“Toplum TV işi” üzrə 12 il azadlıqdan məhrum edilmiş jurnalist Fərid İsmayılov son günlərdə mediada bəzi jurnalislərə qarşı Meydan TV-yə yazı göndərib.
Yazını olduğu kimi təqdim edirik.
“Son günlərdə hökumətin nəzarətində olan media qurumlarının əməkdaşları ard-arda hücumlara məruz qaldılar. DİN insidentlərlə bağlı cinayət işi başlatdı, Media və Yayım Şurası (MYŞ) isə bəyanat yaydı.
DİN özü son 3 ildə azı 20 jurnalisti oğurlayaraq həbs edib, onlara zorakılıq göstərib. MYŞ baş verən bu şərləmələrə susub. Jurnalist Elmar Hüseynovun qatili (qatilləri) hələ də cəzalandırılmayıb (cəzalandırılmayıblar), MYŞ bu cinayət işinin nəticəsini tələb etmir. Beynəlxalq təşkilatlar həbsxanalarda girov saxlanılan jurnalistlərin azadlığını tələb edir, MYŞ bir dəfə də olsun bəyanat yaymır.
MYŞ baş verən “mirzə” döyülmələrini “cəmiyyətin məlumat almaq hüququna təhdid” kimi qiymətləndirir. Lakin reallıq fərqlidir. Hər gün vətəndaşı təhqir edən, onun haqqının tapdalanmasını malalayan “mirzələrə” cəmiyyət belə reaksiya verir.
“Jurnalist toxunulmazdır” tezisinin qırılmasında aktiv iştirak edən “mirzələr” bu gün özləri hədəfə çevrilirlər. Cəmiyyətdən istədikləri dəstək isə əbəsdir. Cəmiyyət bu gün onun səsi olmayan hakimiyyət “mirzələrini” söz, qələm əhli hesab etmir. Buna görə də bu cür zorakı reaksiya ortaya çıxır.
Media və Yayım Şurası, həbsxanalarda girov saxlanılan azad söz keşikçiləri haqda nə zaman səsiniz çıxacaq? Sualım ritorikdir. Çünki sizə azad söz lazım deyil. Yumruğu atan da, buna şərait yaradan da özünüzsünüz”.