Noyabrın 2-də dünyada Jurnalistlərə qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Günü qeyd olunur.
“Sərhədsiz Reportyorlar” (RSF) təşkilatı 2026-cı ildə jurnalistlərə və informasiya azadlığına hücum edən 33 “mətbuat azadlığı düşməni”nin profilini hazırlayıb.
Qurum siyahıda olanları mətbuat azadlığına nifrətin birləşdirdiyini yazır.
“Onların metodları fərqlənsə də, məqsədləri eynidir: müstəqil media səslərini susdurmaq, xəbər və informasiya hüququnu tapdalamaq. Sükutu təmin edən vasitələr isə qətl, həbs, şantaj, propaqanda, troll ordusudur”, – RSF bildirir.
Təşkilatın builki siyahısı beş kateqoriyaya bölünüb: siyasi, təhlükəsizlik, hüquqi, iqtisadi və sosial. RSF bu bölgünü Dünya Mətbuat Azadlığı İndeksinin göstəriciləri əsasında aparıb.
Siyasi kateqoriyada Azərbaycan Prezidenti İlham Əliyev, Belarus lideri Aleksandr Lukaşenko, Rusiya Prezidenti Vladimir Putin, Nikaraqua rəhbərliyi Daniel Orteqa və Rosario Murilyo, Əfqanıstanın ali lideri Hibətullah Axundzadə, Uqanda ordusunun komandanı Muhoozi Kainerugaba və ABŞ Prezidenti Donald Tramp yer alıb.
RSF təhlükəsizlik kateqoriyasına İsrail silahlı qüvvələrini, Çin Kommunist Partiyasını, Meksikadakı Xalisko Yeni Nəsil kartelini və digər kartelləri, Burkina-Fasonun hərbi xuntasını, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanı, Misir Prezidenti Əbdülfəttah əs-Sisini, Konqo Demokratik Respublikasında fəaliyyət göstərən M23 silahlı qruplaşmasını və Qvineyada Mamadi Dumbuyanın rəhbərlik etdiyi hərbi xuntanı daxil edib.
Hüquqi kateqoriyada ABŞ Federal Rabitə Komissiyasının sədri Brendan Karr, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Honkonqun rəhbəri Con Li Ka-Çiu, Rusiyanın media və telekommunikasiya sahəsinə nəzarət qurumu – Roskomnadzor, Hindistanın “Adani Group” şirkətlər konqlomeratı və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin adları var.
RSF iqtisadi kateqoriyada ABŞ-nin texnologiya nəhəngləri Alphabet və Meta, Gürcüstanın milyarderi Bidzina İvanişvili, Rusiyalı media meneceri Vladimir Tabak, fransalı iş adamı Vinsent Bollore və Keniyanın Prezidenti Uilyam Rutonu qeyd edib.
Sosial kateqoriyada milyarder İlon Mask, İsraildə fəaliyyət göstərən Honest Reporting təşkilatı, Slovakiyanın Baş naziri Robert Fitso, Argentina Prezidenti Xavyer Miley, Rusiyanın RT telekanalının baş redaktoru Marqarita Simonyan, Hindistanın OpIndia media platforması və Burkina-Fasonun BIR-C bölməsi daxil edilib.
RSF bildirir ki, siyahıdakı şəxslər və təşkilatlar jurnalistikanı susdurmaq üçün fərqli üsullardan istifadə edirlər. Bunlara fiziki zorakılıq, həbs, hüquqi təzyiq, maliyyə məhdudiyyətləri, dezinformasiya və rəqəmsal hücumlar daxildir.
Təşkilatın baş direktoru Tibo Brutten siyahını mətbuata qarşı hücum və pozuntuların ən pis nümunələrini göstərən, ironik üslubda hazırlanmış “mükafatlandırma” siyahısı kimi xarakterizə edib. O, siyahının subyektiv xarakter daşıdığını, lakin orada yalnız il ərzində mediaya qarşı məqsədli hücumlar həyata keçirdiyi bildirilən şəxslərin və qurumların yer aldığını vurğulayıb.
RSF-in məlumatına görə, siyahı Dünya Mətbuat Azadlığı İndeksini tamamlayır: indeks ölkələrdə mətbuat azadlığının vəziyyətini qiymətləndirirsə, “mətbuat azadlığı düşmənləri” siyahısı bu azadlığın məhdudlaşdırılmasına görə məsuliyyət daşıyan aktorları önə çıxarır.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Sonradan çoxunun ittihamı ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 322 siyasi məhbus var.
Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar. Amma beynəlxalq insan haqları qurumları da hakimiyyəti azad səslərə qarşı təqibləri dayandırmağa, haqsız tutulanları buraxmağa çağırır.