Etnik tədqiqatçı İqbal Əbilov 1 il müddətinə qapalı həbsxanaya göndərilir

İqbal Əbilov – Foto: Facebook hesabı

“Talış Milli Akademiyasının xəbərləri” jurnalının baş redaktoru, həbsdə olan tədqiqatçı İqbal Əbilov 1 il müddətinə qapalı tipli cəzaçəkmə müəssisəsinə köçürülür.

Onun Hüquqlarının Müdafiə Komitəsinin verdiyi məlumata görə, noyabrın 2-də Qaradağ rayon Məhkəməsində Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsinin İqbal Əbilovun 3 il müddətinə qapalı tipli həbsxanaya göndərilməsi ilə bağlı təqdimatına baxılıb.

Məlumatda bildirilir ki, hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən məhkəmə prosesinə 12 saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi onlayn qoşulub.

Məhkəmədə talış dilində çıxış edən İqbal Əbilov cəzaçəkmə müəssisəsinin ona qarşı irəli sürdüyü intizam pozuntusu iddialarının əsassız olduğunu, bir sıra cəza qərarları ilə bağlı ondan ümumiyyətlə izahat alınmadığını vurğulayıb. Gənc tədqiqatçı ona qarşı yönələn iddiaların yoxlanılması üçün digər məhkumların şahid qismində dindirilməsini və müşahidə kameralarının görüntülərinin araşdırılmasını istəyib.

İqbal Əbilov çıxışında həmçinin cəzaçəkmə müəssisəsində ona qarşı tətbiq olunan təzyiqlərin talış dilində danışması və ana dilində şeir yazılmış köynək geyinməsi ilə əlaqəli olduğunu qeyd edib:

“Bunlar mənim ifadə azadlığımı pozur, mənim və ana dilimin diskriminasiyaya məruz qaldığını sübut edir”.

O, həmçinin cərimə kamerasında (karserdə) saxlanıldığı müddətdə səhhətinin pisləşdiyini, tibbi yardım və müayinə tələblərinin təmin edilmədiyini bildirib.

Məhkəmə Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsinin təqdimatını qismən təmin edərək İqbal Əbilovun 1 il müddətinə qapalı tipli həbsxanaya göndərilməsi barədə qərar qəbul edib.

İqbal Əbilova 2025-ci il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində 18 il həbs cəzası verilib. Belarusda yaşayan tədqiqatçı 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına səfəri zamanı saxlanılıb. Həbsindən sonra hökumətyönlü mediada yayılan materiallarda onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi iddia olunub. O, Cinayət Məcəlləsinin dövlətə xəyanət, dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların tapşırığı ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması maddələri ilə ittiham olunub.

İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi onun siyasi fəaliyyətlə məşğul olmadığını, yalnız elmi araşdırmalar apardığını və mədəni irsin qorunması ilə məşğul olduğunu bildirib.

Müxtəlif beynəlxalq insan haqları təşkilatları, o cümlədən Birləşmiş Millətlər Təşkilatının məruzəçiləri İqbal Əbilovu siyasi məhbus kimi tanıyıblar.

Ana səhifə ▸ Siyasi işlər ▸ Etnik tədqiqatçı İqbal Əbilov 1 il müddətinə qapalı həbsxanaya göndərilir