsinin ekstradisiya qadağası qərarı səbəbindən jurnalisti birbaşa Azərbaycana təhvil verə bilməyən Gürcüstan hakimiyyəti isə “alternativ hüquqi yola” əl atıb. Bundan dərhal sonra, aprelin 4-də jurnalist Tbilisidə Gürcüstan polisi tərəfindən “polis əməkdaşını təhqir etmə” ittihamı bəhanə edilərək inzibati qaydada saxlanılıb və məhkəmə qərarı ilə aprelin 5-də Azərbaycana deportasiya edilib.

Azərbaycana qaytarıldıqdan bir müddət sonra Əfqan Sadıqov barəsində 2024-cü ildə açılmış köhnə hədə-qorxu ilə tələb etmə işi üzrə istintaq bərpa edilib və məhkəmə qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Jurnalist özü bu ittihamları qəbul etmir, həbsinin siyasi olduğunu deyir.

Yerli hüquq müdafiəçilərinin son hesabatına görə, hazırda Azərbaycanda 322 siyasi məhbus var. Beynəlxalq təşkilatlar bu həbsləri tənqidçiləri susdurmağa yönəlmiş “qisas tendensiyası” adlandırır və onların azad olunmasını tələb edir. Rəsmi Bakı isə ölkədə siyasi məhbus olmadığını, həmin şəxslərin konkret cinayət əməllərinə görə cəzalandırıldıqlarını bildirir.

Ana səhifə ▸ Siyasi işlər ▸ Əfqan Sadıqov səsləndirdiyi şüarlara görə məhkəmə zalından çıxarılıb