AbzasMedia-nın 9 il müddətinə azadlıqdan məhrum edilmiş direktoru Ülvi Həsənli saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza kamerasına (karser) salınıb.
Bu barədə Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva sosial media hesabında məlumat yayıb.
“Bu gün Ülvi ilə zəng günümüz idi və o, zəng etməyib. Aldığım məlumata görə, Ülvini noyabrın 2-də karsa salıblar. Ülvini bir müddətdir AbzasMedia-da gedən yazılara görə 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi təhdid edir. Emin Cəfərovun sifarişi ilə müavini Kamran Şahsuvarov dəfələrlə Ülvini təhdid edib və provokasiyaya çəkib”, – Rübabə Quliyeva yazıb.
Rübabə Quliyeva bildirib ki, noyabrın 1-dəki son görüşləri zamanı Ülvi Həsənli də müəssisə rəisinin müavini Kamran Şahsuvarovun onu hədələdiyini deyib.
“Ülvi bildirdi ki, müavin Kamran Şahsuvarov dəfələrlə onu hədələyib, digər məhbusları ona qarşı qızışdırıb, aralarında narazılıq yaradır. Bundan əlavə, nə uşaqla (Ülvinin övladı- red.) normal görüşə şərait yaradılır, nə də qanunla bütün məhbuslara verilən görüntülü zəngə icazə verirlər”, – paylaşımda deyilir.
Rübabə Quliyeva 10 saylı Cəzaçəkmə Müəssisəsində korrupsiya və digər qanunsuzluqların olduğunu da iddia edib:
“Həbsxana rəisi Emin Cəfərov birinci növbədə müəssisədə baş verən qanunsuzluqları, rüşvətxorluğu həll etsin. İstilik sistemindən tutmuş elementar oturacağa görə məhbuslardan pul yığılır, rüşvətxorluq və qanunsuzluq baş alıb gedir. Ombudsman Aparatı da buna göz yumur”.
Penitensiar Xidmət şikayətə münasibət bildirməyib.
AbzasMedia-nın direktoru Ülvi Həsənli 2023-cü il noyabrın 20-də saxlanılıb. Daha sonra “AbzasMedia işi” çərçivəsində nəşrin baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova, həmçinin AzadlıqRadiosu-nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs olunublar.