Naxçıvanda hicabla bağlı video paylaşan iki nəfərin saxlanıldığı bildirilir

Fotokollaj: Meydan TV

Naxçıvanda iki nəfərin övladlarının hicabla məktəbə buraxılmamasına etiraz etdikləri üçün saxlanıldığı bildirilir.

Bu barədə Meydan TV-yə saxlanılan şəxslərin yaxınları məlumat veriblər.

Onların sözlərinə görə, Nehrəm kənd sakini Məhəmməd Mirəli oğlu Seyidov və Naxçıvan şəhər sakini Elvin Nəcəfqulu oğlu Abbasov oktyabrın 13-də saxlanılıblar.

Yaxınları bildirirlər ki, hər iki şəxs övladlarının hicabla məktəbə buraxılmamasından narazı qalıb. Onlar bununla bağlı video çəkərək “WhatsApp” vasitəsilə paylaşıblar.

İddiaya görə, həmin videoların yayılmasından sonra Məhəmməd Seyidov və Elvin Abbasov saxlanılıblar.

Onların hansı qurum tərəfindən və hansı əsasla saxlanıldığı məlum deyil. Həmçinin barələrində inzibati və ya cinayət işi başlanıb-başlanmadığı barədə rəsmi açıqlama verilməyib.

Hicab qadağası ilə bağlı etirazlar fonunda onlarla şəxs saxlanılıb

Sentyabrın 21-də Nazirlər Kabineti dövlət məktəblərində şagirdlərin geyim qaydalarına dəyişiklik edib. Yeni qaydalara əsasən, vahid məktəbli formasının görünüşünü pozan və təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementlərindən istifadəyə icazə verilmir.

Qərarda hicabın adı birbaşa çəkilməsə də, dəyişikliklər dindar vətəndaşların bir hissəsinin etirazına səbəb olub. Sosial şəbəkələrdə hicablı şagirdlərin məktəbə buraxılmadığı barədə məlumatlar yayılıb.

Oktyabrın 12-də Daxili İşlər Nazirliyi məktəblərdə geyim qaydaları ilə bağlı yaranan etirazlar zamanı 37 nəfərin həbs edildiyini açıqlayıb. Nazirlik həmin şəxsləri təhsil müəssisələrinin fəaliyyətinə mane olmaqda və ictimai qaydanı pozmaqda ittiham edib. Faktla bağlı Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi başlanıb.

Həmin gün axşam saatlarında Bakıda “28 May” metro stansiyası yaxınlığında 200-dən çox şəxsin saxlanıldığı barədə də məlumatlar yayılıb. Lakin bu rəqəm rəsmi təsdiqini tapmayıb.

Geyim qaydalarına edilən dəyişikliklər Türkiyədə də müzakirələrə səbəb olub. Oktyabrın 12-də Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılmasını tənqid edib.

Oktyabrın 13-də hakim Yeni Azərbaycan Partiyası Saralın və Türkiyənin hakim partiyasından olan bəzi deputatların açıqlamalarını “populist və məsuliyyətsiz” adlandırıb.

Ana səhifə ▸ Xəbərlər ▸ Naxçıvanda hicabla bağlı video paylaşan iki nəfərin saxlanıldığı bildirilir